Oğlu polkovnik öldürən Xaliq Faiqoğlunun şirkətinə yeni dəhşətli ittihamlar

Oğlu polkovnik öldürən Xaliq Faiqoğlunun şirkətinə yeni dəhşətli ittihamlar Bakıda ictimai nəqliyyatda fəaliyyət göstərən “Xaliq Faiqoğlu” MMC şirkətinin marşrutundan şikayətçi olan vətəndaş redaksiyamıza yazıb
114 saylı avtobusdan istifadə edən Əliyev Cavid Hacı oğlu ciddi problemləri açıqlayıb.
Onun sözlərinə görə, “20 Yanvar” metrosundan Pirəkəşkülə işləyən 114 saylı marşrut xəttindən narazıdır:
“Bu marşrut avtobusları 20 Yanvar metrosundan çıxaraq Biləcəri dairəsinə - Sulutəpə dairəsi - Şamaxı yolu ilə Hökməli, Nübar, At yalı, adı bəlli olmayan yaşayış məntəqələri, Müşfiqabad və Pirəkşkülə kimi uzun bir yol qət edir.
Əslində, Şamaxinkanı keçəndən sonra nəyə görə yolumuzu uzadaraq Biləcəri dairəsinə girib ləngiyir, düz niyə getmir, aydın deyil.
Axı əvvəllər gedirdi?! Nəzərə alaq ki, avtobusun getdiyi bu qədər məsafədə yerləşən qəsəbələrdə minlərlə əhali yaşayır.
Bu qədər qəsəbənin əhalisini isə aparıb-gətirmək üçün vur-tut ancaq 114 saylı avtobus var. Həmin marşrut xəttini “Xaliq Faiqoğlu” şirkəti amansız və pis formada idarə edir.
Onun şəhərdə bir neçə marşrut xətləri var. Şəhərdə istismar müddətini çoxdan başa vurmuş və yararsız hala düşən avtobusları yeniləyən kimi həmin köhnəlmiş avtobusları gözdən-qulaqdan uzaq olan bu qəsəbəyə verir.
Onlar da tam yararsız vəziyyətdə, texniki standartlara cavab verməyən, təhlükəli avtobuslardır. Həm də avtobusu idarə edənlər olduqca cavan, dikbaş, əksəriyyəti sürücülük vəsiqəsi olmayan adamlardır.
Bu avtobusa nəzarət edən yoxdur. Sərnişinlərlə davranış mədəniyyətləri 0 dərəcədə, sərnişinlərlə kobudcasına rəftar edir, hətta onları belə söyürlər. Daim bu avtobus xəttindən belə-belə şeylərə görə şikayətlər minlərlə olub. Amma nə faydası?!”
Bu marşrut xəttini sahibi alternativ xətt açılmasına imkan vermir.
C.Əliyev yazıb ki, bir vaxtlar “Xaliq Faiqoğlu” şirkəti müvafiq qurumlar arasında mübahisə yarandığı haqda mətbuat yazırdı:
“Bu marşrut xətti boyu çoxlu sayda yaşayış məntəqələri olduğundan 114 saylı avtobus bu qədər sərnişini basabas, qapısı açıq, mədəniyyətsiz və s. qaydada daşımağa belə yenə də gücü çatmır. Şirkət avtobusların sayını öz şəxsi mənafeləri ucbatından artırmır.
O günü xəbərlərdə oxuyuram ki, şirkət deyib ki, problemlərdən xəbərimiz var, guya avtobusların sayın 14-də 22 ya 24-mi qaldırıblar. Qəti surətdə yalan deyirlər, elə əvvəldən onlarda avtobus sayı 24 idi.
Mən bu məlumatları uzun müddət bu avtobusdan istifadə etdiyimdən sürücülərdən eşitmişəm. Hər gün avtobusda gedib-gələn qeyd etdiyim qəsəbə sakinləri arasında dava düşür.
Pirəkəşkül sakinləri avtobusda gedən digər qəsəbə sakinlərinə deyirlər ki, bu avtobus bizim qəsəbəyə gedir bizimdir, digərləri minməsin.
Hər gün avtobusda o dərəcədə basabas olur ki, sərnişinlərin bir qismi qapı açıq formada pilləkəndə sallanaraq gedir. Bu da nə dərəcədə təhlükəlidir, hamımız yaxşı bilirik.
Hətta bunu bir neçə dəfə televiziyada çəkib göstərsələr də şirkət rəsmisi deyir ki, adam çox mindiyindən bəzən qapı xarab olur, bağlanmayır və sərnişinləri boşaldandan sonra avtobus qaraja gedir. Bunlar hamısı ağ yalan və camaatı ələ salmaqdır.
Olur ki, bəzən mən özüm 5 dənə avtobus buraxıram, yenə də minə bilmirəm. Az qala yarım saatlarla vaxtım itir, məcbur olub axırda taksi ilə gəlirəm ki, bu da bizim cibimizə əlavə xərcdir.
Biz artıq bezmişik. Əlavə xətt olsa insanlar həm rahat gedər, həm də onlar da bəlkə insan kimi adam daşıyarlar”.
Xatırladaq ki, şirkətin rəhbəri Faiq Seyidovdur. Onun fəaliyyəti tez-tez gündəmə gəlir. Bundan əvvəl general Novruzəli Orucovun oğlu bu firmanın 85 saylı marşrutunda şofer işləyən şəxsi döyməsi ilə mətbuatın “ulduz”una çevrilmişdi.
Sonra isə ağır qəza törətməsi ilə diqqət mərkəzinə gəlmişdi. Belə ki, onun oğlu Xaliq Seyidov 2014-cü ildə ağır qəza törədib.
Nəsimi rayonu, “3-cü mikrorayon dairəsi” kimi tanınan ərazidə 10-LU-090 dövlət nömrə nişanlı “Mercedes GL” markalı avtomobillə Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub. E.Məmmədov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
E.Məmmədov 2005-ci ilin oktyabr ayından etibarən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsində baş zabit vəzifəsində polkovnik-leytenant olaraq işləyirdi.
İş üzrə araşdırma Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən aparılıb. Lakin məlum olmayan səbəblərdən, biznesmenin oğlu barəsində heç bir ölçü götürülməyib.
Bundan əlavə, Faiq Seyidovun adı həmçinin “Safastore” mağazasının qarşısında “Riyad” mühafizə xidməti əməkdaşları ilə qarşıdurmada hallanıb.
Belə ki, həmin hadisələrdən sonra iş adamı Azadxan Xanməmmədov həbs edilib. Sahibkarın oğlu kübar həyat tərzi keçirməyi xoşlayır.
Sitat: “Xaliq Seyidov atasının vergidən yayındırdığı vəsaitlər hesabına özünə bir neçə bahalı avtomobil alıb.
Məsələn, iş adamının oğlunun sərəncamında Az 10 LU 090 dövlət nömrə nişanlı ”Mercedes GL”, Az 10 OF 090 dövlət nömrə nişanlı “Range Rover” və digər avtomobillər var”. Qarşı tərəfi də dinləməyə hazırıq.

Palitika.Az
Geri qayıt