Vilyam Hacıyevin əvvəli və sonu - oğurladığı milyonları yeyə bilmədi...

Vilyam Hacıyevin əvvəli və sonu - oğurladığı milyonları yeyə bilmədi... Vilyam Fərhalı oğlu Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. “Yeni Müsavat” xəbər verir ki, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Onun mayın 5-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi anti-korrupsiya əməliyyatı zamanı iş otağında saxlanıldığı xəbəri yayılmışdı. V.Hacıyevlə birlikdə müavinləri də saxlanılıb.

Vilyam Hacıyev mayın 6-da günün ikinci yarısında məhkəməyə gətirilib.

Səbayel rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb və sabiq başçının barəsində həbs qətimkan tədbiri seçilib.

Amma onun həbsinin detalları ilə bağlı “Yeni Müsavat” çapa gedənə qədər rəsmi informasiya yayılmamışdı.

Belə məlum olur ki, Vilyam Hacıyev bütün bu illər ərzində özünə nəhəng sərvət toplayıb, onun çoxsaylı mənzilləri, malikanələri, kommersiya, daşınmaz əmlakı, torpaq sahələri və s. var.

Ötən gün mətbuatda sabiq icra başçısının sərvətinin siyahısı yayılıb. V.Hacıyevin Bakıda, Həsən Əliyev küçəsində villası, “Sahil” metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzili, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzili, Teymur Əliyev küçəsi “Milyonerlər məhəlləsi”ndə qiyməti 25 milyon manat civarında olan villası olduğu deyilir.

Həmçinin İmişlidə H. Əliyev küç. ev 126 ünvanında mənzil, Gəncədə Yeni Gəncə küç. ev 53 ünvanında mənzil, Dubayda milyonluq biznesi haqda məlumatlar tirajlanıb.

Habelə, Qazaxıstanda tikinti biznesi, İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur.

Eyni zamanda Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olan oğlu Məhəmməd Hacıyevin avtomobil kolleksiyası açıqlanıb. Sabiq başçı oğlunun 10-PP-369 dövlət nömrə nişanlı “Bentley”, eyni nömrə nişanlı “Land Rover”, 90-AA-369 dövlət nömrə nişanlı “Mercedes S class” və son model “Mercedes Gelandewagen” maşını olduğu iddiaları yer alıb. Keçmiş başçı isə bu qədər sərvətin qarşılığında kirayədə yaşadığını iddia etmişdi.

Ümumiyyətlə, V.Hacıyev İmişlidə əlini ağdan qaraya vurmamış, rayonun abadlaşması üçün əsaslı işlər həyata keçirməmişdi. Eyni zamanda sahibkar Niyaz Niyazov uzun müddətdir İmişli İH rəhbərindən hər yerə şikayət yazırdı.

Sahibkar şikayətində Vilyam Hacıyevin ona məxsus sahəni zəbt etdiyini, lakin kompensasiya ödəməkdən boyun qaçırdığını deyir.

V.Hacıyevin daha bir nəfərə - Samux rayonunda fəaliyyət göstərən “Samir İstehsal” MMC-nin direktoru Nəsirulla Nəzərova da külli miqdarda borclu olduğu icra başçısı barədə yayılan xoşagəlməz xəbərlər sırasındadır. Qeyd olunur ki, bu borc da sahibkarın Samuxda gördüyü abadlıq işləri hesabına yaranıb.

“Deyirəm, 4 övladımla acından ölürük, körpəyə süd ala bilmirəm. İcra başçısı mənə deyir ki, dünyaya gətirməzdin, necə dünyaya gətirmisən, elə də bax. Bu, başçıya yaraşan sözlərdir?” Bu sözləri isə mətbuata İmişlinin Rəsullu kəndində yaşayan 30 yaşlı Günel Abdullayeva şikayətində bildirmişdi. Görünür ki, ondan narazılıqlar kifayət qədər imiş.

İmişlinin deputatı Razi Nurullayev isə Musavat.com-un canlı yayınında bildirib ki, son günlər yol verdikləri nöqsanlara görə vəzifəsindən azad edilən icra başçılarının həbs edilməsini istəməzdi.

Onun sözlərinə görə, həbslər heç nə vermir, maliyyə amnistiyası olmalıdır: “Hesab edirəm ki, hər bir deputat bu fikirdədir. Maliyyə amnistiyası olmalıdır. Saxlanılan hər bir icra başçısının qarşısına şərt qoyulmalıdır. Onlar yığdıqları mülklər, pullar hesabına fabriklər, zavodlar açmalı, işsiz vətəndaşları işlə təmin etməlidir.

Bu günə qədər yığdıqlarını xalq üçün xərcləsin, sərf etsin. Hesab edirəm ki, o icra başçılarının həbsindənsə, bu kimi işlərə cəlb edilməsi daha məqsədəuyğundur".

R.Nurullayev aztəminatlı şəxslərə dövlət tərəfindən verilən kompensasiyaların mənimsənilməsinin bağışlanmaz olduğunu deyib.

Xatırladaq ki, V.Hacıyev 1999-2002-ci illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq və müdafiə məsələləri şöbəsinin müdiri, 2002-2004-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, 2004-2006-cı illərdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 14 aprel 2012-ci il tarixdən İmişlinin başçısı idi.
“Yeni Müsavat”
Geri qayıt