İqbal Məmmədovun mandatı əlindən alına bilərmi?

İqbal Məmmədovun mandatı əlindən alına bilərmi? Lerikdə fəaliyyət göstərən “Relaks” İstirahət Mərkəzində baş vermiş insedent gündəmin əsas mövzusu olaraq qalır.
“Yeni Sabah” xatırladır ki, istirahət mərkəzi millət vəkili İqbal Məmmədova məxsusdur. İnsidentə gəlincə, Vergilər Nazirliyinin əməkdaşları “Relaks”da yoxlama aparmağa gəliblər. Lakin İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və yaxınları vergi əməkdaşlarını obyektə buraxmayıb.

Nəticədə qarşıdurma yaranıb və vergi əməkdaşlarına fiziki zor tətbiq edilib. Olaya müdaxilə edən Lerik Rayon Polis şöbəsinin əməkdaşları və İcra Hakimiyyətinin nümayəndələri də şiddət görüb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata görə, Mirhəmid Nərimanlı və yaxınları barəsində Cinayət Məcəlləsinin 309.2 və 315.2-ci maddələri cinayət işi başlanıb və onlar məhkəmənin qərarı ilə həbs edilib.

Rezonansa səbəb olan hadisə bağlı sosial şəbəkələrdə gedən müzakirələrdə təqsirkar kimi İqbal Məmmədovun da adı qeyd edilir. İddialara görə, vergi işçilərini obyektə buraxmamaq və onlara şiddət göstərmək əmri məhz millət vəkilindən gəlib.

Bundan başqa, “Relaks”dakı hadisə ilə bağlı məlumat yayılandan dərhal sonra İqbal Məmmədova məxsus iki zavodun fəaliyyətini dayandırması barədə iddialar səsləndirilib. Mediada isə İqbal Məmmədovun əmlakının siyahısı yayılıb.

Bütün bunlar İqbal Məmmədovun da cəzalandırılacağı ilə bağlı mülahizələrə səbəb olub. Güman edilir ki, əgər vergi əməkdaşlarını obyektə buraxmamaq əmrinin Məmmədov tərəfindən verildiyi sübut edilərsə, onun haqqında da cinayət işi açıla və deputat mandatı əlindən alına bilər.
Geri qayıt