Əfqan Muxtarlıya 8 il iş istənildi - Bu gün hökm oxunacaq

Əfqan Muxtarlıya 8 il iş istənildi - Bu gün hökm oxunacaq Bu gün Balakən Rayon Məhkəməsində həbsdə olan jurnalist Əfqan Muxtarlının məhkəməsi keçirilib. Hakim Hümbət Səlimovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək Ə.Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə müşavirəyə çıxıb, günün ikinci yarısında hökmün elan ediləcəyi gözlənilir.

İttihama görə, Ə. Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.

Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb. Ə.Muxtarlı ittihamları qəbul etmir və özünü təqsirsiz hesab edir.
Geri qayıt