Ustanın adına 450 min dollar kredit götürülüb - "Cahangir Hacıyev işi"
- 11-03-2019, 18:34
- 1 351
Hakim Faiq Qəniyevin sədrliyi ilə günün ikinci yarısında keçirilən prosesdə şahid qismində Arzu Qasımova ifadə verib.
O bildirib ki, "İntertekstil" şirkətində aşpaz köməkçisi işləyib, adına kredit götürülüb: "Şirkətin direktoru Şakir Musayev bizə dedi ki, şəxsiyyət vəsiqələrimizi götürüb Beynəlxalq Banka getməliyik. Sonra avtobus tutuldu və şirkətin 15-20 əməkdaşı ilə Bakıya gəlib, sənədlərə qol çəkdik".
Daha sonra şirkətdə 2008-ci ildən xadimətçi işləmiş Mehriban Abbasov dindirilib. O qeyd edib ki, 2010-cu ildə rəhbərliyin göstərişi ilə Beynəlxalq Banka aparılıb, müqavilə sənədinə qol çəkib.
Şirkətdə usta kimi çalışmış Mehdi Mehdiyev də şahid qismində verdiyi ifadəsində söyləyib ki, Beynəlxalq Bankda müqavilə sənədlərinə imza atıb, adına ümumilikdə 450 min dollar kredit götürülüb. O bildirib ki, şirkətin mühəndisi İlham Allahverdiyevin göstərişi ilə banka gedib: "Bizə həmin pulların zavodun inkişafına xərclənəcəyini deyirdilər".
Məhkəmənin növbəti iclası martın 18-nə təyin edilib.