İlqar Məmmədovun işinə britaniyalı vəkil qoşulub

İlqar Məmmədovun işinə britaniyalı vəkil qoşulub Fuad Ağayev: ''Onun İlqar Məmmədovun müdafiəsinə qoşulması işlərin xeyrinə olacaq''

ReAL-ın həbsdə olan sədri İlqar Məmmədovun işinə Böyük Britaniyalı vəkil Ceremi Makfrayt da qoşulub.

Bu barədə vəkil Fuad Ağayev yanvarın 19-da 2 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Ceremi Makbrayt insan hüquqları sahəsində beynəlxalq təcrübəyə malikdir, uzun müddət məşhur İnteradiz təşkilatının rəhbəri olub. Hazırda o, Ukraynanın Rusiyaya qarşı işi aparır. Onun İlqar Məmmədovun müdafiəsinə qoşulması işlərin xeyrinə olacaq:

“Mən ingilis dilində bilsəm də, peşəkar sayıla bilmərəm. Əsas məsələ Ceremi Makbraytın bu sahədə peşəkarlığıdır”, - F.Ağayev deyib.

Vəkil daha sonra deyib ki, o, ötən ilin sonlarından İlqar Məmmədovun yanına gələrkən yoxlamaya məruz qalır:

“Bu dəfə də ona göndərdiyim sənədlər bir sutkadan sonra verilib. Vəkillə müdafiə etdiyi şəxs arasında yazışmalar konfidensial xarakter daşımalı və senzuraya məruz qalmamalıdır. Bu xoşagəlməz yoxlama adi xarakter almağa başlanıb”.

O, bundan sonra İlqar Məmmədovun işi bağlı nə gözlədiyi sualına “proqnoz vermirəm” deyib və prosesdə heç bir dəyişikliyin olmayacağını əlavə edib.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana qarşı Avropa Konvensiyasının 46 maddəsi ilə öz öhdəliyini yerinə yetirməmə məsələsini qaldırıb. Avropa Şurasının 68 illik tarixində hələ heç bir ölkəyə 46-cı maddə ilə öz öhdəliyini yerinə yetirməmə məsələsi tətbiq olunmayıb. Ona görə həmin prosedurun başlamasının Azərbaycandan ötrü hansı nəticələri doğuracağını hələlik heç kəs konkret söyləyə bilmir.
Geri qayıt