SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakının “Bermud üçbucağı”… Notariat və Qeydiyyat Baş İdarəsindən şikayət var

Bakının “Bermud üçbucağı”… Notariat və Qeydiyyat Baş İdarəsindən şikayət var

Tarix:

23-01-2017, 12:18

/ 3 509 dəfə oxundu.
Bakının “Bermud üçbucağı”… Notariat və Qeydiyyat Baş İdarəsindən şikayət var

Bakıda da Bermud üçbucağı kimi əşyaların yoxa çıxdığı məkanın olduğunu bilirdiniz? Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinin binası yerli Bermud üçbucağıdır. Təəccüblənməyin, çünki idarənin fəaliyyəti məhşur Bermud üçbucağının mistikasını özündə əks etdirir - dövlət reyestrində qeydiyyat üçün müraciət edən qeyri-hökümət təşkilatlarının sənədləri qurumun binasında əsrarəngiz şəkildə qeyd olur.
"Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur". Heydər Əliyevin bu sözləri Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş İdarəsinin rəsmi internet səhifəsində yer alır. Təəssüf ki, bu sözləri şüar seçən nazirliyin tabeliyindəki Notariat və Qeydiyyat Baş idarəsi qeyri-hökümət təşkilatlarının qeydiyyatında etik olmayan vasitələrdən istifadə etməklə məşğuldur.
Jurnalist Nəzakət Zeynallı 2011-ci ildə "İnkişafa Doğru Qadın Təşəbbüsləri" İctimai Birliyinin qeydiyyatı üçün 3 dəfə müaciət etsə də, qeydiyyat idarəsindən yox cavabı alıb. Nəzakət Zeynallıya qeydiyyata mane olan səbəb kimi o zamanlar İrəli İctimai Birliyinin nizamnaməsindəki bənd göstərilib. Maraqlıdır ki, bir qurum eyni bəndə sahib nizamnamə ilə bir təşkilata qeydiyyat verdiyi halda digərinə bunu irad tutub. Təsisçilərindən biri dünyasını dəyişdiyi üçün N.Zeynallı 3 il qeydiyyat məsələsini gündəmə gətirmir və 2016-cı ildə təkrar müraciət edir. Bu zaman "İnkişafa Doğru Qadın Təşəbbüsləri" təşkilatının adının 2013-cü ildə təsisçilərə verildiyi ortaya çıxır. 2016-cı ildə yenidən qeydiyyat üçün müraciət edən N.Zeynallı, 3-cü imtinadakı səbəbi həyasızlıq adlandırır:
"Qeydiyyat üçün tələb olunan sənədlərdən biri olan - Kapital banka ödənilən rüsumun qəbzi Notariat və Qeydiyyat Baş İdarəsinin işçiləri tərəfindən götürülərək, sənədləri əskik göndərmisiniz" cavabı verilir.
Məhz bu cavabı vermək üçün qurum işçiləri təsisçiləri 1 ay gözlədirlər (məktuba rəsmi cavab 30 iş günü ərzində verilir). Yenidən qeydiyyat üçün müraciət etdikdə idarənin öncədən hazırlanmış şablon cavablarından biri rəsmi məktuba yapışdırılıb göndərilik. Beləliklə proses süni şəkildi aylarla uzadılır.
Bu süründürməçiliklə qarşılaşan zərərçəkən sadəcə NəzakətZeynallı deyil. "Psixososial Təlim və Konsultasiya Mərkəzi"nin rəhbəri Mehriban Əhmədova da eyni problemlə üzləşməkdə davam edir. 2012-ci ilin avgustundan təşkilatını qeydiyyatdan keçirməyə çalışan Mehriban xanım hər müraciətdə qeydiyyat sənədlərindən bəzisinin Notariat və Qeydiyyat Baş İdarəsinin binasında əsrarəngiz şəkildə yoxa çıxdığını söyləyir.
Mehriban Əhmədova Ədliyyə Nazirliyində müxtəlif bəhanələr gətirilərək qeydiyyatdan keçirilməyən təşkilatların Avropa Məhkəməsinə müraciət etdiyini bildirir. O, Avropa Məhkəməsinə müraciət etdiyi üçün ona qarşı təzyiqlərin başlanığını da etiraf edir: "Qohumlara zəng edirlər ki, "siz kimə arxalanıb dövləti Avropa Məhkəməsinə verirsiniz?!". Mehriban Əhmədovanının dövlət orqanlarında işləyən qohumlarına zəng edilərək ərizəsini geri götürməsi barədə təzyiq edilir, həmin qohumları işdən çıxarılmaqla hədələyirlər.
"Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi " İB sədri Lətafət Məlikova isə iki il müddətində qeydiyyat üçün çalışdığını, nəticə görmədikdən sonra Ali Məhkəməyə müraciət etdiyini bildirir. 2 il mübarizədən sonra təşkilat qeydə alınır. Lətafət Məlikovan bu müddət ərzində Ədliyyə Nazirliyinin qeydiyyatdan imtina üçün müxtəlif əsassız bəhanələr gətirdiyini, hətta məhkəmə qərarı olduqdan sonra təşilatın nizamnaməsini özbaşına dəyişdirdiyini qeyd edir.
Qeydiyyatına süni maneə yaradılan onlarla ictimai birlikdən biri də Natiq Salahovun həmtəsisçi olduğu "Nizami Yurdu" təşkilatıdır. Bu birlik rəsmi qaydada 3 dəfə etiraz cavabı alıb. Natiq Salahov həmtəsisçisi olduğu təşkilatın Kapital banka ödədiyi rüsumun qəbzinin Notariat və Qeydiyyat İdarəsində yoxa çıxdığını və bu səbəblə qeydiyyatdan imtina cavabı aldığını qeyd edir. Təsisçi son 4 ildə ictimai əsaslarla, heç bir donorun dəstəyi olmadan Gəncədə və regionda 70-dən çox tədbirin təşkilatçısı olduğunu vurğulayır.
Adının çəkilməsini istəməyən azərbaycanlı xanım Azərbaycandakı süni əngəllərlə qarşılaşmamaq üçün təsisçisi olduğu qadın təşkilatını qonşu Gürcüstanda qeydiyyatdan keçirdiyini vuğulayır. O, qeydiyyat prosedurunun 1 həftə ərzində başa çatdığını, hətta Nizamnamədə kiçik hərf səhvinə görə sənədlərin geri qaytarılmayaraq ağ stikerlə səhvin düzəldildiyini, heç bir süründürməçiliklə üzləşmədiyini bildirir.

Vəkil Yaşar Ağazadə bildirir ki, son 5 ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçə bilməyən 112 QHT təsisçisi məhkəmədə iddia qaldırılması ilə bağlı müraciət edib. İndiyədək qaldırılan iddiaların heç biri təmin edilməyib.

Avropa Məhkəməsinin QHT-lərin qeydiyyatı ilə bağlı Azərbaycana qarşı 3 qərarı var. Bunlar «Ramazanova və digərləri Azərbaycana qarşı», (11 yanvar 2007-ci il), «Nəsibova Azərbaycana qarşı» (18 oktyabr 2007-ci il) və “Əliyev və digərləri Azərbaycana qarşı” (18 dekabr 2008-ci il) qərarlardır. Məhz bu işlərlə bağlı Avropa Məhkəməsi Ərizəçilərin birləşmək azadlığı hüquqlarına müdaxilə olması və 1-ci iş üzrə dövlətin Ərizəçilərə 6 000 avro, 2-ci iş üzrə 3 000 avro ödəməsi barədə qərar qəbul edib.
Yuxarıda qeyd edilən 112 işdən isə 80-ə yaxın iş üzrə Avropa Məhkəməsinə müraciət olunub. Bu işlərdən 46-ı üzrə kommunikasiya başlayıb.

Yerli Məhkəmələr qərar qəbul edərkən daxili qanunvericiliklə yanaşı, Avropa Məhkəməsinin QHT-lərin qeydiyyatı ilə bağlı Azərbaycana qarşı qəbul etdiyi 3 qərarı presedent kimi tətbiq etmir. Bununla məhkəmələr ölkə prezidenti İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə xarakterli fərmanlarını icra etmir, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarını kobud şəkildə pozur. Həmin qərarda göstərilir ki, “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericilik ilə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər”.
Göstərilənlərə baxmayaraq, daxili məhkəmələr QHT-lərin qeydiyyatı üzrə bütün iddiaları rədd edir və bununla da Ərizəçilərə Avropa Məhkəməsinə müraciət etmələrinə şərait yaradır.

Vəkil Yaşa Ağazadə hesab edir ki, QHT-lərin qeydiyyatında yaradılan süni maneələrin əsas səbəbi hakimiyyətdə maraqlı qüvvələrin ölkədə müstəqil QHT sektorunun formalaşmasını arzulamamasıdır. Bu qüvvələr QHT-ləri qeydiyyata almamaq üçün ən müxtəlif bəhanələrdən, haqsız iradlardan istifadə edir, qeydiyyat orqanı olan Ədliyyə Nazirliyini bürokratik vəziyyətə və özündən yuxarı dövlət qurumlarının təsir dairəsinə salır, məhkəmələrə birbaşa təsir göstərir. Nəticədə Azərbaycanda yüzlərlə QHT qeydiyyatdan keçə bilmir, QHT sektorunun və vətəndaş cəmiyyətinin inkişafına maneçilik törədirlir, ictimai maarifləndirmə ləngiyir, ölkəyə qrant axınının qarşısını alınır, Azərbaycanın imicinə zərbə vururlur.

Nəzakət Zeynalli,
Müstəqil jurnalist
Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Şərhlər

XƏBƏR LENTİ