Milyonluq biznes sahələri MTN generalları arasında necə bölüşdürülmüşdü? - ADLAR VƏ GƏLİRLƏR

Milyonluq biznes sahələri MTN generalları arasında necə bölüşdürülmüşdü? - ADLAR VƏ GƏLİRLƏR Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları barəsində tərtib edilmiş cinayət işlərindən məlum olur ki, ölkədə biznesin müxtəlif sahələrinə ayrı-ayrı generallar nəzarət edib.

Məlumata görə, nazirliyin vəzifəli şəxsləri barəsində başladılan və hazırda məhkəmə araşdırılan cinayət işləri əsasında məlum olub ki, nazirlikdə biznesin müxtəlif sahələri qeyri-rəsmi şəkildə bölüşdürülüb.

Belə ki, nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarov barəsində hazırlanmış ittiham aktında qeyd olunanlara görə, Çovdarov əsasən tikinti sahəsinə nəzarət edib və bu işlə məşğul olan biznesmenlərə “çöküb”. Cinayət işlərinə əsasən onu da demək olar ki, A.Çovdarov digər generallarla müqayisədə daha böyük və pullu işləri nəzarətində saxlayıb. Buna misal kimi, Metropoliten sabiq rəisi Tağı Əhmədovdan pul tələb olunması epizodunu göstərmək olar.

Təsadüfi deyil ki, Çovdarovun zərərçəkmişləri arasında inşaat sektorunda fəaliyyət göstərən MTK rəhbərləri çoxluq təşkil edir: “Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev, “Real MTK”nın təsisçisi və rəhbəri İlham Qasımov, “Azərtikinti-ATF” MMC-in rəhbəri Azər Quliyev buna nümunədir. İşdə o da qeyd edilir ki, Çovdarov və birlikdə ittiham edildiyi şəxslər bu işlərdən 40 milyon manatdan çox qanunsuz gəlir əldə edib.

Ölkədə qiymətli daş-qaşların biznesi ilə məşğul olan iş adamlarına nəzarət və onların soyulması ilə isə digər bir MTN generalı - Sübahir Qurbanovdur.

Sabiq MTN rəsmisinin ittiham aktından məlum olur ki, o, Eldar Mahmudovun şifahi göstərişi ilə ölkəyə brilyant daş-qaş, qızıl və digər zinət məmulatlarının idxalı sahəsində inhisarçılığın yaradılması prosesini başladıb. Bu iş nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanova tapşırılıb. O da öz növbəsində bu işlə məşğul olacaq dəstə yaradıb. Həmin dəstəyə polkovnik Füzuli Əliyevi başçı təyin edilib.

Sübahir Qurbanovun işində isə iş adamlarından qanunsuz yolla ələ keçirilmiş məbləğ 40 milyon manatdan çoxdur.

MTN daha bir dəstə isə banklara nəzarət edib. Bu iş nazirlikdə MTN-nin İstintaq Baş İdarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevə tapşırılıb. Mövlan Şıxəliyev isə özünün işçisi olmuş Vüsal Ələkbərovun əli ilə tapşırıqları həyata keçirib. Bu dəstə əsasən banklarda çox pulu olan şəxslərə, sahibkarlara qənim kəsilib.

Ləğv edilən MTN-in İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi, polkovnik-leytenant Vüsal Ələkbərovun cinayət işi üzrə ittiham aktından məlum olur ki, qurban seçilən sahibkarlar MTN-ə çağırılaraq banklardakı pulları haqqında soruşulub, müxtəlif bəhanələr və hədə-qorxu gəlinərək külli miqdarda pulları alınıb.

Hər 3 dəstəsinin işində qanunsuz dinləmələri isə MTN-in Monitorinq Mərkəzinin rəhbəri general Teymur Quliyev həyata keçirib. Belə ki, Teymur Quliyev öz ifadəsində bildirib ki, bütün dinləmələri Eldar Mahmudovun tapşırığı və imzası olan sənədlər əsasında həyata keçirib.
Geri qayıt