Əli Abbasovla İltimas Məmmədov Vidadi Zeynalovun yanında niyə əyləşmədilər?

Əli Abbasovla İltimas Məmmədov Vidadi Zeynalovun yanında niyə əyləşmədilər? Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun məhkəməsində ciddi faktlar açıqlanır

Nazirliyin milyonları necə silib-süpürməsi, büdcə vəsaitlərinin tender oyunlarında talan edilməsi, irimiqyaslı maxinasiya əməliyyatlarının üstü açılır.

Eləcə də aparat rəhbəri və digər təqsirləndirilən vəzifəlilər təlimatların rabitə naziri Əli Abbasovdan, MTN rəhbəri Eldar Mahmudovdan gəldiyini etiraf edirlər.

Məlumata görə, V.Zeynalov və digər rabitəçilərin açıqladığı faktlar sabiq nazirlərin həbsinə kifayət edir. Amma keçmiş rabitəçilər eks-nazirsiz mühakimə olunurlar.

V.Zeynalovun nazirin əmrlərinə, təlimatlarına tabe olması, onun tapşırıqlarına boyun əyməsi və bu mənimsəmələrdə Ə.Abbasovun iştirak etdiyini deməsi sıradan bir olay kimi xəbər lentində keçir.

Rabitə işi üzrə nizam-tərəzinin pozulması, femidanın ayaqlar altına atılması, mühakimənin birtərəfli qaydada aparılması göz qabağındadır. Əgər V.Zeynalovun nazirlikdəki cinayətlərdə rolu varsa, Ə.Abbasovun günahı ondan az deyil.

Bunu bir xəbər portalı olaraq iddia etmək fikrindən uzağıq. Lakin sabiq aparat rəhbərinin həm istintaqa dedikləri, həm məhkəmə-istintaqı zamanı açıqladıqları keçmiş nazirin həbsini şərtləndirir.

İstənilən halda Ə.Abbasovla bağlı irəli sürülən ittihamlar və mənimsəmə faktları araşdırılmalı idi. Ancaq nazir MTN hadisələrindən irəli gələn bu həbslərdən kənarda saxlandı.

Bir müddət əvvəl onun barəsində cinayət işi başlandığı haqda xəbərlər dolaşsa da, təsdiqini tapmadı. V.Zeynalov isə “günah keçisi” kimi bu prosesin qurbanı oldu. Eləcə də hazırda nazir müavini olan İltimas Məmmədov da bu işdən sivişib çıxa bildi.
“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində hazırda nazir müavini işləyən İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini deyib.

B.Hüseynovun dediyinə görə, həmin pul BTRİB-in və nazirliyin digər strukturlarının vəzifəli şəxslərinin xərclərin şişirdilməsi, mənimsəmə və digər korrupsiya əməlləri nəticəsində keçmiş nazir Əli Abbasovun formalaşdırdığı “ümumi xəzinə”yə topladıqları pullardan verilib.

İltimas Məmmədov barəsində məhkəmədə və istintaqda səsləndirilən ittihamlara cavab vermək əvəzinə medianın bu barədə suallarına susmaqla qarşılıq verir. İ.Məmmədov ittihamlarla bağlı danışmaq niyyətində olmadığını deyib.

Vaxtaşırı bu iş üzrə məktublar ünvanlanır, Zeynalovu tanıyanlar tərəfindən şərhlər göndərilir.

Məlum olur ki, sabiq aparat rəhbəri şəxsi keyfiyyətlərinə görə humanist, səxavətli, xeyirxah biri olub. Onun aztəminatlı ailələrə, kimsəsizlərə, xəstə və yaşlı insanlara əl tutduğu, təbiətcə mülayim biri olduğu söylənir.

Məktublarda deyilir ki, V.Zeynalovun işi obyektiv və ədalətli araşdırılmalı, bu qanunsuz hərəkətlərdə əli olan Əli Abbasovun rolu təftiş edilməlidir. Yaxınları məhkəmədən ədalətli hökm gözlədiklərini də gizlətmirlər.

Onların sözlərinə görə, ittiham aktı ilə tanışlıq və istintaqa verilən ifadələrdən hasil olan nəticə bundan ibarətdir ki, Ə.Abbasov V.Zeynalovun yanında əyləşməlidir. Hər halda bu, onun yaxınlarının qənaətidir.

Onlar qeyd edirlər ki, sabiq aparat rəhbəri yüzlərlə insana yaxşılıq edib, dövlətçiliyə sadiq olub, prezidentin daxili siyasi kursuna sədaqətlilik nümayiş etdirib və nazirin əmrlərini yerinə yetirib.

Onu da deyək ki, V.Zeynalov özünü ittiham aktı üzrə təqsirli bilmir. Hətta Vidadi Zeynalov “Medianın dostu” mükafatına layiq görülüb. Onun yaxınları bu məqamların nəzərə alınaraq məhkəmənin ədalətli iş aparacağı və hökm çıxaracağına ümid edir.
Geri qayıt