İkinci Qarabağ müharibəsi tarixdə əbədi olaraq qalacaqdır..
- 30-08-2021, 15:41
- 4 175
44 günlük müharibənin böyük tarixi nəticələrindən biri budur ki, XVIII əsrdən bəri torpaqlarını itirən Azərbaycan dövləti XX əsrin 90-cı illərində itirdiyi torpaqlarını Vətən müharibəsində Ermənistan üzərində böyük şanlı qələbə çalmaqla geri qaytardı, Respublikamızın dövlət sərhədlərini bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı intiqamını düşməndən döyüş meydanında aldı. Şəhidlərimizin qanı yerdə qalmadı. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq”.
Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Erməni tərəfinin biabırçı məğlubiyyəti haqqında hər gün yeni faktlar acıqlanır. Azərbaycanın 400 nəfərlik rəşadətli döyüşçüləri Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrini qaçmağa məcbur etmişdir. Təbii coğrafi istehkam olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Qəhrəman Azərbaycan əsgərləri kiçik qüvvə ilə Zəngilanı azad etmişdir. Cəbrayılda erməni zabitləri öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək qaçmışlar. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.
Özü haqqında məğlubedilməzlik sindromu yaradan, qısa müddət ərzində darmadağın edilən Ermənistan silahlı qüvvələrinə və dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. Bu müharibədə dövlətimizin başçısı qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Müzəffər Ali baş komandanımızın prinsipial mövqeyi, düşünülmüş siyasəti nəticəsində rəşadətli ordumuz tarixə parlaq və şanlı zəfər yazdı.
Emin Məlikov,
Salyan rayon Təhsil şöbəsinin metodisti