“AMAY Abdulla”nın bitməyən tikinti qalmaqalı və ya milyonlar necə mənimsənilib

“AMAY Abdulla”nın bitməyən tikinti qalmaqalı və ya milyonlar necə mənimsənilib Bir neçə il öncə bir mənzilin 3-4 nəfərə satılması faktları ilə tez-tez qarşılaşırdıq. Belə xoşagəlməz hallara “imza atan” şirkətlərdən biri də Abdulla Abdullayevin (AMAY Abdulla) rəhbəri olduğu “Xudafərin MMC” şirkətidir. Şirkət bir neçə il ərzində Atatürk prospekti 30-78 ünvanında tikilən yaşayış binasında 40-dan çox mənzili müxtəlif tarixlərdə 3-4 nəfərə satıb. İndi həmin şəxslər nə pullarını geri ala, nə də mənzil sahib ola bilirlər. Kimə, hansı quruma müraciət etsələr də şikayətləri nəticəsiz qalır.
Sputnik Azərbaycan-ın məlumatına görə, artıq MMC-dən şikayətçi olan sakinlərin sayı 150-ni keçib. Şikayətçi Cəfər Cəfərov deyir ki, o, 2012-ci ildə 130 min dollar ödəyərək həmin binada iki mənzil alıb: "Mənzilimi təmir etdirmək üçün gedəndə məlum oldu ki, mənzilim başqasına da satılıb. Şirkətin məsul şəxslərinə bununla bağlı müraciətlər etsəm də, onlar min cür bəhanə gətirərək problemdən yayınırlar. Cəzalandırılmasını tələb edirik".
Cəfərov bildirir ki, elə sakinlər var, dəfələrlə binanın damına çıxıb intihar etməyə cəhd edib: "Biz də yorulmuşuq, ya mənzilimizi versinlər, ya da pulumuzu qaytarsınlar. Biz yalan vəd istəmirik".
Digər şikayətçi İsmət Novruzov da 2011-ci ildə “Xudafərin MMC”-də mənzil aldığını, hətta mənzilinin bir hissəsini təmir də etdirdiyini deyir. Amma 2013-də mənzil bir başqasına satılıb və həmin şəxs bina hələ tikilib Fövqəladə Hallar Nazirliyinin yoxlamalarından keçməmiş mənzilə "çıxarış" alıb.
İ.Novruzov vurğulayır ki, həmin mənzil üçün 2011-ci ildə 85 min dollar ödəyib: "Özüm 1996-cı ildən ayı 400 manata kirayə yaşayıram. Mənim bu mənzilə çox ehtiyacım var. O pulu da illərlə, qəpik-qəpik yığmışdım".
Binada aldadılan sakinlərdən Rüstəmova Minarənin həyat yoldaşı söyləyir ki, o da 2011-ci ildə “Xudafərin MMC”-dən mənzil alıb və 100 min dollar pul ödəyib. Ancaq sonradan məlum olub ki, mənzil eyni zamanda 3 adama satılıb: "Abdulla Abdullayev 150-ə yaxın şəxsi aldadıb. Mənzillər eyni vaxtda 3 adama satıb. Heç kim mənzilinə yaxın dura bilmir. Özü 200 min manatlıq avtomobildə gəzir, sevgili saxlayır. Biz qalmışıq çöllərdə. Binəqədi rayon Məhkəməsi də bütün sakinlərə qərardad verib ki, mənzil sizindir. Yəni 40-a yaxın mənzilin 150-ə yaxın sahibi var. Bir mənzil 3-4 nəfərə satılıb. Artıq yorulmuşuq, dirənmişik".
A.Abdullayevin aldatdığı sakinlərdən biri də Məmmədov Ceyhun Səfər oğludur. O da mənzil üçün 125 min dollar ödədiyini bildirir: "Mən də bu binada mənzil almışdım. Sonradan məlum oldu ki, mənzilim bir neçə nəfərə satılıb. Gəlib Abdulla ilə danışdım. Dedi ki, Ceyhun Hacıbəyli küçəsində onun kafesi var və mənə pulumun əvəzinə o kafeni verir. Çarəsizlikdən razılaşdım. Apardı, göstərdi, açarlarını verdi. Sonra gedəndə gördüm ki, kilidi dəyişdiriblər. Zəng elədim, dedi ki, onu satışdan çıxarmışıq. Qaldım ortada. Mən o pulu rahat qazanmamışdım və ya küçədən tapmamışdım".
Digər şikayətçi İxtiyar Rəhmanov isə bu binada 2013-cü ildə mənzil alıb. Deyir ki, həmin mənzil üçün 108 min dollar ödəyib, ancaq digər sakinlər kimi aldadılıb.
Sakinlər deyir ki, artıq şikayətlərini kimə edəcəklərini özləri də bilmirlər. Hara, kimə müraciət etsələr də, müraciətləri cavabsız, nəticəsiz qalır. Saytımız vasitəsi ilə şikayətlərinin ölkə başçısına çatdırılmasını istəyirlər:
"Hər yerə müraciət etmişik, kimsə bizi eşitmir. Hamı “Amay Abdulla”dan qorxur. Düşünürük ki, problemimizi bir tək prezident həll edə bilər”.
Xatırladaq ki, “Xudafərin MMC”-nin Atatürk prospekti 30-78 ünvanında inşa etdiyi binanın təməli 2001-ci ildən qoyulsa da, bina mübahisəli olduğu üçün 16 ildir inşası bitməyib və bina təhvil verilməyib. Şirkət sahibindən isə şikayətçi olan onlarla insan var. Problem illərdir həll edilmir.
Geri qayıt