Abdulbari Gozalın “dövlət ticarətlə məşğul olmasın” fikrinə iqtisadçı şərhi - “Dövlətin müdaxiləsi...”

Abdulbari Gozalın “dövlət ticarətlə məşğul olmasın” fikrinə iqtisadçı şərhi - “Dövlətin müdaxiləsi...” “Azərsun Holding”in prezidenti Abdulbari Gozal ötən həftə Bakıda keçirilən tədbirlərin birində bir sıra təkliflər irəli sürüb. Məsələn, o, “Biz dövlətin ticarətlə məşğul olmamasını və sahibkarların yolunu açmasını istəyirik” deyib.

Onun sözlərinə görə, dövlət heç vaxt iqtisadiyyatda uğurlu ola bilməz: “Bu gün bizim üçün ən vacibi ölkəyə xarici sərmayənin gəlməsidir. Bunun üçün də qanunların düzgün işləməsi lazımdır. Şükür Allaha, prezident bu məsələni nəzarətə götürüb. Biz ona inanırıq. Əgər ölkə başçısı bir şeyi diqqətdə saxladısa, ən yaxşısını görəcək. Əgər qanunlar düzgün işləyərsə, sahibkarlar üçün yaxşı olar”.

Holdinq rəhbəri Azərbaycanda məhkəmə sisteminin də inkişaf etdirilməsinin vacib olduğunu deyib. Və öz təcrübəsindən misal gətirib: “Bir dəfə Almaniyada dostumla danışırdım. Ona dedim ki, biri gəlib məni aldadıb. Vəkilə vəkalət verdim. Mən qayıdıb gəldim. Pulumu alıb yolladı, həmin adamı da 6 il həbsə saldı. Mənim ona inamım, simpatiyam artdı. Bu baxımdan, qanunlarımızın daha da ədalətli olmasını arzulayıram”.

Onu da qeyd edək ki, zaman-zaman müxtəlif iqtisadçı ekspertlər ölkədə dövlət qurumlarını sahibkarlara maneə yaratmamağa çağırırlar. Məsələ ölkə prezidentinin də diqqətindədir. Ölkə prezidenti hökumətin müşavirələrində dəfələrlə sahibkarlara dəstək verilməsi, onların qarşısında olan maneələrin aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. Bu xüsusda son illərdə xeyli işlər də görülüb. Son real hadisələrdən qeyd edə bilərik ki, “Diqlas” ticarət mərkəzində baş verən güclü yanğın sonrası, ölkə başçısının sərəncamı ilə zərərçəkmiş sahibkarlara prezidentin ehtiyat fondundan ilkin olaraq üç milyon manat yardım ayrıldı. Sahibkarlar öz mallarını sığorta etməsələr də, ölkə prezidenti onlara dəyən zərəri müəyyən qədər qarşılamaq üçün bu cür addım atdı. Eyni zamanda ötən ilin iyun ayında sahibkarlara dəstək məqsədilə prezident İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB) fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayaraq qurumun nizamnaməsi və strukturunu təsdiqlədi. Agentliyin əsas məqsədi kiçik və orta sahibkarların dostuna çevrilməsi və eyni zamanda sahibkarlığın hüquqi təminatının gücləndirilməsi, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması əsasında dayanıqlı inkişafın təmin edilməsidir. Həmçinin ölkədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən də sahibkarlara xeyli dəstək verilib.

Statistik məlumatlara görə, son 15 ildə ölkəmizdə fəaliyyət göstərən sahibkarların sayı 4,2 dəfə artıb. İndiyədək 35 mindən çox sahibkara 2,2 milyard manatadək güzəştli kreditlər verilib.

Ancaq təbii ki, problemlər də qalmaqdadır. İqtisadçılar xüsusilə də sahibkarları vergi orqanlarının sıxması, incitməsi məsələsini qabardırlar. Ekspertlər bildirirlər ki, sahibkarlara kreditlər aşağı faizlə verilib, vergidə güzəşt olunarsa, ölkənin iqtisadiyyatının neftdən asılılığı minimuma endirilər. Bu isə neftin qiymətlərinin dünya bazarında aşağı düşməsi fonunda, manatın sabitliyini qorumaqda, iqtisadiyyatı üzləşə biləcəyimiz təhlükələrdən sığortalamaqda dövlətə şərait yaratmış olar.

Abdulbari Gozalın fikirlərini “Yeni Müsavat”a şərh edən iqtisadçı alim Fikrət Yusifov bildirdi ki, əslində hazırda ölkədə dövlətin ticarətə müdaxiləsi yoxdur:

“İlk növbədə açıqlamaq lazımdır ki, dövlətin ticarətlə məşğul olması, ticarətə müdaxiləsi dedikdə nə nəzərdə tutulur. Hər bir sahibkar məhsulu rahat formada sata bilir. Ya özü istehsal edir. Ya da gətirdiyi məhsulu bazara çıxarıb, ticarətlə məşğul olur. Dövlətin müdaxiləsi yalnız bəzi məhsulların qiymətlərinin tənzimlənməsi ilə bağlıdır. Bu da faktiki olaraq rəqabət mühiti, anti-inhisar siyasəti ilə əlaqədardır. Rusiya kimi ölkədə də qiymətlərin tənzimlənməsi məsələsi mövcuddur. Ancaq bu, təbii ki, ərzaq məsələləsinə aid deyil. Söhbət monopolist istehsalçılarla bağlı olan məsələlərdən gedir. Şirkətin rəhbəri müdaxilə ilə bağlı fikrini açıqlamalıdır ki, tam formada şərh vermək mümkün olsun. Əgər hansısa qurumun əməkdaşı qanunsuz, vergidən kənar olaraq sahibkardan nə isə tələb edirsə bu, cinayətdir. Bunun üçün də müvafiq olaraq hüquqi addımlar atılmalıdır. Təbii ki, məhkəmə sahəsində aparılan islahatlar bu xüsusda sahibkarlara yardım edəcək. Hazırda yeni iqtisadi məhkəmələr yaradılır. Həmin məhkəmələrdə təsərrüfat subyektləri arasında mübahisəli məsələlərə baxılacaq. Yəni doğrudan da islahatlar davam edir”.
Geri qayıt