Hakimiyyətin başağrısına çevrilmiş qurumlar hansıdır?

Hakimiyyətin başağrısına çevrilmiş qurumlar hansıdır? Hakimiyyət daxili problemləri həll etməyə çalışır. İqtidar istəmir ki, yerlərdən şikayətlər böyüsün, etirazlara səbəb olsun. Bu baxımdan hökumət baş bəlasına çevrilmiş komitələr, idarələr, nazirliklərlə bağlı siyasətində dəyişikliklər etməkdədir.

İqtidardakı mötəbər mənbələrdən verilən məlumata görə, xalqın ən çox narazı olduğu sahələr Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidməti, “Azərişıq” ASC, “Azəriqaz” İB, Dövlət Sosial Müdafiə Fondudur.

Bu sosial qurumların yerli şöbələrindən şikayətlər kütləviləşir. İnsanlar qapı-qapı süründürülür, müraciətlərinə baxılmır, rüşvətlə həll olunur, minnət-xahişlə yerinə yetirilir.

Oxucular da şahiddir ki, bölgələrdə, şəhərlərdə və Bakıda tez-tez şikayətlər məhz bu qurumlardan olur. İnsanların şikayətinə qanuni çərçivədə baxılmır.

Eyni sözləri fermerlərin başına bəla olan Dövlət Baytarlıq Xidməti, Meliorasiya və Su Təsərrüfatı ASC və iş adamlarının qənimi Standartlaşdırma, Patent və Meterologiya Komitəsi barədə danışmaq olar.

Hakimiyyətin korrupsiyaya uğramış və fəaliyyəti erroziya vermiş məmurlar xalqla ünsiyyətdən qaçırlar. Nazir və icra başçıları isə xalqla görüşdən qaçır, siyasi fərarilik edir, camaatın önünə başıuca çıxa bilmir.

Prezident də peşəkar siyasətçi kimi bu gedişatı gözəl müşahidə edir və təhlillər aparır. Ölkə başçısı heç şübhəsiz ki xalqın ən çox narazılıq etdiyi məmurlarla bağlı ölçü götürməyi nəzərdə tutub.

İqtidardakı mötəbər mənbələrdən verilən məlumata görə, Buna qədər nazirlər rayonlarda səyyar görüşlərə göndərilir, vətəndaşlarlla qəbul keçirilirdi. Ancaq hakimiyyətin bu siyasəti nəticə vermədi.

Çünki xalqın şikayətlərinin yaranmasında əsl səbəbkar da həmin nazirlər, komitə sədrləri, onların himayədarlıq etdiyi icra başçılarıdır.

Odur ki istərsə mətbuat vasitəsi ilə, istərsə teleqramla edilən müraciətlər birbaşa prezidentə olur. Xalqın yeganə ümid yeri dövlət rəhbəridir ki İ.Əliyev hər çıxışında məmurlara xəbərdarlıq edir, problemləri göstərir.

Bu günə kimi heç bir nazir öz sahəsindəki boşluqları dilə gətirməyib, narahatlığı ifadə etməyib. Əksinə, öz fəaliyyətini yeri gəldi-gəlmədi tərifləyib. Prezident isə hər müşavirədə səhvləri göstərir, tənqid edir, hətta müxalifətə belə arqument qoymur, nazirlərə, məmurlara sərt təpki verir.
Geri qayıt