Meyiti dənizdən tapılan operatorla bağlı şok iddia

Meyiti dənizdən tapılan operatorla bağlı şok iddia Bu il martın 31-də itkin düşən Xəzər rayonu, Türkan qəsəbə sakini 1996-cı il təvəllüdlü Balabəy Azər oğlu Balabəyovun meyiti aşkarlanlıb.

Bu haqda “Yeni Müsavat”a mərhumun qohumu Vüqar Əmirov məlumat verib. Bildirib ki, Balabəy Balabəyovun meyiti Bakı bulvarının ərazisində, dənizdə aşkar olunub.

“Biz Balabəyin ölümündə işlədiyi məntəqinin sahibindən şübhələnirik. Bəlkə də onu öldürüb meyitini dənizə atıblar”, - deyə Vüqar Əmirov bildirib.

Balabəy Balabəyov martın 31-də evdən çıxaraq operator vəzifəsində çalışdığı Xətai rayonu, Günəşli qəsəbəsində yerləşən “Şah petrol” yanacaqdoldurma məntəqəsinə (YDM) iş yerinə getmişdi. B.Balabəyov itkin düşən gündən sonra onun yaxınları, valideynləri itkin düşməsində YDM sahibini günahkar bilirlər. Onların bir neçə gün əvvəl qəzetimizə verdikləri açıqlamadan sitat:

“Balabəyin atası Azər Balabəyov Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsində ərizə yazdı, göstərdi ki, Balabəyin itkin düşməsində günahkar Vidadi müəllimdir. Vidadi müəllim YDM-in sahibidir. Ora bir neçə mətbuat nümayəndəsi gedəndən sonra bizə yanacaqdoldurma məntəqəsindən zəng edib dedilər ki, gəlin kameralara baxın. Halbuki biz hadisə olan günü yanacaqdoldurma məntəqəsinin sahibi Vidadi müəllimlə görüşmüşdük. Ona dedik ki, imkan ver, şərait yarat, kameraların yaddaşındakı görüntülərə baxaq. İmkan vermədi. Bu müddətdə kameraların yaddaşını silə bilərdilər. Bizə Balabəy iş yerindən itkin düşən gün niyə kameraların yaddaşını göstərmədilər?”

Bunu itkin düşən Balabəy Balabəyovun yaxın qohumu Vüqar Əmirov “Yeni Müsavat”a demişdi.
Geri qayıt