SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Elə ilk gündən həkimlərə pul paylamağa başladıq" - 8 yaşlı oğlu ölən atanın fəryadı

"Elə ilk gündən həkimlərə pul paylamağa başladıq" - 8 yaşlı oğlu ölən atanın fəryadı

Tarix:

10-07-2017, 20:09

/ 56 976 dəfə oxundu.
"Elə ilk gündən həkimlərə pul paylamağa başladıq" - 8 yaşlı oğlu ölən atanın fəryadı

“Oğlum baxımsızlığın və həkim naşılığının qurbanı oldu. Həkimlərə pul verirdik ki, uşağa diqqət göstərsinlər. Bununla belə, onu öldürdülər”. Bakı sakini Sabit Əliyev danışır ki, 8 yaşlı oğlu Emin bu il martın 11-də hər iki ağ ciyərin səpələnmiş vərəmi diaqnozu ilə müalicə aldığı Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda vəfat edib. Ata balaca Eminin ölümündə həkimləri günahlandırır.
Emin ailənin yeganə övladı olub. Ata hesab edir ki, o, həkim qeyri-peşəkarlığının və səhlənkarlığının qurbanıdır. Sabit Əliyevin sözlərinə görə, oğlu 7 saylı uşaq poliklinikasında qeydiyyatda olub. Bu ilin fevralında sağlam, səhhətindən şikayət olmayan uşağın vəziyyəti dəyişib. Fevralın 19-da valideynləri onu qeydiyyatda olduğu poliklinikaya aparıblar. Oradan müayinə üçün 5 saylı vərəm əleyhinə dispanserə göndərilib. Rentgen müayinəsindən sonra valideynlərə uşağın səhhətində heç bir problem olmadığı bildirilib. Ata danışır: “Bundan sonra 7 saylı uşaq poliklinikasındakı sahə həkimi Eminə öskürəyə görə müalicə yazdı. Müalicə almasına baxmayaraq, uşağın durumu günbəgün ağırlaşırdı. Bu dəfə onu “Optimed” klinikasına apardıq. Müayinə edib ağ ciyərin iki tərəfli prosesi diaqnozu qoydular. Analizlərin cavabını götürüb 5 saylı vərəm əleyhinə dispanserə getdim. Dedim, ‘siz bu uşağı müayinələrdən necə sağlam çıxartmısız ki, uşağa səpələnmiş vərəmin olması barədə diaqnoz qoyulub?’ Əvvəl dedilər, ‘ola bilməz, uşaq sağlamdır’. Sonra da pərt olmasınlar deyə, yalandan müayinə edib dedilər, ‘hə, uşaqda həqiqətən də bu xəstəlik varmış’”.
Sabit Əliyevə övladının Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicəsi üçün göndəriş verilib. Onu xəstəxananın uşaq şöbəsinə yerləşdiriblər: “Elə ilk gündən həkimlərə pul paylamağa başladıq. Bircə istədiyimiz o idi ki, uşağa qarşı diqqətli olsunlar. Ancaq həkim etinasızlığı nəticəsində uşağın vəziyyəti gündən günə pisləşdi. Səhhətində yaxşılığa doğru irəliləyiş yox idi, əksinə, hər gün bir az da ümidsizlənirdik. Nə edəcəyimizi bilmirdik. Hətta şöbə müdirinə dəfələrlə uşağın vəziyyətinin ağır olduğunu dedik, yalvardıq ki, uşağın həyatını xilas etsinlər. Biz hər dəfə yalvardıqca, onlar bizdən pul qopartdılar. Şöbə həkimi dedi, ‘200 qram qan lazımdır’, qan bankından o qanı bizə gətirib 300 manata satdılar”.
Martın 11-də uşaq vərəm əleyhinə 4 saylı dispanserə göndərilib. Orada müayinə olunub və meningit olmadığı bildirilib. Müalicənin davam etməsi üçün uşaq Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutuna qaytarılıb. Ata deyir, balaca Emin elə həmin gün həmin Xəstəxanada dünyasını dəyişib. Ata hesab edir ki, 8 yaşlı övladı səhv diaqnozların və səhv müalicələrin qurbanı olub.

Şərhlər

XƏBƏR LENTİ