"Bank Respublika”nın sahibinin oğlunun ölüm səbəbi nədir? - Antibiotik, yoxsa şpris?..

"Bank Respublika”nın sahibinin oğlunun ölüm səbəbi nədir? - Antibiotik, yoxsa şpris?.. Azərbaycana dərman və tibbi ləvazimatlar idxal edən işbaz monopolistlərin ölkə səhiyyəsinə və əhalinin sağlamlığına vurduğu ziyan barədə çox yazılsa, deyilsə də bu sahədə hələ ki, lazımi qayda-qanun yaradılmayıb. Bu sahədəki dərəbəyliyin ağır fəsadlarına isə demək olar ki, hər gün rast gəlinməkdədir.

Ötən gün “Bank Respublika”nın sahibi Natiq Quliyevin 15 yaşlı oğlunun qəfil ölümü bu mövzunu yenidən gündəmə gətirdi. Hadisə ilə bağlı yayılan məlumatda deyilirdi ki, axşam saatlarında yeniyetmənin hərarəti artıb. Ona ev şəraitində iynə vurulub. Mərhum iynədən sonra aneflaktik şok keçirib. Dərhal özəl xəstəxanadan təcili yardım çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə bildirib ki, Təcili Tibbi Yardıma çağırış axşam saatlarında gəlib: “Evdə uşağa təcili yardım gəlmədən antibiotik vurulub. Bu zaman uşaq anafilaktik şok keçirib. Yeniyetmənin 15 yaşı var”.

Hazırda sözügedən hadisə ilə bağlı araşdırma aparılır. Lakin 15 yaşlı yeniyetmənin iynə vurulduqdan sonra niyə anafilaktik şok keçirdiyi açıqlanmır.

Gəncin ölümünə ona vurulan antibiotikin, yoxsa şprisin səbəb olması barədə bağlı hələlik dəqiq bir m'lumat yoxdur.

Hətta “AzPolitika.info”-ya verilən məlumata görə, ölümə gəncə vurulan antibiotikin səbəb olmasına az ehtimal verilir. Gəncin iynədən sonra anafilaktik şok keçirməsinin daha çox ona iynə vurulan zaman Çində istehsal olunan keyfiyyətsiz və saxta şprislərdən istifadə edilməsilə bağlı ola biləcəy ehtimal edilir.

Hansı ki, bu şprislərin bəzilərinin mikrob daşıyıcısı olduğuna, bəzilərinin isə müəyyən qarşıqlarla birlikdə vurulmasının insan həyatına təhlükə yaratdığına dair iddialar var.

Bu haqda məlumat verməzdən öncə qeyd edək ki, “AzPolitika.info”-da bir müddət əvvəl Azərbaycana idxal olunan şprislərin əsasən Çindəki yeraltı sexlərdə istehsal olunduğu və insan həyatı üçün çox təhlükəli olduğuna dair silsilə araşdırma materialları dərc edilib.

Həmin vaxt apardığımız araşdırma göstərmişdi ki, ümumiyyətlə, ölkəyə gətirilən şprislər standartlara uyğun olmamaqla yanaşı, heç yoxlanılmır da. Bunu Səhiyyə nazirinin müavini Elsevər Ağayev də etiraf etmişdi: “2020-ci ildən Azərbaycanda şprislərin fiziki parametrlərinin yoxlanılmasına başlanılacaq. Gələn ildən bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində laboratoriyalar quraşdırılacaq. Şprislərin ucluqları və polietilin keyfiyyəti yoxlanılacaq”.

Beləliklə, nazir müavini rəsmi şəkildə etiraf edib ki, ölkəyə xaricdən gətirilən şprislər müvafiq laboratoriyalarda yoxlanılmadan Azərbaycanda satışa buraxılır.

Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru Namiq Tağıyev isə “AzPolitika.info”ya açıqlamasında ölkəyə kütləvi şəkildə gətirilən və demək olar ki, bütün apteklərdə satılan, əksər klinikalarda işlədilən şprislərin insanlara tibbi xidmətdə istifadəsinin yolverilməz olduğunu, inkişaf etmiş ölkələrdə belə şprislərin qadağan edildiyini bəyan edib.

O, rəhbərlik etdiyi İnstitutun Azərbaycanda apteklərdə satışda olan və bir çox klinkalarda istifadə edilən şprisləri xaricdə tanınmış laboratoriyalarda ekspertizadan keçirdiklərini və mənfi rəy aldıqlarını bildirb.

Qeyd edək ki, bütün sivil ölkələrdə normal şprislər iki hissədən ibarət olur – porşen və silindrdən. Standartlara uyğun və təhlükəsiz olan bu şprislərin porşeninin sonluğu qopmur və ayrılmır. Ancaq Azərbaycan işbaz monopolistlər hələ də 3 hissəli şprislər idxal edirlər. 3 hissəli şprislər silindr, porşen və onun sonluğunda yerləşən və ayrıla bilən qara rəngli rezindən ibarətdir. Bu da onların təkrar istifadə edilməsinə yol açır. Elə bundan istifadə edən işbazlar da onları təkrar istifadə üçün yenidən satışa çıxara bilirlər.

Namiq Tağıyev “AzPolitika.info”ya açıqlamasında bu məsələyə də toxunmuşdu: “3 hissəli şprislərdə qara rezin hissə mövcuddur. Hissə nə qədər az olarsa, şprisi steril etmək daha asan olur, belə ki, 3 hissəli şprislərdə (yəni porşen üzərində qara rezin hissə olan) sterillik 30-35% risk altına düşür, yəni hər 3 şprisdən biri tam steril olmaya bilər. Bizdə isə hələ də 3 hissədən ibarət keyfiyyətsiz şprislər satılır. Şprisin germetikliyini təmin etmək məqsədi ilə isifadə olunan həmin qara rezin hissə bir çox dərmanla reaksiyaya girərək, insanlarda allergik fəsadlar törədir və bu şprislər çox qaldıqda həmin rezinlər zaman keçdikcə quruyur və ondan qopa biləcək mikrohissəciklər istifadə zamanı insan həyatına təhlükə törədir”.

“AzPolitika.info”ya verilən məlumata görə, bir müddət əvvəl ölkəyə idxal olunan şprislərin böyük bir partiyası məhz bir dəfə istifadə edilmiş şprislər olub. Bununla bağlı cinayət işinin açıldığı, istintaqın aparıldığı bildirilir.

Digər bir partiyası isə bəzi xəstəlikləri olan insanlara vurulması qadağan olunan şprislərdir. Hansı ki, onlardan istifadə bəzi sinir xəstəlikləri olan insanlarda ŞOK YARADA BILƏR. Ancaq bu şprislər də hazırda apteklərdə heç bir fərq qoyulmadan əhaliyə satılır.

Göründüyü kimi, Natiq Quliyevin oğlunun iynə vurulandan sonra qəfil ölümünə istifadə olunan şprisin səbəb olması ehtimalı kifayət qədər yüksəkdir.

Bununla bağlı müraciət etdiyimiz TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva hələlik bu haqda heç nə deyə bilməyəcəyini bildirdi. Hazırda gəncin ölümünün hansı səbəbdən baş verdiyinin araşdırıldını, vurulan iynənin Səhiyyə Nazirliyinə ekspertizaya göndərildiyini qeyd etdi.

Deməli, uşağa vurulan antibiotiklə yanaşı, istifadə olunan şpris də yoxlanılacaq...

Bu hadisə Azərbaycanda satılan saxta şpris problemini bir daha gündəmə gətirir. Təəssüf ki, Səhiyyə Nazirliyi uzun illər ərzində ona ayrılan yüz milyonların qarşılığında ölkə əhalisinin həyatına böyük risk yaradan şprislərin normal laboratoriyadan keçirilməsini təmin edə bilməyib.

Bir qurum ki, ən müasir standartlara uyğun şpris istehsal edən yerli şpris zavodunu görməzdən gəlir, hansısa maraqlardan çıxış edərək, tibb müəssisələrini təmin etmək üçün yerli məhsulu deyil, heç laboratriya yoxlamasından belə keçirə bilmədiyi və əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradan şprisləri almaqda davam edir.

Hansı ki, ekspertlər və tanınmış hakimlər bu şprislərdən ağır nəticələr verəcəyini dair dəfələrlə xəbardarlıq ediblər.

Məsələn, tanınmış həkim, Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov “AzPolitika.info”ya açıqlamasında bu problemə laqeyd yanaşılmasının çox ağır nəticələrinin ola biləcəyini vurğulamışdı: “Mənşəyi bilinməyən belə şprislərin Azərbaycana gətirilməsi qəti şəkildə yolverilməzdir. Bu çox qorxuludur. Çünki kim zəmanət verə bilər ki, həmin şprislərin iynələrinin ucuna təhlükəli viruslar yerləşdirilmir? Bu məni çox qorxudur. Həmin şprislər vasitəsilə ölkədə müxtəlif xəstəliklər, o cümlədən hepatit xəstəliyini yaya bilərlər. Buna diqqət etmək lazımdır. Belə şprislərin ölkəyə idxalının çox ağır nəticələri ola bilər.”
Geri qayıt