Meriya köklü dəyişikliyə hazırlaşır - nə olacaq?

Meriya köklü dəyişikliyə hazırlaşır - nə olacaq? Şəhərlərin, eləcə də mərkəzi küçələrin təmizliyi çox vacib bir faktordur. Çünki xaricdən gələn insanlar küçələrdəki təmizliyə görə şəhərin mədəniyyətinə, inkişafına diqqət edirlər. Bu baxımdan bir çox ölkədə mərkəzi küçələr müasir texnologiyalardan istifadə edilməklə təmizlənir. Nəzərə almaq lazımdır ki, şəhərdə məişət tullantılarının küçələrə atılması daha çox zibil konteynrlarının yetərincə olmamasından qaynaqlanır.

Bu sözləri Axar.az-a açıqlamasında sosioloq Cavid İmamoğlu Bakı Şəhər İcra Hakimiyyətinin məişət tullantılarının daşınması sahəsindəki köklü dəyişikliklərlə bağlı açıqlamasına münasibət bildirərkən deyib. O, məişət tullantıları ilə bağlı problemlərin səbəblərini açıqlayıb:

“Təmizliklə bağlı ciddi dəyişiklik ediləcəksə, ilk növbədə bu problemi həll etmək lazımdır. Zibil qabları yetərli sayda və əlçatan olmalıdır ki, insanlar şəhəri çirkləndirməsinlər. Bundan əlavə, şəhərin mərkəzi gün ərzində xüsusi texnikalar vasitəsilə yığışdırılmalıdır.

Əgər bir yerə zibil atılarsa, həmin ərazinin başqaları tərəfindən çirkləndirilmə ehtimalı 5-10 dəfə artıqdır. Sosial psixologiya elmində bu məsələ ilə bağlı bir sıra tədqiqatlar keçirilib. Məlum olub ki, insanlar zibilli yeri təmiz yerdən daha çox zibilləyir. Adətən təmiz bölgəni insanlar daim təmiz saxlamağa çalışır. Ona görə də zibil qablarının sayının artırılması ilə paralel olaraq şəhərtəmizləmə vasitələrindən istifadə edərək, bu prosesi sürətləndirmək olar.

Bakı kimi böyük şəhərdə gün ərzində küçələri təmizləmək üçün çevik texnoloji vasitələrdən istifadə etmək lazımdır”.

Sosioloqun sözlərinə görə, tullantıların çeşidlənməsi təbiətin qorunması baxımından da çox önəmlidir:

“Əslində, məişət tullantılarının çeşidlənməsi ənənəsi həm geridönüşümü təmin etmək, həm də təbiətin mühafizəsi baxımından vacibdir. Dünyanın bir çox ölkəsində tullantılardan istifadə edilərək hansısa bir məhsul istehsal olunur. Bu özü də mədəniyyətin bir formasıdır. Tullantıların çeşidlənməsi üçün konteynerlər ayrıldıqca insanlarda da bu mədəniyyət yavaş-yavaş formalaşmağa başlayacaq.

Bir plastik qabın istehsal edilməsi üçün nə qədər kimyəvi maddələrdən, neftdən istifadə olunur və bu zaman hava çirklənir. Yenidən emal çirklənmənin qarşısını alır”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda məişət tullantılarının daşınması sahəsində köklü dəyişikliklərin aparılmasının nəzərdə tutulduğunu açıqlayıb.
Geri qayıt