Kamaləddin Heydərovun meyit tapan fövqəlnazirliyinin növbəti ifşası - Faktlar...

Kamaləddin Heydərovun meyit tapan fövqəlnazirliyinin növbəti ifşası - Faktlar... Son bir il ərzində Fövqəladə Hallar Nazirliyi (FHN) yarıtmaz fəaliyyəti ilə uğursuz struktur olduğunu isbat etməkdədir.
İstərsə itkin düşən neftçilər işi olsun, istərsə 5 ay sonra meyiti tapılan alpinistlər, istərsə də qayıqda meyiti tapılan yeniyetmələr...
FHN təsis olunarkən ölkənin fövqəladə hadisələri zamanı fəsadların aradan qaldırılması, tədbirlər görülməsi üçün bütün səlahiyyətlər bu quruma verildi.
Kamaləddin Heydərovun ilk nazir postu olan FHN-ə büdcədən hər il külli miqdarda vəsait ayrılır, texnika ilə təmin olunur, regional idarələrində işçilər saxlanır.

Yəni, dövlətə ciddi bir yük olan bu strukturda çalışanlar əmək haqlarını büdcədən alırlar, xaricdən avadanlıq gətirilir.
K.Heydərov dəridən-qabıqdan çıxıb ki, nazirliyin fəaliyyətindən bir şikayət olmasın, maxinasiya və korrupsiya əməliyyatlarında adı hallanmasın.
İnsafən, dünənə kimi fövqəlnazir muradına çatmışdı. Mətbuatda sağdan-soldan döşənən nazirliklərdən fərqli olaraq, FHN barəsində ittihamlara rast gəlinmirdi.

Amma nazirliyin həm alpinistlərin, həm qayıqda meyiti tapılanların işində səriştəsizliyi ciddi tənqidə atəşinə tutulmaqdadır. Sosial şəbəkələr K.Heydərov və FHN barəsində tənqidlərdə partlamaqdadır.
Sual olunur ki, bir aydan çoxdur FHN haranı axtarıb? Söhbət ötən ayın 18-də 17 yaşlı Nüsrət və 15 yaşlı Aqil rezin qayıqla dənizdə itkin düşməsindən gedir.
Onlar Xəzərdə elə həmin rezin qayıqda ölü tapılıblar. Ehtimal ki, ac, susuz qalıblar. Maraqlıdır ki, “Neft Daşları” yaxınlığında tapılıblar.
Qayığı ora yəqin ki, dalğa gətirib. Çünki Neft Daşları tərəfdə hər gün hərəkət var. Bu müddətdə orda olsaydılar, tapılardılar. Bu gənclər 1 aydan çoxdur Xəzərdə sularda qalıblar.
Necə axtarıblar ki, bunları tapan olmayıb? Bəxtləri də gətirməyib ki, bir balıqçı çıxa qarşılarına. O vaxt ümid edirdik ki, itkin düşən neftçilərimizi tapacaqlar.
Amma tapmadılar. Bəzilərini Türkmənistan gəmiləri tapmışdı. Bəzilərini də dalğalar gətirdi. 20 nəfərdən çoxundan isə xəbər olmadı...
Tufandağda isə 5 aylıq axtarışların sonunda, qar əriyəndən sonra alpinistlərin meyiti kampın içində tapıldı. O zaman FHN hansı işə yarayır?
Bu pullar büdcədən hara xərclənir? K.Heydərovun nazirliyi insan meyitləri tapmaqdan başqa nə iş görür?

Anaxeber.Az yazır ki, FHN-nin adı zəlzələ bölgəsində, daşqın zonasında evlərin tiikntisi, kompensasiyaların paylanmasında yol verilən maxinasiyalardan tutmuş nazirliyin köhnə xidməti avtomobillərinin geri qaytarılmayaraq pulların silinməsinə qədər hallanıb.
Avropa ölkələrində bu cür faktların üzərindən FHN rəhbərliyi istefaya gedir. Azərbaycanda isə istefa mədəniyyəti olmadığına görə nazir Kamaləddin Heydərovun belə addım atacağını gözləmək sadəlövhlük olardı.

Əksinə, hakimiyyətin əsas xəzinədarlarından olan “fövqəlnazir” mümkün olarsa, Ekologiya və Təbii Sərvətlər Nazirliyini də FHN-ə birləşdirərdi.
İllərdir ki, FHN şefi haqda mifik bir obraz yaradılıb. Onun rəhbəri olduğu nazirlik də məhz süni nəfəs verilərək şişirdilmiş strukturdur.
İtkin düşmüş alpinistlərin axtarışında və eləcə də qayıqda ölən gənclərin olayında Fövqəladə Hallar Nazirliyinin əzəməti sabun köpüyü kimi dağıldı.
Kamaləddin Heydərovun nazirliyi altında yaradılmış FHN mifi və bütü tamamilə havaya sovrulub. Halbuki, bu nazirlikdən kristal olması imici yaradılmışdı.
Hərçənd, FHN yarandığı gündən Azərbaycanda fövqəladə hadisələr, təbii fəlakətlər, yanğınlar, nə hikmətdirsə artmağa başlayıb.
Azərbaycanın ictimai rəyində FHN obrazı uğurlu proyekt, hər bir fövqəladə hadisəyə hazır qurum kimi formalaşdırılmışdı.
Lakin bunun bir süni nəfəs aparatı olduğu, blef kimi ortaya atıldığı istərsə Kür daşqınları, istərsə Zaqatala zəlzələsinə aydınlaşmışdı.
Məsələn, 2015-ci ildə paytaxtın Binəqədi rayonunda bina yanıb külə döndü, 15 nəfər həlak oldu.
O zaman FHN və tabeliyindəki yanğından mühafizə xidməti faciənin miqyasının bu qədər böyük olmasının qarşısını ala bilmədi. Yəni, vaxtında operativ tədbir görülsəydi, 15 nəfər tələf olmazdı.
Ancaq bu dəhşətli faciənin qarşısının alınmasında FHN-nin bacarıqsızlığı qeyd olunmadı və bütün tənqidlər politeran üzlüyü binanın fasadına vurduran məmurlar üzərində fokuslandı.
Başqa bir fakt - dənizçilər Xəzərdə batdılar, onların arasında bu gün də hələ cəsədləri tapılmayanlar var. Normal cəmiyyətdə müvafiq strukturlar hər gün gördükləri işin hesabatını verər və bu barədə videogörüntülər yayardılar.
Ümumiyyətlə, FHN-nin son 10-15 ildə yadda qalan xilasetmə əməliyyatını nümunə gətirə bilərsinizmi?
Bu nazirlik Zaqatala-Qax zəlzələsinin fəsadlarından zərər çəkənlərə kompensasiya verilməsində, podratçı şirkətlərin əli ilə ev tikintisində ciddi korrupsiyaya yol verməklə “nümunə” qoya bilib.
Eləcə də Kür daşqınları zamanı FHN-nin Sarısu gölü “əməliyyatı”nı yada salmaq lazımdır. Ona görə də Fövqəladə Hallar Nazirliyi ilə bağlı fövqəladə addımlar atmaq zərurəti var.

Anaxeber.Az
Geri qayıt