4 saat dindirilən, villası üçün 1.5 milyon alan İltimas Məmmədov haqda ilginc iddialar

4 saat dindirilən, villası üçün 1.5 milyon alan İltimas Məmmədov haqda ilginc iddialar Bakı Ağır Cinayətlər Məhkəməsində mətbuatın şərti olaraq, "Rabitə işi” adlandırdığı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq yüksək rütbəli məmurları barəsində cinayət işinin məhkəməsi davam edir.

Məhkəmə prosesi adıçəkilən nazirlikdə uzun illər davam etmiş korrupsiya və digər qanunsuzluqları bir daha üzə çıxarmaqla çoxsaylı suallara cavab verməkdə, aydınlıq gətirməkdədir.

Bununla belə, "Rabitə işıi”nin istintaqı və məhkəməsi zamanı qaranlıq qalan məqamlar, suallarını gözləyən cavablar da az deyil. Bunlardan ən əhəmiyyətliləri isə heç şübhəsiz ki, RYTN-in nazir müavini İltimas Məmmədovun adı ilə bağlıdır.

Qeyd edək ki, bizə daxil olan məlumatlarda, "Rabitə işi”nin ilk günlərindən məhz onun da istintaqa çağırıldığı və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində RYTN-in sabiq yüksək rütbəli məmurları ilə bağlı aparılmış cinayət işi çərçivəsində həm də, düz 4 saat dindirildiyi deyilir.

Daha maraqlısı isə odur ki, bu qədər dindirmədən və istintaqa ifadəsindəki bir sıra etiraflarından sonra İ.Məmmədov necə olub ki, azadlıqda qalmağı, ən azı, "Rabitə işi”nə təqsirləndirilən şəxs qismində cəlb edilməməyi bacarıb?

Məsələn, hazırda nazirin birinci müavini olan İltimas Əhməd oğlu Məmmədov istintaqa ifadəsində göstərib ki, 23 dekabr 2005-ci il tarixdən Azərbaycan Respublikası Rabitə və yüksək texnologiyalar nazirinin müavini, 22.06.2014-cü il tarixdən hazırkı vaxta kimi isə nazirin birinci müavini vəzifəsində işləyir. O, deyib ki, nazirliyin işçilərinə "paket” şəklində aylıq pullar verilməsindən məlumatlı idi. Belə ki, RYTN-in Aparatının sabiq rəhbəri Vidadi Zeynalov tərəfindən onun özünə əvvəllər "paket” şəklində ayda 15 min manat, daha sonra qısa müddət ərzində 20 min manat, son bir ildə isə 30 min manat pul verilib.

Lakin nazir müavini "həmin pulların konkret olaraq hansı mənbələrdən daxil olmasından məlumatı olmadığını” deyib. Məmmədov iddia edir ki, nazirliyin digər işçilərinə verilən aylıq "paket”dən xəbərsiz idi.

Maraqlıdır, dövlətin təyin etdiyi maaşdan kənarda hər ay bu qədər artıq məbləğdə "paket maaş” almaq qanun pozuntusu deyilmi? Hətta hesab etsək ki, nazirin indiki birinci müavini vaxtilə nazirliyin strukturlarında dövlətə çatacaq gəlirlərin mənimsənilməsində, xərclərin şişirdilməsində və ya pulların "katyol”a toplanıb bölüşdürülməsində hər hansı formada iştirak etməyib, ən azı. Həmin bölüşdürmədən pay almaqla bu qanunsuz prosesə qoşulmuş olmurmu?

Hələ onu demirik ki, İ.Məmmədovun şəxsi biznesi ilə bağlı da indiyədək rəsmən təsdiqlənməsə belə, təkzib də edilməyən iddialar var. Hər halda bu biznesi o, nazir müavini maaşı ilə qurmayıb. Belədə Məmmədovun RYTN daxilindəki məlum korrupsiya şəbəkəsi ilə bağlılığı yönündə şübhələr daha da artır.

Daha bir ilginc məqam. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) keçmiş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində nazirliyin stukturlarından korrupsiya və xərclərin şişirdilməsi yolu ilə "obşıy katyol”a toplanan pullardan nazir müavini İ.Məmmədovun özünə villa tikmək üçün bir dəfəyə 1,5 milyon manat götürdüyünü bildirib.

Ən ilginci isə odur ki, İ.Məmmədov özü mətbuata açıqlamasında "bu barədə danışmaq istəmədiyini” (?!) deyib.

Əvvəla, B.Hüseynovun dediklərindən də belə başa düşmək olur ki, hazirki birinci müavin nazirlikdəki korrupsiya əməliyyatlarından yalnız "paket maaş” almaqla faydalanmayıb, başqa şəkillərdə də bu "yeyinti şəbəkəsi”nin faydalarını görüb.

İkincisi, bir yüksək çinli məmura qarşı bu qədər ağır ittiham irəli sürülür, amma o "bu haqda danışmaq istəmədiyini” söyləməklə kifayətlənirsə, bunun heç bir hüquqi və məntiqi izahı yoxdur. Gəlin razılaşaq ki, hər hansı Avropa ölkəsində bu ittihama görə də, ittiham olunan şəxsin həmin ittihama münasibətinə görə də aləm bir-birinə dəyər, həmin yüksək vəzifəli şəxs ən azı istefa verərdi.

Amma belə görünür, İ.Məmmədov haqqında çoxsaylı suçlamalara, digər bir çox şübhəli məqamlara baxmayaraq, "Rabitə işi”ndən kənar qalmağı tamamilə bacarıb, hələ bu azmış kimi, nazirlikdəki vəzifəsini də qoruya bilib. Bunun konkret səbəblərini demək çətindir, amma müxtəlif versiyaları dilə gətirmək olar.

Həmin versiyalardan biri belədir: ola bilərmi ki, hazirki rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu sahəyə yad olduğu üçün İltimas Məmmədova ehtiyac duyur? Yəni, nazirin birinci müavininin məsuliyyətdən azad olmasında və postunu qoruya bilməsində onun çalışdığı sahəyə bələdliyi, elə bu mənada da nazirin işinə yaraması versiyasının həlledici rol oynaması mümkündürmü? Niyə də olmasın?!

Qəti cavab isə yəqin elə RYTN-in özündən gəlməlidir.
Geri qayıt