Elçin İsmayıllı məhkəməsində Əli Kərimlinin dindirilməsini istədi

Elçin İsmayıllı məhkəməsində Əli Kərimlinin dindirilməsini istədi Bölgə müxbiri kimi, müstəqil media orqanları ilə əməkdaşlıq edən və bu ilin fevralında DTX tərəfindən həbs olunan jurnalist Elçin İsmayıllının işi üzrə məhkəmə istintaqı tamamlanıb. Sentyabrın 8-də keçirilən məhkəmədə dövlət ittihamçısı çıxış edərək, jurnalistin 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib. Şəki Ağır Cinayətlər Məhkəməsində bu gün Elçin İsmayıllının işi üzrə baş verənlər haqda “Azadliq.info”ya jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.
Bölgə müxbiri kimi, müstəqil media orqanları ilə əməkdaşlıq edən və bu ilin fevralında DTX tərəfindən həbs olunan jurnalist Elçin İsmayıllının işi üzrə məhkəmə istintaqı tamamlanıb. Sentyabrın 8-də keçirilən məhkəmədə dövlət ittihamçısı çıxış edərək, jurnalistin 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib. Şəki Ağır Cinayətlər Məhkəməsində bu gün Elçin İsmayıllının işi üzrə baş verənlər haqda “Azadliq.info”ya jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.
Daha sonra Elçin İsmayıllı AXCP sədri Əli Kərimlinin məhkəməyə çağrılması haqda vəsatət qaldırıb. Jurnalist vəsatətini əsaslandırarkən bildirib ki, itthamda Əli Kərimlinin də adı keçir. İddia olunur ki, guya Elçin İsmayıllı Əli Kərimlinin göstərişi ilə hərəkət edib. Amma jurnalist ittihamda yazılanların yalan olduğunu bildirib. Deyib ki, Əli Kərimli ilə heç bir əlaqəsi yoxdur, onu yalnız partiyanın iclaslarında iştirak edib.
Amma hakimlər vəsatəti təmin etməyib.
Daha sonra Elçin İsmayıllı ilə keçən ilin oktyabrına qədər rayonun Mədəniyyət və Turizm İdarəsinin rəhbəri olmuş Azər Abbasov arasındakı görüşün gizli çəkilişi nümayiş olunub.
Elçin İsmayıllının vəkilləri videonun montaj edildiyini, görüşdə və əməliyyat zamanı DTX əməkdaşları ilə söhbətdə söylədiklərinin çıxarıldığını bildirərək, çəkilişin sübutlar siyahısından çıxarılmasını istəyib. Vəkillər bildirib ki, videoya müdaxilə olunub və saxtalaşdırılıb.
Amma hakim videonum saxtalaşdırılmadığını bildirib və vəsatəti təmin etməyib.
Elçin Sadıqov deyir ki, hakimlər bəri başdan sübutlara qiymət verməklə qanunu pozdular. Vəkilin sözlərinə görə, hakim müşavirə otağına gedənə qədər sübutlara qiymət verə bilməz. Rəşid Hüseynov isə indidən deyir ki, bu sübut qanunidir.
İş üzrə zərərçəkmiş olan Azər Abbasov məhkəmədə demişdi ki, Elçin İsmayıllı ondan pul tələb etməyib. Onu illərdir tanıdığını deyən Abbasovun sözlərinə görə, yeni il öncəsi Elçinə 100 manatı bayram keçirmək üçün pul verib. Həmin vaxt otağında gizli kamera olmasından da xəbəri olmayıb.
Həbs olunan gün verilən 1000 manata gəlincə, Elçin İsmayıllı deyir ki, Abbasovdan borc istəmişdi. Əvvəllər də ondan bir neçə dəfə borc alıb, qaytarıb.
Azər Abbasov məhkəmədə bildirib ki, həbs olunarkən Elçin İsmayıllıya verdiyi 1000 manatı ona icra başçısı Mirdaməd Sadıqov verib Elçinə çatdırmasını istəmişdi. Amma o, görüşdükləri kafeyə gizlik kamera quraşdırılması, pulun məqsədli şəkildə göndərilməsindən xəbərsiz olduğunu bildirib.
Yeri gəlmişkən, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov da bu iş üzrə istintaqda dindirilib. İttiham aktında məhkəmədə dindirilməli şahidlərin siyahısında onun da adı var. Ötən məhkəmə iclasında hakim vəkillərdən Mirdaməd Sadıqovun dindirilməsinə ehtiyac olub-olmadığını soruşanda müdafiəçilər bildirmişdilər ki, mütləq məhkəməyə çağrılmalıdır. Onun istintaqdakı ifasi ilə kifayətlənmək olmaz. Çünki onun ifadəsi ilə zərərçəkmiş Abbasovun məhkəmədə söylədikləri arasında kəskin ziddiyyətlər var. Həmin ziddiyyətlərə aydınlıq gətirilməlidir.
Buna baxmayaraq, hakimlər icra başçısını məhkəməyə çağırıb dindirmədi.
Elçin İsmayıllının vəkilləri prokurorun çıxışından sonra məhkəmədən vaxt istəyib. Məhkəmə onlara çıxışa hazırlaşmaq üçün sentyabrın 15-nə qədər vaxt verib.
Elçin İsmayıllı bu ilin fevralında həbs olunun. Ona qarşı CM-nin 182 (hədə-qorxu ilə tələb etmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Geri qayıt