XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » «Səlim Müslümovun Mətbuat Xidməti yalan danışır!»-YENİLƏNDİ

«Səlim Müslümovun Mətbuat Xidməti yalan danışır!»-YENİLƏNDİ

«Səlim Müslümovun Mətbuat Xidməti yalan danışır!»-YENİLƏNDİ
11-04-2017, 09:32

Aydın Cəbrayılov: «Əlimdə Bayram Mikayılovun öz telefonu ilə ahıl Allahyarov Elşən Mehdiqulu oğlunu ələ salan videosunu çəkib hansı mobil telefona göndərib yaydığını təsdiqləyən mötəbər sübutlar var…»
Sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun ona gecikmiş pensiyası ilə bağlı müraciət edən rayon ağsaqqalı Allahyarov Elşən Mehdiqulu oğlunu kabinetində təhqir edərək aşağılamasını və s. əks etdirən videogörüntü böyük rezonans doğurub. O dərəcədə ki, bu gün Nazirlik həmin video-çarxla bağlı rəsmi açıqlama yayıb. Yerləşdirilmiş «Nazirlik ahıl yaşlı pensiyaçının təhqir olunması ilə bağlı videogörüntüyə münasibət bildirib» başlıqlı məlumatında deyilir:
«"Sosial şəbəkələrdə yayılan və qəbula gəlmiş ahıl yaşlı şəxslə qeyri-etik davranışın əks olunduğu videogörüntülərin Saatlı rayon Məşğulluq Mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Həmin videogörüntülərin guya Mərkəzin direktoru Bayram Mikayılovun iş otağında çəkilməsi ilə bağlı qeyd edilənlər də tamamilə əsassız və böhtan xarakterlidir". Bunu sorğuya cavab olaraq Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. Məlumata görə, araşdırma zamanı Saatlı rayon sakini Allahyarov Elşən Mehdiqulu oğlunun ümumiyyətlə rayon Məşğulluq Mərkəzinə heç zaman müraciət etmədiyi (bunu E.Allahyarovun özü də təsdiq edib) və bu videogörüntülərin şəxsi zəminində Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru B.Mikayılovu şantaj etmək, gözdən salmaq üçün montaj edilərək hazırlanaraq sosial şəbəkələrə yerləşdirildiyi məlum olub. Nazirlikdən bildirilib ki, qeyd edilən hadisə ilə əlaqədar aidiyyəti üzrə tədbir götürülməsi üçün B.Mikayılov tərəfindən daxili işlər orqanlarına müraciət edilib. Mərkəz direktoru həmçinin onunla bağlı böhtan məqsədilə hazırlanmış videogörüntüləri heç bir dəqiqləşdirmə aparmadan və əsassız olduğunu bilə-bilə ictimailəşdirən saytla bağlı məhkəməyə də müraciət edib».

«Nazirlik özünü xilas etmək üçün belə bir yalan məlumat yayıb…»

Bu sözləri mübahisə doğuran videogörüntünü sosial şəbəkələrə təqdim etmiş Bakı şəhər sakini Aydın Cəbrayılov əməkdaşımıza bildirib: «…Həmin video görüntü məhz Bayram Mikayılov Saatlıda «SOBES»in müdiri olarkən öz kabinetində hansı mobil telefon aparatı ilə çəkdiyini, hansı mobil telefonlara və nə vaxt, saat neçədə göndərdiyini sübut edən mötəbər dəlillərim, sübutlarım var. Bildiyiniz kimi, bir müddət əvvəl «Soves»lər məşğulluq mərkəzləri ilə birləşdirildi və onların bazasında Məşğulluq Mərkəzi yaradıldı, Bayram Mikayılov da Saatlıda həmin mərkəzə direktor təyin olundu… Xahiş edirəm, kim bununla maraqlansa, çox istərdim ki, elə Saatlı ağsaqqalını təhqir edən Bayram Mikayılovun özünün (əgər edibsə) sorğusunu araşdıracaq hüquq mühafizə orqanları mənimlə 051-470-85-01 mobil telefonu ilə əlaqə saxlasınlar, həmin sübutları təqdim edim. Lakin mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlum mövqeyinə təəssüf edirəm. Nazirlik rəhbər işçisinin mənafeyini, özünün işgüzar nüfuzunu sadə vətəndaşın pozulmuş insan haqlarından üstün tutmağa səy göstərib və təkzib edir ki, guya həmin videogörüntü montajdır, belə bir şey yoxdur… Bu qədər yalan nəyə lazımdır? Axı onlar öz rəhbər işçilərinin harınlamış halını görüb ciddi tədbir görmək əvəzinə görün nəyə əl atırlar… Cənab Prezident İlham Əliyev dəfələrlə deyib və xəbərdarlıq edib ki, rəhbər işçilər və onların övladları qudurğanlıq etməməli, sadə camaatın xidmətində durmalıdırlar… Çox istərdim ki, cənab nazir Səlim Müslümov məni qəbul etsin, Bayram Mikayılovun məlum və hələ gizli saxlanılan digər əməllərini sübutlayan faktları, maddi sübutları ona təqdim edim…».
Azad
Redaksiyadan: məlum video və şərhi hələ 3 gün əvvəl nazir S.Müslümovun və onun müavinlərinin elektron poçtuna göndərilib... Lazım idi ki, vaxtında reaksiya verib tədbir görüləydi, sorğu cavablandırılsaydı, heç bu qədər qalmaqala da yer qalmazdı...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.