Heydər Əsədovla bağlı hansı qərar veriləcək? - Gözlənti
- 2-06-2017, 11:44
- 90 892
Bəs görəsən, hökumət Kənd Təsərrüfatı Nazirliyini ləğv etməkdən imtina edəcəkmi? Digər tərəfdən, hazırda qeyri-neft sektorunun prioritet sahəsi hesab olunan kənd təsərrüfatının inkişafına birbaşa məsul olan bu nazirliyin ləğvi nə dərəcədə doğru olardı?
“Yeni Müsavat”ın bu suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilib-edilməyəcəyini proqnozlaşdırmaq çox çətindir: “Bu həm də siyasi bir qərardır və ona görə də bu qərarı ölkə prezidenti qəbul edir. Sual isə odur ki, bu nazirliyin qalması daha əlverişlidir, yoxsa digər qurumlara birləşdirilməsi? Əslində Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyinə birləşdirilməsi struktur islahatları baxımından, eləcə də xərclərə qənaət edilməsi baxımından əlverişli olsa belə, o nazirliyin ləğv olunması iqtisadiyyat üçün müəyyən çatışmazlıqlar yarada bilər. Struktur islahatı olaraq mən bəzi qurumların birləşdirilməsini məqsədəuyğun hesab edirəm. Ancaq hesab edirəm ki, indiki məqamda Kənd Təsərrüfatı Nazirliyi spesifik bir qurumdur. Buna görə də postneft dövründə bu nazirliyin saxlanılması daha məqsədəuyğun olardı”.
Ekspert onu da vurğuladı ki, hazırda Azərbaycanda ən prioritet sektor məhz kənd təsərrüfatı sahəsidir: “Biz qeyri-neft sektoruna və bu sektorda aqrar sektorun payına diqqət yetirsək görərik ki, ÜDM-də aqrar sektorun payı təxminən 6 faizdir. Ancaq Azərbaycanın qeyri-neft ixracatında əsas dominant sektor aqrar sektordur. Bu gün qeyri-neft ixracatının təxminən 65 faizi kənd təsərrüfatının payına düşür. Bu isə o deməkdir ki, ölkədən ixrac edilən hər 100 dollarlıq ixracatın 65 dolları kənd təsərrüfatında istehsal edilən məhsuldur. Aqrar sektor hazırda prioritet olduğuna görə bu sektorun həm ixracatda, həm də daxili tələbin təmin olunmasında rolu böyükdür. Bu həm də idxalın məhdudlaşmasına gətirib çıxarıb”.
İqtisadçının sözlərinə görə, artıq idxalın yerli istehsal məhsulları ilə əvəzlənməsi siyasətinə start verilib: “Dövlət orqanlarının 2018-ci il yanvar ayının 1-dək məhsul idxal etməsi qadağan edilib. Hazırda idxalın əvəzlənməsi prosesi gedir. Bu isə birbaşa olaraq istehsal edilən kənd təsərrüfatı məhsullarının həcmindən asılı olacaq. Azərbaycan daha çox kənd təsərrüfatı ixrac edəcəksə, idxalın azaldılması prosesini də həyata keçirə bilər. Deməli, yalnız ixracatda deyil, həm də idxalın əvəzlənməsində kənd təsərrüfatının rolu böyükdür. Ona görə də, biz struktur islahatlarının tərəfdarı olsaq da, indiki məqamda Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin davam etməsi daha məqsədəuyğundur. Çünki birbaşa prioritet sektora nəzarət edir. Bu sahənin ixracatda payı böyükdür. Ölkənin ərzaq təhlükəsizliyinin formalaşmasında payı kifayət qədər böyükdür. Ona görə də, hazırda belə bir quruma ehtiyac var”.
Vüqar Bayramov onu da vurğuladı ki, struktur islahatlarının davam etdirilməsi olduqca vacibdir: “Enerji və su sektorunda vahid qurumların yaradılmasına ehtiyac var. Məncə, struktur islahatları Kənd Təsərrüfatı Nazirliyinin yox, digər qurumların birləşdirilməsi və ləğvi ilə davam etdirilməlidir. Məsələn, su ilə bağlı vahid bir agentliyin formalaşdırılması mümkündür”.
İqtisadçı onu da qeyd etdi ki, büdcə xərclərinə qənaət edildiyi hazırkı durumda dövlət qurumları üçün yeni binaların tikilməsi də maksimum qənaətlə və xərclərin səmərəli idarə olunması ilə həyata keçirilməlidir: “Konkret olaraq Kənd Təsərrüfatı Nazirliyi üçün yeni binanın tikilməsində dövlətin payının nə qədər olması ilə bağlı məlumatlı deyiləm. Amma burada xərclərin səmərəli idarə edilməsi çox önəmlidir. Hansısa dövlət qurumu üçün infrastrukturun formalaşması zamanı vəsaitlərin yaxşı idarə edilməsinə ehtiyac var. Çünki daha öncəki neft bumu dövründə bu istiqamətdə ayrılan vəsaitlərin səmərəli xərclənməsi ilə bağlı xeyli şübhələr var. Kənd Təsərrüfatı Nazirliyi üçün yeni binanın tikilməsində də vəsaitlərin səmərəli xərclənməsi olduqca vacibdir. Birmənalı şəkildə vacibdir ki, bu prosesdə yalnız dövlətin deyil, vətəndaş cəmiyyəti qurumlarının, o cümlədən medianın monitorinq aparmaq imkanı olsun”.