SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Sirena" MMC şirkətilə bağlı müəmmalı qalmaqal - ŞİKAYƏT

"Sirena" MMC şirkətilə bağlı müəmmalı qalmaqal - ŞİKAYƏT

Tarix:

25-05-2017, 09:23

/ 65 049 dəfə oxundu.
"Sirena" MMC şirkətilə bağlı müəmmalı qalmaqal - ŞİKAYƏT

Son zamanlar vətəndaşların avtomobil kreditləri ilə bağlı problemlərlə qarşılaşması halları artıb. Redaksiyamıza məktubla müraciət edən Qazax rayon sakini Mahir Usubovun problemi 2015-ci ilin sonlarından başlayıb. Onun sözlərinə görə, avtomobili aldığı "Sirena" MMC, təmirdən sonra avtomobili ona qaytarmaqdan imtina edib.

"2013-cü ilin noyabr ayında "Sirena" MMC-dən, dəyəri 14.800 AZN olan "CHANGAN EADO" avtomobilini, 3 illik kredit yolu ilə aldım. İlkin ödəniş olaraq 2500 AZN ödədim. Sonrakı 20 ay ərzində, hər ay 533 AZN olmaqla, MMC-yə ümumilikdə 10.660 manat pul keçirdim" — deyir şikayətçi. Beləliklə, ilkin ödənişlə bir yerdə, ödədiyi məbləğin 13.160 AZN təşkil etdiyini deyən Qazax rayon sakini, problemlərin də bundan sonra başladığını bildirir: "2015-ci ilin avqust ayında cari ödənişi etdikdən sonra qalan borcumu tam ödəmək istədim. Bu zaman "Sirena" MMC-dən mənə bildirildi ki, cəmi 9.100 AZN pul ödəmişəm". "Lakin mən onlarla razılaşmadım və əlimdəki qəbzlərə əsasən, 13.160 AZN pul ödədiyimi bildirdim. Bundan sonra aramızda mübahisə yarandı və "Sirena" MMC Qazax Rayon Məhkəməsinə müraciət etdi. 2016-cı ilin oktyabr ayında avtomobildə yaranmış nasazlıqla bağlı maşınımı "Sirena" MMC-nin təmir sexinə apardım. Təmir olunduqdan sonra həmin avtomobili mənə vermədilər. Artıq 8 aydır ki, "Sirena" MMC həmin avtomobili özündə saxlayır" — M. Usubov qeyd edir. Onun sözlərinə görə, Qazax Rayon Məhkəməsi mübahisəni aradan qaldırmaq üçün Ədliyyə Nazirliyinin məhkəmə ekspertizasını təyin edib. Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası Usubovun ödənişlərini rəsmi olaraq təsdiq edib. Şikayətçi bildirir ki, məhkəmənin çıxardığı qətnamədə həmin avtomobilin ümumi dəyərinin əsas hissəsi ödənildiyi üçün, "Sirena" MMC-nin həmin avtomobili ondan almasını ədalətlilik prinsipinin pozulması kimi qiymətləndirib. Lakin "Sirena" MMC məhkəmə qətnaməsini nəzərə almayıb və həmin avtomobili bu günə qədər girov saxlayır.

"Sirena" MMC-nin məhkəmə qərarına biganə yanaşması mənə onların arxasında hansısa səlahiyyətli məmurun dayandığını deməyə əsas verir. Məhz buna görə də onlar məhkəmə qərarlarını nəzərə almırlar" — Qazax sakini vurğulayır. Məsələ ilə bağlı "Sirena" MMC-nin hüquqşünası Pərvanə Hacıyeva Sputnik Azərbaycan-a bildirdi ki, adıçəkilən şəxsin şirkətə borcu olduğu üçün avtomobil şirkətdə saxlanılır: "Şəxs borclarını ödədikdən sonra avtomobilini geri götürə bilər. Qarşımızda qətnamə var. Avtomobil bizim mülkiyyətimizdədir. Bunu təsdiq edən məhkəmə qərarı da var, eyni zamanda şəxsin bizə borclu olduğu haqqında da məhkəmə qərarı var. Şəxs borclarını ödədiyi təqdirdə avtomobilini geri götürə bilər". Qeyd edək ki, əslində avtomobilin qiyməti şikayətçinin dediyi kimi 14.800 manat deyil. Araşdırmamız zamanı məlum oldu ki, şikayətçi məktubunda maşının nağd qiymətini göstərib. Onun aldığı maşının kredit qiyməti isə 20.488 manat təşkil edir. Bundan əlavə, Mahir Usubov bəzi aylarda kredit pulunu gecikdirib və verməyib. Beləliklə, onun "Sirena" MMC-yə olan borcunun məbləği də artıb. Hazırda M. Usubov iddia edir ki, məhkəmə onun "Sirena" MMC-yə 9.695 manat borcu olması barədə qərar çıxarıb. Onun sözlərinə görə, MMC bu məbləğlə razılaşmayaraq, cavabdehdən 15.000 manat pul istəyir: "Əks halda avtomobili qaytarmayacaqlarını bildirilər". Hüquqşünas Asif Abdullayev Sputnik Azərbaycan-a şərhində deyib ki, məhkəmənin qətnaməsinə əsasən, cavabdehdən borcun ödənilməsinə dair hissədə iddia tələbi təmin edilib. Amma avtomobilin cavabdehdən alınmasını məhkəmə qanunamüvafiq və ədalətli hesab etməyib. Bu səbəbdən də, avtomobilin cavabdehdən alınaraq "Sirena MMC"-yə qaytarılması hissəsində iddia təmin edilməyib. "Avtomobilin cavabdehdən alınmamasına dair məhkəmənin bu yanaşması kifayət qədər ədalətlidir. Əslində, "Sirena" MMC məcburi şəkildə həmin avtomobili cavabdehdən götürə bilməz. Burada mübahisəli durum yaranıb və bu cür mülki mübahisələr barədə yekun qərarı yenə də məhkəmə verməlidir" — Abdullayev vurğulayıb.

Şərhlər

XƏBƏR LENTİ