Nazim İbrahimovu “taxtdan salan” SƏBƏBLƏR

Nazim İbrahimovu “taxtdan salan” SƏBƏBLƏR Zaman-zaman Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuatın tənqid hədəfinə tuş gəlib.

Hətta dəfələrlə rəsmilər, deputatlar bu qurumun ləğv olunmasını, ən yaxşı halda Komitəyə rəhbərlik edən Nazim İbrahimovun istefa verməsini təklif edib. Diaspora Komitəsinin fəaliyyəti çox zəif təşkil olunduğu yarandığı gündən, 2008-ci ildən bəllidir. Xaricdə Azərbaycanın xeyrinə bu günə qədər heç bir aksiya təşkil edilmədi. Hətta vəziyyət elə həddə çatmışdı ki, xaricdə fəaliyyət göstərən Azərbaycanın Diaspora Komitələri arasında parçalanmalar, qruplaşmalar yaranmışdı. Bu isə onu göstərir ki, Nazim İbrahimovun işində nöqsanları olduğu əvvəlcədən məlum idi.
Mətbuatın yazdıqları həqiqəti əks etdirirdi. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin açılamaları isə Nazim İbrahimovun fəaliyyətinə verilən qiymətə nöqtəni qoydu.
“Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib. Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”-Ramiz Mehdiyev deyərək Diaspora Komitəsinin uzun illər əslində heç bir iş görmədiyini diqqətə çatdırıb.
Əslində hakimiyyətin Nazim İbrahimovdan narazı olmaq üçün kifayət qədər haqlı səbəbi var. Təkcə yaxın keçmişdə Azərbaycanın ən yaxın tərəfdaşı olan Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv olunması Nazim İbrahimovun işinin öhdəsindən gələ bilmədiyinin ən bariz göstəricisidir. ÜAK-ın ləğv olunması o zaman da Diaspora ilə İş üzrə Dövlət Komitəsinin fəaliyyətsizliyini yenidən gündəmə gətirdi. Həmin vaxt Nazim İbrahimovun sədri olduğu Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbədənkənar yığıncağı keçirildi və sədr postuna vergilər naziri Mikayıl Cabbarov gətirildi. Hələ o, zaman bu dəyişikliyi hakimiyyətin Nazim İbrahimova kəsdiyi “cəza” kimi qiymətləndirilirdi.
Digər tərəfdən Diasporla İş üzrə Dövlət Komitəsinin son zamanlar xaricdən Azərbaycana qarşı yönəlmiş söyüş, təhqir kampaniyasının qarşısını ala bilmədi. Bu da Komitənin işini necə qurmasının göstəricisi oldu. Bu qədər maliyyə təminatı alan dövlət qurumunun bu cür zəif fəaliyyəti təbii ki, qurumun rəhbərinin ayağına yazılmalı idi. Necə ki, yazıldı. Nəticə etibarı ilə artıq hakimiyyət diasporanın Nazim İbrahimov probleminə son qoydu.
Avropada və digər ölkələrdə Diaspora ilə İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə təşkil olunan mitinqlər, aksiyalara nəzər saldıqda da hakimiyyətin bu qurumun rəhbərliyindən narazı olmağa haqlı səbəblərinin olduğu açıq şəkildə görünür. Görünən odur ki, hakimiyyət bir neçə dəfə xəbərdarlıq edib, ancaq Nazim İbrahimov isə komitəni öz maraqlarına uyğun idarə etməyə davam edib. Bu da hakimiyyəti məlum qərarı verməyə vadar edib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri artıq sabiq deputat Fuad Muradovdur. Ümid olnur ki, yeni təyinat həm də yeni, Azərbaycanın maraqlarını tamamilə əhatə edəcək layihələrin icrası ilə yadda qalacaq.
Geri qayıt