Eldar Mahmudovun həbsinə tədarük görülür - GƏLİŞMƏ
- 1-03-2018, 09:33
- 1 460
Əslində bu gün hər kəsi düşündürən məsələ sabiq MTN şefi Eldar Mahmudovun niyə azadlıqda olmasıdır. Bu günə qədər dəfələrlə istintaqa çağrılaraq ifadəsi alınan keçmiş nazirin bir müddət öncə həbs olunacağı haqqında informasiyalar yayılırdı. Görünən odur ki, Eldar Mahmudovun həbsinə zəmin hazırlanıb. Çünki MTN işinə görə həbs olunanların ifadələrindən açıq şəkildə görünür ki, törətdikləri cinayətlərdən Eldar Mahmudov xəbərsiz olmayıb. Bu da onun barasində həbs qərarının verilməsi üçün əsas arqumentlərdən biridir.
Digər bir ehtimal isə Eldar Mahmudovun digər qanunsuz işlərə də rəhbərlik etməsi ilə bağlıdır. Məlumdur ki, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin ölkədən 10 milyarda yaxın vəsait çıxarmasında da Eldar Mahmudovun adı hallanırdı. Qeyd edək ki, Eldar Mahmudovla Cahangir Hacıyev qudadır. Beynəlxalq Bank işində Cahangir Hacıyev 15 il müddətinə həbs olundu. Ancaq Eldar Mahmudov belə demək mümkündürsə, özünü qorumağı bacardı. Bir müddət öncə sabiq MTN şefində bir sıra məmurlara hökumət rəsmilərinə aid 2800 ədəd porno videoların olduğu haqqında informasiyası yayıldı. Yayılan informasiyanın kökündə nəyin dayandığı tam şəkildə açıqlanmadı. Ehtimal olunurdu ki, bu cür informasiyalar Eldar Mahmudov tərəfindən bilərəkdən dövriyyəyə buraxılır və o, bununla öz təhlükəsizliyini sığortalamağa çalışır. Digər tərəfdən isə ölkədən çıxarılan milyardlar var. Bu milyardların ölkəyə qaytarılması da vacib, ancaq mümkünsüz görünür. Çünki ölkədən çıxarılan pulların hansı hesablara yatırılması və ya rəsmi olaraq qeydiyyata alınıb-alınmamasını yoxlayacaq mexanizm yoxdur. Bütün hallarda MTN şefi haqqında yaxın zamanlarda son qərarın veriləcəyi gözlənilir.
Ehtimal olunur ki, seçkilərdən sonra bütün bu cavabsız suallara aydınlıq gələcək. Hələlik bu məsələdə sakitlik hökm sürür. Ancaq bu işin yekunlaşması anlamına gəlməməlidir. Ehtimal olunur ki, seçkilərdən sonra Eldar Mahmudov məsələsi yenidən aktuallaşacaq. Onun həbs olunması isə yüksək ehtimaldır. Çünki həbs olunan MTN-nin yüksək rütbəli məmurlarının demək olar ki, hamısı ifadəsində Eldar Mahmudovun adını çəkib. Görünən odur ki, Eldar Mahmudov da “ortaqları” kimi həbs prosesindən kənarda qalmayacaq.
Cebhe.info