Ramiz Mehdiyev direktoru işdən niyə çıxardı? – Qalmaqallı qiymət artımı

Ramiz Mehdiyev direktoru işdən niyə çıxardı? – Qalmaqallı qiymət artımı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanovanın vəzifəsindən azad edilməsi kitabxana xidmətlərinin bahalaşması ilə bağlı ola bilər.

Yenisabah.az xəbər verir ki, bu günlərdə AMEA-da kitabxanaya illik abunənin 150 manata qaldırılması ilə bağlı narazılıq yaranmışdı. Tələbələr həmçinin oxumaq üçün şəraitin azlığından əziyyət çəkdiklərini bildirmişdilər.

"Əvvəllər illik ödənişi beş manat olan AMEA kitabxanası əvvəlcə qiyməti 100 manata, bu yaxınlarda isə 150 manata qaldırıb. İndi aylıq ödəniş 15 manat olub. Həmçinin, əvvəl aylıq ödənişə 27 iş günü daxil idi, indi isə bunu 20 günə endiriblər. Sadəcə oturub dərs oxumaq üçün 20 günə 15 manat ödəməliyik, bu isə tələbələr üçün kifayət qədər böyük məbləğdir. Biz tibb tələbələri olaraq özümüzü daha çox inkişaf etdirmək, səhiyyəmizə, xalqımıza daha çox fayda verə bilmək üçün günün 12 saatını kitabxanada keçiririk. Tək istəyimiz dərs oxumaq üçün daha şəraitli kitabxana və bunun hər kəs üçün əlçatan olmasıdır", - deyə Tibb Universitetinin tələbələrindən biri Gülzar Qamboyzadə vurğulamışdı.

Bu məsələ AMEA-nın prezidenti Ramiz Mehdiyevin aktivinə yazılmışdı. Tələbələr daha çox Leyla İmanovanı ittiham etsə də, qiymətlərin Ramiz Mehdiyevin əmrilə qaldırıldığı barədə rəy formalaşmışdı.

Ehtimal olunur ki, AMEA prezidenti Leyla İmanovanı işdən çıxarmaqla bu məsələdə hər hansı rolunun olmadığını nümayiş etdirmək istəyir. Lakin Leyla İmanovanın da özfəaliyyətlə məşğul olduğu bir qədər inandırıcı görünmür. Ramiz Mehdiyev Leyla İmanovanı işdən çıxarmaqla yanaşı, qiymət məsələsinə də yenidən baxarsa, o zaman bahalaşmanın AMEA prezidentindən xəbərsiz baş verdiyinə inanmaq olar.
Geri qayıt