“Vüsal Ələkbərov cəzasının aşağı salınmasını istəmirdi” - "MTN işi"...

“Vüsal Ələkbərov cəzasının aşağı salınmasını istəmirdi” - "MTN işi"... 12 il azadlıqdan məhrum edilən ləğv olunmuş MTN-nin polkovniki Vüsal Ələkbərovun cəzasının 7 il azaldılaraq 5 ilə endirilməsi ictimai rəydə birmənalı qarşılanmayıb. Belə ki, sabiq MTN rəhbərlərinin törətdiyi qanunsuzluqların sərhəd tanımadığına diqqət çəkən bəzi vətəndaşlar, V.Ələkbərovla bağlı bu qərarı yersiz humanizm kimi dəyərləndirib.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Əyyub Kərimov baş verənləri indiki məqamda izah etməyin müşkül olduğunu vurğuladı:

“Mən V.Ələkbərovla bağlı son məhkəmə prosesində iştirak etməmişəm. Digər məhkəmələrdə isə müşahidəçi kimi iştirak etmişəm. Bu səbəbdən də dünənki məhkəmədə səslənən fikir və arqumentlərdən xəbərsizəm. Məhkəmə cəzanı 12 ildən 5 ilə endiribsə, yəqin ki, bunu nə iləsə əsaslandırıb. Lakin burada mənim üçün maraqlı olan digər bir məqam var. İttiham tərəfi bununla razılaşacaqmı? Prokurorluğun bununla bağlı mövqeyi nə olacaq? Zənnimcə, prokurorluq bu işdən protest verməlidir. Çünki bu, prokurorluğun istədiyi cəzadan qat-qat aşağı cəzadır.
V.Ələkbərova gəlincə, Vüsalın özü də cəzanın aşağı salınmasını istəmirdi. Vüsal bəraət istəyirdi. Bütün şikayətlərində yazırdı ki, heç bir cinayət törətməmişəm. Bu baxımdan, düşünürəm ki, V.Ələkbərovun özü də 5 illik həbs cəzası ilə bağlı kasasiya şikayəti verəcək.
Hesab edirəm ki, məhkəmənin bu qərarından sonra prokurorluğun və V.Ələkbərovun özünün hansı mövqe sərgiləyəcəyi çox mətləblərdən xəbər verəcək. Əgər tərəflər sussa və məhkəmənin bu qərarından şikayət verməsə, deməli bu qərar, hər iki tərəfi razı salıb”.
Geri qayıt