Yeni təhsil naziri... - Bu şəxslərdən biri ola bilər

Yeni təhsil naziri... - Bu şəxslərdən biri ola bilər 45 gündür ki, təhsil naziri vəzifəsi boşdur. Belə ki, Mikayıl Cabbarovun 2017-ci il dekabrın 5-də təhsil naziri vəzifəsindən azad edilməsindən sonra bu posta yeni şəxs təyin edilməyib. Hələlik təhsil naziri vəzifəsini birinci müavin Ceyhun Bayramov icra edir. İlk günlər Prezident Administrasiyasının şöbə müdiri Yusif Məmmədəliyevin sözügedən vəzifəyə təyin olunması barədə məlumat yayılsa da, bu xəbər öz təsdiqini tapmadı.
Hələlik təhsil naziri postuna bir çox namizədlərin adı hallansa da, təyinat barədə prezident hər hansı sərəncam verməyib. Mikayıl Cabbarovun xələfi kimi daha çox təhsil nazirinin birinci müavini Ceyhun Bayramovun, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın, İqtisad Universitetinin rektoru Ədalət Muradovun, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovun, Azərbaycan Dövlət Dillər Universitetinin rektoru Kamal Abdullanın adları çəkilir.
Pedaqoji elmlər doktoru, Təhsil Şurasının sədri Əjdər Ağayev “Cümhuriyət” qəzetinə bildirib ki, kimi təhsilə nazir təyin etməsi məsələsi birbaşa dövlət başçısının səlahiyyətinə aiddir:
“Kimlərsə istəyir ki, nazir tez təyin olunsun, bəziləri də bunu yubanma hesab edirlər, ancaq mən bunun mahiyyətinin kökündə nəyin dayandığını deyə bilmərəm ”.
Əjdər Ağayev qeyd edib ki, görünür, adıçəkilən şəxslər ictimaiyyət arasında, pedaqoji aləmdə müəyyən mövqeyə, nüfuza malikdirlər:
“Konkret kimin təhsil naziri olacağı yalnız prezident tərəfindən müəyyənləşdirilir. Hərə öz arşını ilə ölçür, amma burada düşünmək lazımdır ki, çox böyük bir nazirliyə rəhbər təyin etmək o qədər də tələsik iş olmalı deyil. Bundan əlavə, nazirliyin strukturunda, eləcə də fəaliyyətinin genişlənməsində, inteqrasiyasında və sairdə bir sıra problemlər var. Qarşıda bunların da həlli dayanır. Təhsil Nazirliyi elə bir sahədir ki, burada hər kəsin marağı var. Ümumiyyətlə, təhsil strateji əhəmiyyətli bir sahədir və bura təyin olunan hər hansı bir kadr mütləq təhsil işindən xəbərdar olmalıdır. Eyni zamanda peşəkar, təşkilatçı, dövlət siyasətini başa düşməlidir və onu lazımınca həyata keçirməlidir. Ola bilər ki, vaxt uzandıqca dövlət başçısı və onun komandası tərəfindən müəyyən müşahidələr aparılır. Aparılan müşahidələrdən hansısa nəticələrə gəlinəcək bundan sonra kimsə təyin olunacaq”.

Ekspert onu da qeyd edib ki, hazırda təhsil nazirinin birinci müavini olaraq Ceyhun Bayramov bu vəzifəni icra edir:

“Hazırda nazirlik öz fəaliyyətindədir və heç bir problemi də yoxdur. Demək istəyirəm ki, Təhsil Nazirliyinin öz aparatında da müəyyən kadrlar var. Hesab edirəm ki, burada kiminsə düşüncəsi və yaxud konkret təklifi həlledici mahiyyət daşımır. Ola bilsin ki, dövlət başçısı elə bir kadr seçəcək ki, o, tam müasir səviyyədə dünya təcrübəsinə yiyələnmiş, operativ fəaliyyət göstərən, səmərəli işlər qura bilən və gördüyü işlərin nəticələri tezliklə görülən bir insan olacaq. Dövlət başçısı kimi nazir təyin etsə, biz də onunla həmfikir olub sistemin daha yaxşı qurulmasına kömək etməyə çalışmalıyıq və əlimizdən gələni əsirgəməməliyik.
Adı çəkilən namizədlərdən konkret olaraq kimin olmasına gəlincə, Əjdər Ağayev o insanların hər birini şəxsən tanıdığını deyib:
“Onların hər biri dəyərli insanlardır. Buna görə də fərdiləşdirmək olmaz. Prezident kimi təyin etsə, onun tərəfdarıyam”.
Geri qayıt