"Bəzi dairələrdə seçkilərin nəticələri ləğv edilə bilər” - Belə deyirlər...

"Bəzi dairələrdə seçkilərin nəticələri ləğv edilə bilər” - Belə deyirlər... Fevral 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçirildi. Artıq ilkin nəticələr və bütün dairələr üzrə lider namizədlərin adları açıqlanıb. Ümumi seçki prosesinə siyasi təhlilçilərlə AYNA tutmağa çalışdıq.

Politoloq Tofiq Abbasovun sözlərinə görə, parlament seçkiləri bütün ölkələrdə ziddiyyətli fikirlərə səbəb olur: “Təbii ki, seçkilərdə qalib gələnlər varsa, məğlub olanlar da olacaq. Lakin əsas məsələ ondan ibarətdir ki, bu cür proseslər əsasında hər zaman müxtəlif iddialar tüğyan edir. Məğlub olanlar həmişə müxtəlif motivləri gündəmə gətirir və çalışırlar ki, özlərinin qeyri-əlverişli vəziyyətlərinə bəraət qazandırsınlar”.

“Lakin hər şeyə rəğmən, seçici fəallığı ümidləri doğrurltmayıbsa, bu, çox böyük təəssüf doğurur. Halbuki Azərbaycan seçicisi öz səsvermə hüququnu əldən verməməlidir. İnsanlar seçki günü evdən çölə çıxmaq istəmirlər. Firkiləşirlər ki, onlar səs verməsələr belə, əvvəlcədən planlaşdırlmış namizədlər seçkilərdə qalib gələcəklər. Buna baxmayaraq, bir neçə dairədə araşdırmalar aparılır. Ola bilsin, yenidən səsvermələr də keçirilsin. Son qənaətə proseslər başa çatdıqdan sonra gəlmək lazımdır”, - ekspert deyib.

Abbasov ümumi narazılıq nəticəsində seçkilərin nəticələrinin ləğvi və yenidən keçirilməsi ehtimalına da münasibət bildirib: “Seçkilərin təkrar keçirilməsinə inanmıram. Amma ola bilər ki, bəzi dairələrdə yenidən səsvermə olsun. Bu, baş verə bilər, amma yeni seçkilərin olması qeyri-real görünür. Onsuz da Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərindən parlament seçkilərinə keçid etmişdi. Bu isə özlüyündə çox ağır bir prosesdir. Təbii ki, orada çalışan mütəxəssislərin şəxsi qayğıları və məsuliyyətləri var. Ard-arda seçkilərin keçirilməsi son dərəcə ağır və təşkilati baxımından problemli ola bilər”.

“Xalqın gözündə uğursuz görünən bəzi millət vəkilləri yenidən qələbə qazandılar. Əlbəttə ki, bu məsələyə prinsipial bucaqdan baxanda, insanların anlaşılmaz durumda qaldığı görünür. Bu isə son dərəcə həssas durumdur. Ona görə də proses cəmiyyətdə birmənalı qarşılanmayacaq. Bununla bərabər, Parlamentə yeni simalar da gəldi. Təbii ki, uzun illər Milli Məclisdə təmsil olunmuş, dövlətçilikdə xüsusi rollarının olduğunu düşünən insanları da anlayışla qarşılamaq lazımdır. Buna görə onlar da yenidən seçki kampaniyasına qatıldılar. Hər halda nəticələr seçicilərin ürəyincə olmayıbsa, həmin seçicilər özlərində də günah görməlidirlər. Çünki onlar mütəşəkkil formada səsvermədə iştirak edib səs vermədikləri namizədə etirazlarını bildirsəydilər, bəlkə də nəticələr tamam başqa cür olardı. Lakin vətəndaşların əksəriyyəti səsvermə hüquqqundan imtina edib. Ona görə əldə olunan nəticələr gözlənilən və qanunauyğundur”, - müsahibimiz vurğulayıb.

Politoloq Natiq Miri isə seçki prosesindən narazı qalanlar sırasındadır: “Fövqaladə vəziyyətdə keçirilən seçkilərin təyinatından və seçki hazırlığından hiss olunurdu ki, proses seçkilərin demokratik keçiriləcəyindən xəbər vermir. Bundan əlavə, seçki institutunda hər hansı bir dəyişikliyin olmaması, indiyə qədər olunan bütün seçki saxtakarlıqlarında MSK-nın bilavasitə iştirak etməsi və MSK sədrinin hələ də seçki institutuna rəhbərlik etməsi onu göstərdi ki, seçkilərin nəticəsi müsbət olmayacaq”.

“Növbəti dəfə insanların seçki hüququ pozuldu. Cəmiyyətdə nisbətən demokratik seçkilərə ümid vardı. Doğrudur, bu, kütləvi hal almamışdı. Ona görə də seçici aktivliyi 10 faizi keçmirdi. Elə bu faktın özü də göstərdi ki, ölkədə seçki insitutu iflasa uğrayıb və ictimaiyyətin seçkiyə inamını bərpa etmək üçün uzun illərə ehtiyac var. Hamkmiyyət bundan doğru nəticə çıxarmalıdır”, - N.Miri bildirib.

O, hesab edir ki, baş verənlər Azərbaycanın beynəlxalq imicinə də mənfi təsir edəcək.
Geri qayıt