SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hacı Cavad məscidi söküləcək - Yeni məscid isə belə olacaq

Hacı Cavad məscidi söküləcək - Yeni məscid isə belə olacaq

Tarix:

1-06-2017, 16:07

/ 108 082 dəfə oxundu.
Hacı Cavad məscidi söküləcək - Yeni məscid isə belə olacaq

Prezident İlham Əliyevin göstərişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin həmin rayonun ərazisində yeni ünvanda təməlinin qoyulacağı yerə baxış keçirilib.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, məscidin yeni binasının inşa olunacağı əraziyə gələn baş nazirin birinci müavini Yaqub Eyyubov Ramazan ayında dindarlara belə bir xoş töhfəni bəxş edən dövlət başçısının milli-mənəvi dəyərlərimizə böyük ehtiram və qayğısını xüsusi vurğulayıb. O, Azərbaycanda, o cümlədən, paytaxt Bakıda gedən genişmiqyaslı tikinti, yenidənqurma işlərinin, xalqımızın rifahı və daha rahat, müasir dövrün tələblərinə cavab verən səviyyədə yaşayışına xidmət edən tədbirlərin, böyük qayğı və məhəbbətlə bərpa edilən tarixi və dini məkanların prezident İlham Əliyev, həmçinin, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın səy və fəaliyyətlərinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Tikiləcək məscidin ərazisi, layihəsi, eskizləri, memarlıq cəhətdən özəllikləri ilə yaxından tanış olan QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə prezident İlham Əliyevin dindarların qayğılarına hər zaman diqqətlə yanaşdığını bildirərək, Bakı şəhərinin keçmiş "Sovetski" adlanan məhəlləsinin dindarlarına edilən bu böyük hədiyyəni yüksək qiymətləndirib. Bütün Azərbaycan dindarlarına töhfə olacaq, milli memarlığın ən gözəl ənənələrini ehtiva edən məscid binasının tikintisinin mübarək Ramazan ayında başlanmasının özəl mənəvi əhəmiyyətini və xeyirlərə vəsilə olacağını xüsusi vurğulayan A. Paşazadə belə bir diqqət və himayəyə, maddi və mənəvi dəstəyə görə bütün toplaşanlar adından dövlət başçısına minnətdarlığını bildirib: "Ümummilli liderimiz Heydər Əliyevin Bibiheybətdən başlatdığı mənəvi dəyərlərin dirçəldilməsi missiyasını ləyaqətlə davam etdirən Azərbaycan prezidenti İlham Əliyevin Uca Allaha xoş gedən əməllərilə bütün dindarların ehtiram, məhəbbətini qazandığını və böyük savab sahibi olacaq".
Ölkədə din-dövlət münasibətlərinin yüksək səviyyəsindən məmnunluğunu bildirən QMİ sədri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbərliyinin bu işdə rolunu xüsusi vurğulayıb.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlət başçısının dindarların mənəvi ehtiyaclarının ödənilməsi üçün tikiləcək yeni məscid binasının yerləşdiyi məkanın olduqca münasib, layihəsinin nəfis tərtibatlı olmasının Azərbaycan dövlətinin, şəxsən prezidentin diqqət və dəstəyinin nəticəsi olduğunu qeyd edib. Komitə sədri ümidvar olduğunu bildirib ki, gələn ilin Ramazan ayınadək hazır olacaq Hacı Cavad məscidinin yeni binası Azərbaycan dindarlarına gözəl bayram hədiyyəsi olacaq.
Toplantıda Hacı Cavad məscidinin ibadət əhli adından çıxış edən dindarlar belə dəyərli töhfəyə görə prezident İlham Əliyevə minnətdarlıqlarını, dövlət başçısına təşəkkür məktubu ünvanlamaq niyyətində olduqlarını bildiriblər.
"Mübarək Ramazan ayında onları sevindirən belə bir ali diqqət və qayğını xüsusi dəyərləndirən dindarlar çıxışlarında birmənalı şəkildə qeyd etdilər ki, müqəddəs dini dəyərlərimizə böyük ehtiramla həyata keçirilən misilsiz işlərə kölgə salmaq niyyətində olan, müstəqil dövlətimizin uğurlarını gözü götürməyən bədxah dairələrin təxribatları heç zaman bəhrə verməyəcək. Çıxışçılar Azərbaycan xalqının tarixi, milli-mədəni, dini-mənəvi irsinə göstərilən diqqət və qayğını hədsiz dəyərləndirdiklərini və yeni məscid binasının ərsəyə gələcəyinə görə məmnun olduqlarını bildiriblər", - deyə məlumatda qeyd olunur.

Şərhlər

XƏBƏR LENTİ