“Qoca”ya qarşı keçirilən əməliyyatın – TƏFƏRRÜATI

“Qoca”ya qarşı keçirilən əməliyyatın – TƏFƏRRÜATI “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətində keçirilən əməliyyatla bağlı yeni təfərrüat məlum olub.

Əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları keçirib.

Belə ki, Etibar Məmmədov və İlqar Əzimovun noyabr ayının 1-də gecə saatlarında İ.Əzimova məxsus avtomobildə Bakı sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyənləşdirilib və onların saxlanılması üçün BMCMİ tərəfindən xüsusi əməliyyat keçirilib.

Həmin şəxslərin olduğu avtomobil Nəvai postunda polisin qanuni tələbinə tabe olmayıb, hətta sürücü avtomobili polislərin üstünə sürüb və qanun keşikçilərinə tapançadan atəş açılıb.

Əraziyə BMCMİ əməkdaşları gəlib. Qaçan şəxslər onlara da atəş açıb. Bundan sonra polislər də xidməti silahdan atəş açmağa başlayıb. Atəşlə qaçan şəxslərin olduğu avtomobilin təkərləri boşaldılıb. Bundan sonra da onlardan ikisi – “Qoca” və digər bir nəfər tapançadan polis əməkdaşlarına atəş açmaqda davam ediblər. Cavab atəşi nəticəsində Etibar Məmmədov və İlqar Əzimov yaralanıb. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər. Şahmar Bəyəlizadə və yaralı Anar Əsgərov isə tutulub.

BMCMİ əməkdaşlarının yüksək peşəkarlığı ilə keçirilən əməliyyat zamanı polis əməkdaşlarından yaralanan olmayıb.

Xatırladaq ki, cinayət törətməkdə təqsirləndirilən Etibar Məmmədovun və adları çəkilən digər şəxslərin olduğu avtomobilə baxış zamanı iki ədəd “Makarov” markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilərək götürülüb.

Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Geri qayıt