İki nazirlik və komitə əkin torpaqlarında villa tikənlərə bata bilmir - Qarşıdurma

İki nazirlik və komitə əkin torpaqlarında villa tikənlərə bata bilmir - Qarşıdurma Hazırda Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyi əkilən - əkilməyən torpaqların müəyyən olunması istiqamətində işlər aparır
Bu barədə verilən xəbərə görə, aparılan monitorinqlərdə hansı nəticələrə gəlindiyi açıqlanmır.
Qanunsuz olaraq zəbt edilən əkinə yararlı torpaqların icarə müqavilələri ləğv ediləcəyi gözlənilir.
Bu gün Azərbaycanda 30 min hektar əkinə yararlı torpaq çatışmazlığı var. Elə torpaqlar var ki, əkinə yararlı olsa da, çəpərlənib, villalar ucaldılıb.
Prezidentin imzası ilə qanuna edilən dəyişikliklərdə cərimələr də nəzərdə tutulub.
Amma əkinə yararlı torpaqlarda ucaldılan villalara görə İcra hakimiyyətləri məsuliyyət daşıyır. Deputat Eldar Quliyev də icra başçılarını ittiham edib.
Onun sözlərinə görə, villalar o hektarların bir küncündə qalır: “400-500 kvadratmetrlik sahədə ev tikibsənsə, heç olmasa həyətində ək-biç.
Mən yerli İcra Hakimiyyətlərini günahlandırıram. Əkinə yararlı torpaqları hissə-hissə satıb qurtarıblar.
Satırsınız əkinə yararsız, şoranlaşmışı satın, bataqlıq olan hissələri qurudub satın. Amma kənd təsərrüfatı üçün əkinə yararlı torpaqlarda işiniz olmasın.
Əldə etdiyimiz bilgilərə görə, aparılan monitorinqlər nazirlərin, müavinlərinin, müxtəlif vəzifə sahiblərinin, deputatların, ayrı-ayrı idarə rəislərinin həmin torpaqlarda villalar, malikanələr ucaldıldığını ortaya qoyub.
Amma hər iki nazirlik və komitə onlara bata bilmir. Çünki əkinə yararlı torpaqları həmin vəzifəli şəxslərə icra hakimiyyətləri satmaya da bilməzdi. Onların qarşısında boyun əyiblər.
Məsələn, Xətainin icra başçısının MTN çetesində olan rütbəli şəxslərə peşkəş etdiyi ərazilərdə mülklər ucaldılıb. Həmin vaxt Xətai RİH Eldar Mahmudovun adamlarına etiraz edə bilməzdilər.
Verilən xəbərə görə, villalar bir küncdə olsa da, hektarlarla ərazilər hasarlanıb. Həmin torpaqlar səmərəli istifadə oluna bilərdi.
Lakin hər daşın, hər torpağın altından bir yüksək vəzifəli şəxs çıxır. Ona görə də KTN, İN və komitənin monitorinqləri nəticə vermir.
Təftişin ilk nəticələri tükürpədicidir. Belə məlum olur ki, əksəriyyəti yüksək vəzifəli şəxslər olmaqla, əkin sahələrini ələ keçirib orada dəbdəbəli villalar ucaldan xeyli şəxs var.
Hazırda yüzminlərlə hektar əkinə yararlı torpaq faktiki olaraq ya təyinatı üzrə tamamilə istifadəsizdir, ya da orada şəxsi mülklər, imarətlər inşa olunub.
Qeyd edək ki, bu torpaq sahələri ilə bağlı məsələyə son vaxtlar ölkə başçısı İlham Əliyevin çıxışlarında da tez-tez toxunulur.
Sonuncu dəfə bu il sentyabrın 17-də Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən böyük torpaq sahələrinin daha da səmərəli şəkildə dövriyyəyə buraxılacağını bildirib. Ölkə başçısı qeyd edib ki, məsələ ilə bağlı bu il çox ciddi təftiş aparılır:
“Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir”.
Prezident bundan əvvəlki çıxışlarında böyük torpaq sahələrini zəbt edənlər arasında məmurların da olduğunu, hətta onlardan bir çoxunun adlarının da aşkarlandığını demişdi.
Azərbaycanda hətta on minlərlə hektar torpaq sahəsini ələ keçirmiş yüksək çinli məmur var. Bu qədər böyük torpaq sahəsinin onun nəyinə gərək olduğunu demək çətindir.
Bilinən odur ki, başda bəzi nazirlər, nazir müavinləri, icra başçıları olmaqla zəbt olunan iri torpaqların əhəmiyyətli qismi əkilib-becərilmir. Baxmayaraq ki, onlara məhz əkin adı ilə yiyələniblər.
İllərdir əkinə yararlı böyük torpaq sahələrini ələ keçirmiş, onu əkin məqsədilə istifadəsiz saxlamış, bu da azmış kimi, həmin torpaqlardan başqa məqsədlər, məsələn, şəxsi imarətlər, villalar tikmək üçün yararlanmış belə məmurların sərt cəzalandırılması mümkündür. Amma...
Geri qayıt