Xalq rəssamının qızlarının miras qalmaqalı böyüdü - Muzeydən başqa xalçalar da oğurlanıb?

Xalq rəssamının qızlarının miras qalmaqalı böyüdü - Muzeydən başqa xalçalar da oğurlanıb? Respublikanın Xalq Rəssamı, professor Kamil Əliyevin övladları arasında yaranmış qalmaqal bir az da böyüyüb.

Oxu.Az xəbər verir ki, rəssamın qızı Nərminə Əliyevanın öz bacısının ərini - Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevi yalançı xalça oğurluğu iddiası irəli sürməsində ittiham etməsindən sonra bəzi məqamların üstü açılıb.

Belə ki, rəssamın digər qızı Dilarə Əliyeva (Əli Əliyevin xanımı – red.) saytımıza açıqlamasında bacısının faktları təhrifolunmuş formada çatdırdığını deyib.

O, həyat yoldaşının iddiasının yalan olmadığını bildirib:

“İyulun 2-də muzeydə olarkən “Nəsimi” xalçasının orada olmadığını, eksponatın əvəzinə isə bir kağız parçasının asıldığını gördüm. Kağızda Azərbaycan Xalça Muzeyinin rekvizitləri qeyd olunmuşdu. Özümü itirdim və dərhal həyat yoldaşım, məqalələdə adı keçən VİP sədri Əli Əliyevə zəng edib, gəlməsini xahiş etdim.

O gəldikdən sonra, DİN 102 xidmətinə və kağızda qeyd olunmuş nömrəyə zəng etdi. Polis gələnə qədər muzeydən öyrəndik ki, kağızdakı mətndə yazıldığı kimi, xalça muzeydədir və bu əməliyyatın vasitəçiliyini muzey əməkdaşı Əlisəfa adlı bizə qohum olan şəxs həyata keçirib. Beləliklə, mənə də məxsus olan əmlakın mənə demədən, icazəm alınmadan hər hansı bir məqsədlə aparılması, birtərəfli qaydada muzeydən götürülməsi oğurluqdan başqa bir iş deyil”.

D.Əliyevanın sözlərinə görə, buna bənzər eksponat itkiləri əvvəllər də baş verdiyindən, polisə şikayət verməyi qərara alıb.

“Belə davranış məndə hiddətdən başqa bir hiss doğura bilməz. Hal-hazırda atamın kolleksiyasına aid, üzərində mənim də hüquqlarım olan bir neçə xalça yerində yoxdur.

Onların da axtarışını həyata keçirmək qərarına gəlmişəm. Maraqlısı odur ki, Xalça Muzeyi adından yazılan məktubda yalnız bacıma müraciət edilib. Belə görünür ki, Muzey rəhbərliyi də məqsədyönlü şəkildə bacım və Əlisəfa tərəfindən aldadılıb. Çünki Muzey rəhbərliyi xalçanın statusu barədə məlumatlı olmaya bilərdi, amma bu məlumat əməliyyatı həyata keçirmiş hər iki tərəfdə - bacım və Əlisəfa adlı qohumumuz olub.

Həyat yoldaşımın polisə ərizə yazması mənim xahişim və razılığımla olub. O, bu prosesdə yalnız mənim təmsilçim kimi çıxış edib. Belə görünür ki, polis müdaxiləsi olmasa idi, hələ indi də xalça yerində olmazdı. Xalçanı müdaxilədən sonra, iyulun 7-də yerində görmüşəm”, - o qeyd edib.

Rəssamın qızı deyib ki, K.Əliyevin yaradıcılıq mirası (xalçaları) məhkəmə qaydasında bölünmüş paylı mülkiyyətdir:

“Atamın ev muzeyində nümayiş etdirilən eksponatların hər biri varisləri arasında bölünüb. Hazırda yaşayan 2 tərəfdən (mənim və Nərminənin) hər birinin 43.75%, qardaşımızın ailəsinin isə 12.5% eksponatlarda mülkiyyət payı var. Paylardan göründüyü kimi, mən bacımla bərabərhüquqlu mülkiyyət sahibiyəm, onun iddia etdiyinin əksinə olaraq, üstünlük onun tərəfində deyil”.

Qeyd edək ki, iyulun 2-də Ə.Əliyev Səbail rayon 9-cu polis bölməsinə xalçanın oğurlanması ilə bağlı şikayət ünvanlayıb. Onun sözlərinə görə, Kamil Əliyevin Əlisəfa adlı qohumu xalq rəssamının İçərişəhər, Qala küçəsində yerləşən ev muzeyinin qapısını özündə olan açarla açaraq, oradan xalça götürüb – yəni oğurluq edib.

Lakin sonradan Əli Əliyevin polisə yalan məlumat verdiyi, bu şikayətin isə ailədaxili mülkiyyət münaqişəsinin nəticəsi olduğu bildirilmişdi.

İyulun 8-də Oxu.Az-da dərc olunmuş məlumatda professorun qızı – rəssam Nərminə Əliyeva Ə.Əliyevin polisə “xalça oğurluğu” ilə bağlı şikayətini şərh edərkən deyib ki, “Nəsimi” xalçasını öz istəyi ilə Xalça muzeyinin Şuşa filialının rəhbəri Əlisəfa Nuriyevə sərgidə nümayiş olunması üçün verib.
Geri qayıt