Hacı Məmmədovun şifrəsi bağlı qaldı...

Hacı Məmmədovun şifrəsi bağlı qaldı... Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov ötən gün intihar edib. Artıq intihar faktına görə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, adam oğurluğu və digər çoxsaylı ağır cinayətlər törədən mütəşəkkil dəstə başçısı ötən ildən səhhətində yaranan problemlərə görə dəfələrlə müalicə müəssisəsinə köçürülüb. Son illərdə isə o, heç kimlə görüşmək istəməyib. Ömürlük həbsə məhkum edilən Məmmədovun bu addımı unudulmaq, yaddan çıxmaq məqsədi ilə atdığı deyilirdi.
Hacı Məmmədovun intiharı 2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı zamanı mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs olunması xəbəri kimi ölkədə şok effekti yarada bilib.
Onun adının hallandığı ən qalmaqallı cinayətlərdən biri, eyni zamanda sonuncusu 2005-ci ilin fevral ayında Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanı oğurlaması faktı olub. Qarşılığında 15 milyon tələb etsələr də, planları baş tutmur və elə həmin il MTN tərəfindən saxlanılır.
“Qara kəmər” əməliyyatından sonra illərlə bağlı qalan bir çox sifarişli qətllərin və adam oğurluqlarının üstü açılsa da, bir çoxu yəqin ki, Məmmədovun ölümü ilə sirr olaraq qalacaq.
Keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun işində bir çoxsayda müğənninin də adı hallanıb. Hacı Məmmədovun şou-biznes nümayəndələri ilə yaxşı münasibətdə olması, tez-tez özünə məxsus "Qarabulaq" restoranında müğənnilər üçün xüsusi qonaqlıqlar verməsi artıq hər kəsə məlumdur. Həmin müğənnilər arasında Manana Çaparidze, İlhamə Quliyeva da olub.
Geri qayıt