Elina Hacıyevanın ölüm işində təqsirləndirilən şəxslə bağlı YENİ XƏBƏR

Elina Hacıyevanın ölüm işində təqsirləndirilən şəxslə bağlı YENİ XƏBƏR Təhlükədə qoyma və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası baş tutub.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara əsasən, zərəçəkmişin nümayəndələrinin verdiyi apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsində S.Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb. Məhkəmə istintaq orqanının verdiyi təqdimatı təmin edib. S.Abbasova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb. Həmin qərardan narazı qalan Elina Hacıyevanın valideynlərinin nümayəndələri apellyasiya şikayəti veriblər. Onlar S.Abbasovanın barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.

Qeyd edək ki, Baş Prokurorluq Elinanın ölümü ilə bağlı məlumat yayıb. Məlumatda xatırladılıb ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

İstintaq qrupu tərəfindən cinayət işi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mütəxəssisləri cəlb edilməklə intensiv istintaq tədbirləri həyata keçirilir. Belə ki, iş üzrə çoxsaylı şahidlər, o cümlədən Elina Hacıyevanın təhsil aldığı məktəbin vəzifəli şəxsləri, müəllimləri və sinif yoldaşları dindirilib, videomüşahidə kameralarına, mobil telefonlara, sənədlərə baxış keçirilib, mobil telefonlarla aparılan danışıqlara, yazışmalara dair məlumatlar əldə edilməklə təhlil olunub. Cinayət işi üzrə yüksək ixtisaslı, böyük elmi və iş təcrübəsi olan peşəkar ekspertlər cəlb edilməklə komisyon məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, məhkəmə kompüter-texniki, məhkəmə-psixoloji, məhkəmə-fonoskopik ekspertizaları təyin edilmiş, müvafiq sorğular verilib.

E.Hacıyevaya tibbi yardım göstərilməsi məqsədilə təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunması, hadisə yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilməsi, müalicəsinin diaqnoza uyğun aparılması, xəstəxanaya gec çatdırılmasının ölümü ilə səbəbli əlaqəsinin olması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması istiqamətində zəruri prosessual tədbirlər həyata keçirilir. Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla toplanmış mötəbər sübutlara əsasən təqsiri müəyyən olunacaq bütün şəxslərin əməllərinə hüquqi qiymət verilməsi təmin olunacaq.
Geri qayıt