Biznesmenin qatil qızı yenidən dəlixanada – Qərar dəyişdirildi

Biznesmenin qatil qızı yenidən dəlixanada – Qərar dəyişdirildi Bakıda bacısının başını balta ilə kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın barəsində olan məhkəmə qərarından prokurorun apelyasiya protestinə baxılıb.

Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə protest araşdırılıb.

İttihama görə, 2014-cü ilin oktyabrında 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib.

Pərvanə Nuriyeva mübahisə zəminində bacısı Günel Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra başını kəsib.

Pərvanə Nuriyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

2015-ci il noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Pərvanə Nuriyevaya hökm oxunub.

Məhkəmə Pərvanə Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Pərvanə Nuriyevanın yaxınları Sabunçu rayon Məhkəməsinə müraciət edib. Onlar Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin ləğv edilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib.

Bu qərardan narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Sabunçu rayon Məhkəməsinin qərarının ləğv edilməsini, Pərvanə Nuriyevanın barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin bərpa edilməsini istəyib.

Prokurorun protesti ilə bağlı araşdırma aparan hakim heyəti qərar elan edib. Protest təmin edilib, Pərvanə Nuriyevanın 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinə saxlanılması qərara alınıb.

Qeyd edək ki, Nuriyeva bacılarının atası Etibar Nuriyev məşhur biznesmendir. Onun Şəki şəhərində xeyli obyektlərinin olduğu deyilir.
Geri qayıt