Azərbaycan internetin sürətinə görə niyə Ermənistandan geri qalır? (ŞƏRH)

Azərbaycan internetin sürətinə görə niyə Ermənistandan geri qalır? (ŞƏRH) Dünya reytinqlərinə görə Azərbaycan həm mobil, həm də genişzolaqlı internetin sürətinə görə qonşu ölkələrdən, o cümlədən Ermənistandan geri qalır.

Belə ki, mobil internetin sürətinə görə, Ermənistan 22,94 mbps sürətlə 53-cü, Azərbaycan 20,99 mbps sürətlə 59-cu sıradadır. Genişzolaqlı internetin sürətinə görə isə Ermənistan 19,95 mbps sürətlə 72-ci, Azərbaycan isə 10,56 mbps sürətlə 103-cü yerdədir.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda əhalinin 70,2 faizi, yəni 7 milyondan çoxu internet istifadəçisidirsə, Ermənistanda isə əhalinin 62 faizi, təxminən 1 milyon 800 mini internet istifadəçisidir.

Bəs Azərbaycanın bu sahədə geri qalmasının səbəbi nədir?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında ölkədə infrastrukturun zəif inkişaf etdiyini və internet sürətinin qonşu ölkələrlə müqayisədə aşağı olmasının səbəblərini açıqlayıb:

"Ona görə ki, Azərbaycanda genişzolaqlı internet infrastrukturu zəif inkişaf edib. Bizdəki genişzolaqlı internet infrastrukturu 55-60 faizdirsə, bunun da böyük əksəriyyəti telefon xəttinin üzərində olan genişzolaqlı internetdir. Yəni, biri var fiberoptik, biri də var ADSL xətti. ADSL köhnəlmiş texnologiyadır. Hazırda həmin texnologiya bizdə üstünlük təşkil edir, amma bu gün üçün bu texnologiya məqbul deyil. Çünki ADSL ilə internetdə 5-10 Mbps sürət almaq mümkün deyil. Bunun üçün fiberoptik internet lazımdır. Bu bir faktordur. İkincisi isə bizdə qiymətlə bağlı da problemlər var. Qonşu ölkələrlə müqayisədə bizdə qiymət yüksəkdir. Bu iki faktor əhalinin yuxarı sürətli internet almağına təsir edir. Bu səbəbdən də əhalinin böyük əksəriyyəti 2, 3, 4 Mbps sürətli internet istifadəçiləridir. Burdan da orta hesabla 3,6-4 Mbps internet sürəti çıxır. Qonşu ölkələrdə isə orta internet sürəti 6-10 Mbps arasında dəyişir".

Ekspert buna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin cavabdeh olduğunu deyib və məsələnin həlli üçün dövlət və özəl provayderlər arasında bərabər şəraitin yaradılmasının vacibliyini vurğulayıb:

"Problemin həlli üçün bu sahəyə investisiya qoyulmalıdır. Nəhəng fiberoptik texnologiya, LTE qurulmalıdır. Buna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi cavabdehdir. Sözügedən məsələ Strateji Yol Xəritəsində də qeyd olunub. Buna əsasən bizdə 2020-ci ilə qədər ən azı 10-20 mbps internet olmalıdır. Amma bunu kimin edəcəyi məlum deyil. Azərbaycanda dövlət provayderləri də özəl provayderlərə müəyyən qədər problem yaradırlar. "Baktelecom" və "Aztelecom" deyir ki, bunu təkcə biz edəcəyik. Özəl provayderlər bu infrastruktura yaxın buraxılmır. Mən hesab edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu problemi həll etməli və bütün provayderlər üçün bərabər şərait yaratmalıdır. Ondan sonra bu problemi həll etmək olar.

Bizdə xaricdən alınan internetdə problem yoxdur. İki backbone ölkəyə kifayət qədər internet gətirir. Amma onlar interneti daxildə sata bilmədikləri üçün məcburən İrana, Gürcüstana, Yaxın Şərqə satırlar".
Geri qayıt