Konstitusiya Məhkəməsi sabah iki dairənin nəticəsini ləğv edə bilər - Gözlənti

Konstitusiya Məhkəməsi sabah iki dairənin nəticəsini ləğv edə bilər - Gözlənti Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası fevralın 25-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərə yekun vurub və ümumi yekunlara dair protokolu tərtib edib. Sonra isə yekun sənədi hüquqi qüvvəyə minməsi üçün Konstitusiya Məhkəməsinə göndərib. Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərə dair Mərkəzi Seçki Komissiyasının və dairə seçki komissiyalarının protokolları fevralın 26-da Konstitusiya Məhkəməsinə daxil olub.

Konstitusiya Məhkəməsinin Plenumu müvafiq prosedurları həyata keçirməklə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi konstitusiya icraatında seçkilərin nəticələrinə dair qərar qəbul edəcək. Gözlənilir ki, Konstitusiya Məhkəməsi sabah iki dairənin nəticəsini ləğv etsin.

Seçki Məcəlləsinin 171.1, 171.3, 171.4-cü maddələrinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkilərin yekunlarını və nəticələrini yoxlayaraq təsdiq etməlidir.

Hazırda MSK-nın elan etdiyi nəticələrin mövcud reallıqları nə dərəcədə əks etdirib-etdirmədiyi, eləcə də Konstitusiya Məhkəməsinin rəyinin necə olacağı ekspert dairələrində ciddi müzakirə mövzusudur. Konstitusiya Məhkəməsinin qərarının fərqli ola biləcəyini, bəzi dairələrdə nəticələrin ləğv edilə biləcəyini də, MSK-nın elan etdiyi yekun rəyin olduğu kimi saxlanacağını da düşünənlər az deyil. Bəzi siyasi ekspertlər iddia edir ki, Konstitusiya Məhkəməsi seçki pozuntuları ilə bağlı daha çox şikayət və narazılıqların olduğu dairələrdən birində və ya ikisində seçkinin nəticələrini etibarsız sayacaq, digər dairələrdə seçkinin nəticələrini təsdiq edəcək. Hansısa bir-iki dairədə nəticələr ləğv edilsə belə, bu, bütövlükdə ölkə üzrə seçkinin nəticələrinə təsir etməyəcək. Onu da bildirək ki, indiyə qədər heç bir seçki ilə bağlı Konstitusiya Məhkəməsinin tarixində nəticələri ləğv etmək təcrübəsi olmayıb.

Xatırladaq ki, fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 4 seçki dairəsinin nəticələri MSK tərəfindən etibarsız sayılıb. Bu dairələr 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələridir.

MSK-nın ilkin açıqladığı nəticələrə görə, həmin dairələrdə müvafiq olaraq, Hüseynbala Mirələmov, Rauf Abbasov (Arifoğlu), Hadi Rəcəbli və Çingiz Qənizadənin qalibiyyəti elan edilmişdi.

Dairələrin nəticələrinin etibarsız sayılması ilə artıq əlavə seçkinin keçirilməsinə zərurət yaranıb.

Seçki Məcəlləsinin tələbinə görə, nəticələri ləğv edilmiş dairələrdə əlavə seçkilər keçirilməlidir. MSK katibi Mikayıl Rəhimov bildirib ki, qanuna görə əlavə seçkiləri ölkə prezidenti təyin edir. Məhz prezidentin bu barədə qərarından sonra seçkinin günü bəlli olacaq. Prezidentin əlavə seçkiləri təyin etməsi üçün isə qanunda konkret müddət əksini tapmayıb.

Bir sıra siyasi analitiklər isə hesab edir ki, Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini təsdiq etməsindən və yeni Milli Məclisin fəaliyyətə başlamasından bir müddət sonra boş dairələrdə əlavə seçkilər keçirilməsi barədə qərar veriləcək.

Dairə seçki komissiyalarından və Mərkəzi Seçki Komissiyasından narazı olan şəxslərin məhkəmələrə müraciəti də nəticələnməlidir. Konstitusiya Məhkəməsi Apelyasiya və Ali Məhkəmənin qərarlarını toplayıb, əlində cəmləməlidir. Konstitusiya Məhkəməsi bütün 125 seçki dairəsinin hamısında seçkilərin necə keçirilməsini, DSK və MSK-nın addımlarını, məhkəmələrin qərarlarını incələdikdən sonra martın 5-də yekun qərar veriləcək. Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq etdikdən sonra yeni Milli Məclisin ilk iclası uzağı bir həftə ərzində keçirilməlidir.

Seçki Məcəlləsinin 1-1.-ci maddəsinə əsasən, Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra parlamentin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır. Seçki Məcəlləsinin 2-ci maddəsinə əsasən, Milli Məclisin növbəti çağırışlarının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır.

Milli Məclisin birinci iclasında sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin sədri və onun müavinləri seçilir, bununla da Milli Məclisin növbəti çağırışlarının birinci iclası işini bitirir.
“Yeni Müsavat”
Geri qayıt