Şəhid qızının qanı batırıldı: Məşhur biznesmenin oğlu azad olundu

Şəhid qızının qanı batırıldı: Məşhur biznesmenin oğlu azad olundu Şəhid Elton Əkbərovun qızı, 1975-ci il təvəllüdlü Könül Əkbərovanı "JEEP” markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobillə vurub öldürən 17 yaşlı Rəhim Rəhimov ev dustaqlığına buraxılıb
Məlumata görə, Səbayel Rayon Məhkəməsinin çıxardığı qərarı Bakı Apelyasiya Məhkəməsi dəyişib.
İş adamı, deputatlığa keçmiş namizəd Akif Rəhimovun oğlu haqda həbs qərarı ev dustaqlığı ilə əvəzlənib. A.Rəhimov övladının azadlığa buraxılması üçün Bakı Apellyasiya Məhkəməsi ilə razılığa gəlib.
Bu haqda amerikapress.com saytı xəbər yayıb və sonra naməlum səbəbdən məlumat saytdan çıxarılıb.
İddialara görə, sövdələşmənin yüksək məbləğdə pulla razılaşdırılması heç də təsadüfi deyil. A.Rəhimov Xırdalanda zavod rəhbəridir və oğlunun həbsdə qalmasına imkan verməyib. Bununla da şəhid qızının qanı batırılıb.
R.Rəhimlinin atası "Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədridir.
A.Rəhimov 2015-ci ildə keçirilən parlament seçkiləri zamanı namizədliyini irəli sürüb. Aktiv seçki kampaniyası aparan A.Rəhimov qalib gəlmək şansları olsa da, qəfil namizədliyini geri çəkib.
Bilinən odur ki, A.Rəhimov "Yeganə Mamed” kimi tanınan, uzun illər "Yeganə” şadlıq sarayını işlədən Mamed Rəhimovun qardaşıdır. M.Rəhimovun yaşadığı problemlər üzündən 2011-ci ildə ölkədən getdiyi də bildirilir.
3 uşaq anası olan K.Əkbərovanı noyabrın 8-də, 19:30-da Bayraq meydanı yaxınlığında "JEEP” markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobil vurub.
Sürücü qadını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. 3 uşaq anası olan qadın hadisə yerində keçinib.
K.Əkbərovanın anası Bəsti Qədimovanın mətbuata israrlı müraciətlərindən sonra Rəhim Rəhimov saxlanılıb.
Məlumata görə, 17 yaşlı yeniyetmənin törətdiyi ağır qəzadan sonra həbs olunsa da, göründüyü kimi məhkəmədə işə baxan hakimlə sövdələşməyə gediblər.
Şəhid qızının qanını batıran həmin hakimin mənəvi əzab çəkib-çəkmədiyi onun özündən asılı olacaq. Hər halda bağışlanmaz bir xəta idi və hakim işə ədalətli baxmalıydı.
Ancaq hakimi şəhid qızı və yetim qalan 3 uşağın taleyi maraqlandırmayıb. Onun anası B.Qədimova demişdi ki, qızını vuran sürücünün idarə etdiyi maşın da daxil olmaqla, 3-4 maşın Salyan şosesində yerləşən "Manqal” restoranına gedirmişlər:
"Bunlar dövlətlilərin uşaqları olub, ad gününə, yeyib-içməyə gedirmişlər. Qəzanı törədib və maşını orada qoyaraq qaçıb. Qızıma yardım etməyiblər, xəstəxanaya aparmayıblar”.
Ümumiyyətlə, ölkədə məmurların və uşaqlarının “yol terroru” dayanmır. bərdədə icra hakimiyyətində şöbə müdiri Zaur Bəylərov 1 nəfərin həyatına son qoyur, Bakıda biznesmen oğlu 3 uşağı anasız qoyur, ondan əvvəl 16 yaşlı iş adamı Fizuli Fərəcovun oğlu Ağəli Fərəcov 2 uşaq anası Xəyaləni “Porşe” ilə öldürür və s. onlarla belə fakt göstərmək olar.
Nəzərə almaq lazımdır ki, seçki ili gəlir, ölkədə gərginlik yaratmaq istəyən qüvvələr var. Bu tərəfdən də belə məmurlar törətdiyi cinayətlərlə vəziyyəti ağırlaşdırırlar, həmin dairələrin əlinə arqument verirlər.
Ona görə də xalq qınağı olmalıdır, qanunla nəzərdə tutulmuş qaydada həmin məmur məsuliyyətə cəlb edilməlidir.
Cəzasızlıq mühiti məmurların bir qədər də arxayınlaşmasına, qudurmasına gətirib çıxara bilər. Necə deyərlər, şar dolana qədər partlamalıdır. Məmurlar, onların həyat və davranışları, övladları hər zaman insanların diqqət mərkəzində olur.
Bu, məntiqlidir, çünki məmurlar vətəndaşların verdiyi vergilərdən, ümumilikdə ölkənin sərvət və gəlirlərindən formalaşan dövlət büdcəsi hesabına yaşayırlar. Onların ictimai nəzarətin obyekti olmaları məhz bu səbəbdən doğrudur.
O məmurlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyəndə, korrupsiyalaşanda, ona idarə etmək üçün etibar edilmiş vəsaitləri talayanda, mənimsəyəndə, vəzifəsi olan işi görmək müqabilində rüşvət alanda və səlahiyyətlərindən sui-istifadə edəndə etirazla qarşılanırlar.
Onların ailələri, övladları həmin oğurlanmış, vəzifədən sui-istifadə yolu ilə qazanılmış vəsaitlər hesabına qudurğanlıq edəndə isə, cəmiyyət o məmurlara qarşı üsyan edir.

Palitika.Az
Geri qayıt