SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əlil 31 ildir növbəsində olduğu evi ala bilmir

Əlil 31 ildir növbəsində olduğu evi ala bilmir

Tarix:

3-06-2017, 09:50

/ 257 298 dəfə oxundu.
Əlil 31 ildir növbəsində olduğu evi ala bilmir

İcra hakimiyyətindən isə araşdırma aparıldığını deyirlər...

Şabran rayon sakini, 60 yaşlı II qrup əlil Elxan Bəhrayıl oğlu Şeydayev yenidən redaksiyamıza gələrək şikayətlənib. Bu dəfə şikayətçi güzəştli mənzil ala bilməməsindən gileylənib:

“31 ilə yaxındır ki, Şabran şəhərində güzəştli mənzil növbəsindəyəm. 1993-cü ildə mənzil növbəsində 5-ci şəxs olduğum halda, 2013-cü ildə 168-ci adam olmuşam. Hazırda bununla bağlı Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişəm. 13 aprel və 12 may tarixlərində məhkəməyə baxış olub. Lakin məhkəmədə qarşı tərəf iştirak etmədi”.

Şikayətçi maddi durumunun yaxşı olmadığını da deyib: “1990-cı ildə səhhətim və maddi durumum yaxşı olmadığından ailəmlə birgə Bakıya köçmüşəm. Ailəliyəm, 3 övladım və nəvəm var. Oğlumun 28 yaşı var, subaydır və imkansızlıqdan Xarkovda, əmisinin yanında yaşayır. 2 məktəbdə müəllim işləməyimə baxmayaraq, hər ay kredit və qızımın təhsil haqqını ödəyirəm. 16 il ev növbəsi gözlədikdən sonra Xətai rayonunda 3750 dollara sənədsiz bir otaqlı həyət evi almışam. Çox çətinliklə də olsa evi bir qədər təmir etdirmişəm. Lakin hələ də yağış, qar yağanda biz əziyyət çəkirik, evin tavanından su içəri tökülür. Bir neçə dəfə aidiyyəti orqanlara müraciət etmişəm, gəlib yaşadığım evlə maraqlanıblar, köməklik olacağını desələr də nəticə yoxdur. Bunun üçün də aidiyyəti orqanlardan xahiş edirəm ki, bu məsələdə mənə köməklik göstərilsin”.

Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oradan bildirildi ki, şikayətlə bağlı araşdırma aparıb, yaxın zamanda cavab veriləcək.

Şərhlər

XƏBƏR LENTİ