SON DƏQİQƏ
XalqXeber.Az » Video » Nemətin 20 yanvar ərəfəsində meydandakı məşhur ÇIXIŞI – TARİXİ (VİDEO)

Nemətin 20 yanvar ərəfəsində meydandakı məşhur ÇIXIŞI – TARİXİ (VİDEO)

Tarix:

19-01-2018, 13:36

/ 3 169 dəfə oxundu.
Nemətin 20 yanvar ərəfəsində meydandakı məşhur ÇIXIŞI – TARİXİ (VİDEO)

İnternetdə Azərbaycan siyasi tarixinin ən çətin və ağır dövrü olan 1990-cı illə bağlı videoxronika yayımlanıb.

Strateq.az bildirir ki, siyasətçi və ictimai xadim Nemət Pənahlı tərəfindən yayımlanan videoxronikada Azərbaycan Xalq Cəbhəsinin 13 yanvar 1990-cı ildə Azadlıq meydanında keçirdiyi kütləvi mitinq əks olunub. Tribunada AXC liderləri və o zamanın tanınmış ictimai-siyasi fəalları durub.

Videoçəkilişdə Nemət Pənahlının çıxışı əks edilib. 20 yanvar qətliamına 6 gün qalmış edilən bu çıxış o dövrün ağır siyasi mənzərəsini nümayiş etdirir. Hiddətli və coşğulu insan kütləsinin qarşısında çıxış edən Nemət Pənahlı bir sıra mühüm məqamlara toxunur. O, Azərbaycan SSR rəhbərliyi ilə AXC-nin apardığı danışıqların məzmununu açıqlayır, AXC-də baş vermiş parçalanmaya aydınlıq gətirməyə çalışır, Qarabağda döyüşmək üçün silahlı dəstələrin yaradılmasına çağırır. Nemət meydanda Azərbaycan Milli Şurasının yaradıldığını bəyan edir.

Tribunada AXC rəhbərlərindən Əbülfəz Elçibəy, Etibar Məmmədov, Tofiq Qasımov, Xəlil Rza, İsa Qənbərov və digərləri gözə dəyir…

Stenoqramı təqdim edirik:

Azərbaycan SSR. Bakı. Lenin meydanı.

13 yanvar 1990-cı il.

Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə izdihamlı mitinq.

Mitinqi jurnalist Xaliq Bahadır idarə edir.
Nemət Pənahlı:

“Əziz qardaşlarım, ey Azadlıq aşiqləri!

Mən bu çıxışımı son hadisələrdə bizim düşdüyümüz vəziyyət, məğlubiyyət və qələbələrimiz haqqında edəcəyəm. Biz ilk dəfə bura çıxanda düşmən vahiməyə gəlirdi. Elə ki çıxdıq, müəyyən bir dövr danışdıq, qorxmamağa başladıq. Daha sonra tətillərə əl atdıq. Ona əl atandan sonra onlar ( sovet rəhbərliyi nəzərdə tutulur – red.) xalqı saymağa, xalqın qarşısında diz çökməyə, xalqın tələbələrinə cavab verməyə məcbur oldular. Ancaq bu da az çəkdi. Onlar başa düşdü ki, Azərbaycan xalqı gündəlik çörəyə möhtacdır, onlar başa düşdü ki, aylarla, illərlə tətil etməyə gücümüz yoxdur. Danışdıq, çıxdıq getdik. Yuxarıdan, Aparatdan isə baxdılar və gördülər ki, bu, böş sözlərdir. Ona görə bizə əhəmiyyət vermədilər. Artıq qəti tədbirə əl atmaq vaxtı idi. Avqust ayından söhbət gedir ki, Mərkəzi Komitənin buraxılması, Vəzirovu (Azərbaycan SSR Kommunist Partiyasının o vaxtkı birinci katibi –red) işdən çıxartmaq… Mənim fikrim budur ki, Mərkəzi Komitəni, Vəzirovu dəyişməklə heç nə dəyişməyəcək. Sadəcə olaraq bizim gücümüz olanda Vəzirov xalqa xidmət edəcək, biz zəif olanda Vəzirov Moskvaya xidmət etməyə məcbur qalacaq.

İlk dəfə bura yığışanda Azərbaycan ideyası ilə gəldik, bizim mübarizəmiz dayanmışdı, müəyyən məqsədlər ortaya çıxmışdı. Fakt gətirəcəyəm: İnanın, vaxt vardı, “Şmidt” zavodunun (Səttarxan zavodunun köhnə adı-red.) kollektivi yumruq kimi birləşmişdi. Amma erməni evlərinin bölüşdürülməsi gələndə kollektiv parçalandı. Çünki başladılar erməni evlərinin bölüşdürülməsi uğrunda davaya… Şəxsi mənafe milli mənafeyi üstələdi. Bu bizi parçaladı. Kimsə Xalq Cəbhəsinin İdarə Heyətinə seçilmək uğrunda mübarizə aparıb parçalandı, kimsə bəyanat verdi: ümummilli məqsəd yaddan çıxdı.

Biz azərbaycanlıların bura yığışanda bir məqsədimiz olub: Milli azadlıq! Azərbaycanı köləlikdən qurtarmaq… Bu məqsəd yavaş-yavaş parçalandı getdi vəzifə davalarına, tayfa davalarına…

Bu yaranmış vəziyyətə görə mən bütün cəmiyyətlərdən çıxıb istefa vermək qərarına gəldim. Çünki kollegial şəkildə heç kim qəti addım atmağa gedə bilmədi. “Olum, ya ölüm” sözünü heç kim kollektiv şəkildə deyə bilmədi. Ona görə…

Son sərhəd məsələsi (SSRİ- İran sərhəddinin sökülməsi nəzərdə tutulur-red.) ilə əlaqadar bu addım qəti şəkildə atıldı.

Bütün cəmiyyətlər, tayfalar bir tərəfə qoyulmalıdır, millət öz azadlığı uğrunda mübarizəyə qalxmalıdır. Kişinin sözü bir olar. Bu gün biz bir sözü deyirik. Sabah başqa söz deyəndə Vəzirov da, Moskva da deyir ki, “əşi danışdılar da”… Ancaq bilsəydilər ki, bizim qoyduğumuz tələbin arxasında “ya olum, ya ölüm” durur, çoxdan Qarabağ məsələsi həll edilmişdi. Çoxdan Azərbaycanın sərhədləri götürülmüşdü. Ona görə bu məsələlərdə qəti addım atmaq lazımdır. Şəxsən öz adımdan deyirəm, mən demokratiya uğrunda, başqa təşkilatlar uğrunda mübarizəyə yox, Azərbaycanın milli azadlığı uğrunda mübarizəyə qoşulmuşam. Şimallı-cənublu vahid Azərbaycan uğrunda mübarizəyə qoşulmuşam… Bu yolda son nəfəsimə qədər vuruşacağam!

Təşkilatda olanda (AXC nəzərdə tutulur-red.) öz yoldaşlarımız arasında da mübahisələrimiz oldu. Kimi deyirdi “filankəsin iddiası var”, kimidə başqa şey deyirdi. Bütün ideyaları ataq bir qırağa… Bu gün milləti kölə vəziyyətindən qurtarmaq uğrunda kim ki ölümə hazırdır, döyüşdə birləşək. Döyüşdə birləşəndə biz müqəddəs oluruq. Elə ki, şəxsi münasibətlər başlayır, xalq parçalanır, xırdalanır…Ona görədə sonuncu mitinqdə elan olundu ki, mən şəxsən kəfən geyinib gələcəyəm bura. Çox adam bunu məcazi mənada başa düşdü.Millət birləşməlidir… Kəfən geyinmək o demək deyil ki, mən bu gün ölürəm. Azərbaycan xalqı ölümün gözünə düz baxmasa ölümü qazanacaq, dik baxanda qələbə qazanacaq. Mütilik xalqı məhv edir, bir qurban xalqı min il yaşadır.

Ona görə birinci günü atılmış addımda ( AXC rəhbərləri ilə Kommunist Partiyasının rəhbərliyi arasında aparılmış danışıqlar nəzərdə tutulur- red) Mərkəzi Komitənin və dövlətin qarşısında qəti tələb qoyuldu: “Hamı danışanda birlikdən danışırq, bu gün birlik sözdə yox, əməldə olmalıdır. Xalqa xidmət etməlisən. Ya öləcəyik, ya xilas olacağıq”. Altıncı günə qədər vaxt verildi. Mən deyirdim ki, ora 500 nəfərlik dəstə ilə gəlmək lazımdır. Yuxarılar bilməli idi ki, bu söz deyilibsə, deməli, arxasında durulur.

Bildilər ki, ya öləcəyik, ya da öldürəcəyik… Səhər tezdən danışıqlara çağrlıdıq. Mən artıq bütün faktları olduğu kimi deyirəm. Onların qarşısında bir məsələ qoyuldu. Mən Nemət yaşaya bilmirəm. Bəsdir, rüşvətxorluq elədiniz. Bunları sizə bağışlayırıq, hər əməlinizi bağışlayırıq. Xalqın bu günündə elə etməyin ki, milli azadlıq hərəkatı vətəndaş müharibəsinə çevrilsin. Qardaş qardaş qanı töksün. Azərbaycan xalqı bu vəziyyətdən birlikdə, mütəşəkkil çıxmalıdır. Ona görə həmin o birlikdən danışanlara deyildi: şəxsən mən girəcəyəm burda 10 nəfər öldürəcəyəm, özümü də öldürəcəyəm…

Fikirləşirsiniz ki, 20 min qoşun gətirəcəksiniz, xalqı qırdıracaqsınız…. Biz 100-200 avtomatlı ilə gələcəyik bura… 500 min ordu ilə… Bu meydanda 1 milyon ordu var. Həmin gətirəcəyiniz ordu da tərksilah olunacaq, həmin avtomatlar bu xalqın əlinə keçəcək. 100 min burdan verəcəyik, ləyaqətisz yaşamayacağıq.

Ona görə də 3 gün müddətində aparılan danışıqların nəticəsində qərara gəlindi ki, son bir ilin hadisələrinə görə tutulanlar buraxılmaldır. 200 min azərbaycanlının başına min müsibət gətirildi. Yoxlasan Ermənistan prokurorluğu heç beş nəfərə cinayət işi açmayıb. Ancaq bu hadisələrlə əlaqdar Azərbaycan prokurorluğunu qaldırsan bəlkə də 500 cinayət işi açılıb.

Rəsmi danışırıq, şablon təfəkkürdən çıxa bilmirik. Deyirik “erməni ekstemistləri”… Erməni xalqı, erməni dövləti sənə rəsmi sürətdə müharibə elan edib, ey Azərbaycan xalqı! Bu, bir dövlətin başqa bir dövlətə qarşı açıq təcavüzüdü. Buna qarşı xalq, Mərkəzi Komitə birləşməlidir. Vətənin azadlığı uğrunda mübarizəyə qalxmalıyıq. Əks təqdirdə birləşməyəksinizsə, biz məcburuq ki, öz içərimizdə daxili düşmənlərlə vuruşaq. Çünki biz döyüşə gedəndə arxadan zərbəni siz vurursunuz…

Bu tələblər qoyuldu: Azərbaycanın siyasi iqtisadi müstəqilliyi bərpa olunsun. Azərbaycanda könüllü müdafiə dəstələri yaradılsın. Biz bunu istəsək-istəməsək də, yaxud Nemətin, Etibarın (Etibar Məmmədov nəzərdə tutulur-red.) 3-5 tapança tapması ilə gedib Qarabağ məsələsini həll edə bilməyəcəyik.

Biz bunu dövlət səviyyəsində həll etməliyik. Daxili İşlər Nazirliyinin qoşunları təşkil olunmalıdır. Mən sizə deyirəm ki, Mərkəzi Komitədə də xalqın qeyrətli oğullları var. Bütün cəmiyyətlərdə də var. Eyni zamanda Mərkəzi Komitədə də, AXC-də, “Yeni Müsavat”da da öz şəxsi mənafeyini güdən adamlar var.

Ona görə biz Azərbaycanın Milli Şurasını elan edirik. Milli azadlıq uğrunda mübarizə aparan bütün qüvvələr – Mərkəzi komitənin də katibi, AXC-nin də, “Birlik” təşkilatının da bu qüvvələri ilə Azərbaycanın azadlığı uğrunda mübarizəyə qalxırıq. Ey xalqım, qalxın ayağa…
Öz müstəqiliyimizin sahibi olandan sonra hansı təşkilat ölkəni idarə edəcəksə, qoy eləsin. Kölə xalqın birinci məqsədi qul zəncirini qırmaqdır. O qul zəncirlərindən isə demokratik yolla azad olmaq olmaz.

Biz öz dəstələrimizi – könüllü fədailərimizi yaratmalıyıq. "Şmidt" zavodu qərar çıxarıb ki, silah istehsalı ilə bağlı… (Yerdən “əhsən” qışqırtıları) İkinci söhbət olmamalıdır burda… Bütün "Şmidt" zavodunun kollektivi elan elədi ki, zavod istehsala başlayacaq. Bu sahədə ixtisaslı olanlar, strukturu bilən, çertyoju çəkə bilənlər bu işlə məşğul olmalıdır. Kimsə dünənə qədər deyirdi ki, burda 500 min qoşun var… 500 min qoşun lazım deyil. 50 nəfərlik dəstə düzəltsin. Hazır olsun ki, Qarabağda ölümə gedəcəyik. Biz qələbə qazanacağıq.

Uzaqbaşı fevralın sonuna qədər Azərbaycanda bir dənə erməni qalmamalıdır. Əgər bu gün biz onu 100 nəfərin qanı bahasına alacağıqsa, sabaha qalsa 200 nəfərin, birisi gün 1000 nəfərə çatacaq… Əgər oktyabr-noyabrda Dağlıq Qarabağdakı muxtariyyət ləğv olunsaydı, ermənin elədiyi kimi, biz o şəkildə erməniləri Dağlıq Qarabağdan çıxartmalıyıq. Nə qədər erməni Qarabağdadır, bizim rahatlığımız yoxdur. Biz çıxış yolu tapa bilməyəcəyik. Axırda özümüz bir-birimizi qıracağıq…

Ona görə Milli Şura elan edilir. Bütün rayonlarda qeyrəti olan, namusu olan ziyalı, fəhlə, təşkilat, kommunist – hamısı hissə qapılmadan 10 gün müddətinə hazırlaşırıq. Ondan sonra dəstələr yaradılır, Dağlıq Qarabağa yerləşirik.

Sərhəd məsələsi: Lənkəran, Cəlilabad, Astarada bu gün yenə sərhəddi götürürlər. Bu gün heç olmasa ona nail olmalıyıq ki, şimalla- cənub getsin gəlsin. Ermənistandan gələnlərlə bizim aramızda müəyyən fərqlər, yadlaşmalar var. Ona görə bir-birimizi başa düşmürük. Millətdə ziddiyyət yaranır. Biz bu ziddiyyətləri aradan götürməliyik. Qaynayıb-qatışmalıyıq. Azərbaycan ideyası ətrafında birləşməliyik.

Bütün təşkilatarda, cəmiyyətlərdə Milli Şura elan edilir, Milli Şura tərəfindən idarə olunur. Silahlı dəstələr yaradılır. Əgər dövlət rəhbərləri bizə qoşulacaqsa, bu hərəkata heç olmasa mane olmayacaqsa, biz onları bayraq kimi tutacağıq. Qoy Vəzirov bizim milli qəhrəman olsun. Bizim xalqın qabaqda gedəni olsun… Biz istəyirik millət ona lənət oxumasın, istəyirik ki, Azərbaycanın rəhbərliyi Azərbaycan xalqına rəhbərlik edə bilsin. Kişi kimi müdafiə etsinlər. Kişilikləri çatacaqsa – xalq onları eşidəcək, çatmasa – xalq onları məhv edəcək. Öz oğullarını meydana çıxaracaq.

Bu gün bütün mafiozlara, milyonerlərə, rüşvətxorlara müraciət budur: Silah. Silah. Silah! Hansı yolla edirlərsə etsinlər – oğurluq, doğruluq… Fevralın axırına qədər Azərbaycanda erməni qalmamalıdır. Bu məsələ həll olunandan sonra mən fəaliyyətimi dayandırıb-dayandırmayacağımla bağlı mövqeyimi deyəcəyəm.

10 nəfər birgə dəstə düzəltsin, başçısı gəlib desin ki, 10 nəfərlik dəstə hazırdır. Tələbələr ayrı gəlsin. Hərbi məşqlər keçirmək üçün pensiyada olan hərbiçilər bizə köməyə gəlsin. Silah texnologiyasını bilənlər, çertyojundan xəbəri olanlar müraciət etsinlər. Hələlik Milli Şura leytenant Şmidt zavodunun Mədəniyyə Evində yerləşəcək.

Yerdən məlumatlar gəlir ki, Mərkəzi Komitəni dağıtmaq lazımdır. Əgər bura hansısa məqsədə görə yığışmışqsa gəlin bunu edək. İndiyə qədər orda aparlan danışıqlarda biz aldadılmamışıq. Mən dedim ki, əgər xalqın tələblərinə cavab verilməsə dağıdacağıq… Hələlik indiyə qədər dediklərimizə əməl edirlər. Əgər kimsə burda başqa məqsəd güdürsə bunları qurtarmaq lazımdır…

Müdafiə məsələsi ilə bağlı kimin nə imkanı varsa, müraciət eləsin”.

Strateq.az

Şərhlər

XƏBƏR LENTİ