Arzu Rəhimov Ramiz Yediyarovun “veteranlıq” alverinə icazə verdi- ŞİKAYƏT

Arzu Rəhimov Ramiz Yediyarovun “veteranlıq” alverinə icazə verdi- ŞİKAYƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ramiz Yediyarovun “veteranlıq” alverinə icazə verib. Bu barədə Gədəbəy rayonundan olan bir qrup sakinin müraciətində bildirilir.

Müraciətdə deyilir: “Ötən ilin aprel döyüşləri gedən ərəfədə rayonun icra başçısı R.Yediyarov 700 nəfərə yaxın şəxsdən veteranlıq statusu verilməsi üçün, adambaşına 500-1000 manatdan olmaqla pul yığdırmışdı. Həmin şəxslərin siyahısı təsdiq olunmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə-Arzu Rəhimovun İdarəsinə göndərilmişdi. Lakin, məlumat ictimailəşdiyindən həmin siyahı təsdiqlənməyərək geri qaytarıldı. Amma, bu yaxınlarda həmin siyahı yenidən Rəhimovun idarəsinə göndərilib və təsdiq olunub. Artıq həmin şəxslərə veteran pulları ödənməyə başlanılıb.

Təsəvvür edirsinizmi, atəşkəsdən 23 il sonra, veteranlıq statusu almaq iddiası ilə bu 23 ildə heç bir dövlət orqanına müraciət etməyən, bəlkə də güllə səsi eşitməmiş adamlara pul müqabilində status satılıb. Bu şəxslərin bir çoxu dövlət idarələrinin işçiləridir. Məlumdur ki, veteran statuslu şəxs həm də gəlir vergisindən azaddır. R.Yediyarovun və A.Rəhimovun bu əməli dövlət büdcəsini birbaşa ildə 350- 400 min manat əlavə xərcə salmaqla həm də yüz min manatlarla vəsaitin vergidən yayınmasına səbəb olur. Vəzifədə olduğu 6 il ərzində dövlət büdcəsinə bir qəpik pul qazandlrmağı bacarmayan, işi gücü sahibkarlardan, tikinti tikdirənlərdən rüşvət yığmaq olan bu adamın yuxarıda göstərilən əməli cinayət deyilmi? Hələ bu əməlin dövlətə vurduğu ziyan bir tərəfə dursun, müharibə gedən ölkədə veteranlıq statusunun pulla satılmasına əxlaqsızlıqdan, vətən xainliyindən başqa nə ad vermək olar?

Biz prezident İlham Əliyevdən də xahiş edirik ki, bu cinayətin araşdırılması və tədbirlər görülməsi üçün hüquq mühafizə orqanlarına göstəriş versin. Eyni zamanda ölkənin içtimai, siyasi, hərbi xadimlərini bu məsələyə münasibət bildirməyə dəvət edirik”.

Mövzu ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Gədəbəy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da sullarımız cavabsız qaldı. Qarşı tərəfin də mövqeyini öyrənib, dərc etməyə hazırıq.

(AzEuroNews.com)
Geri qayıt