SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Müştəriyə "toy tutan” “Xudafərin”

Müştəriyə "toy tutan” “Xudafərin”

Tarix:

15-05-2017, 17:40

/ 83 337 dəfə oxundu.
Müştəriyə "toy tutan” “Xudafərin”

Vətəndaş öz sağlamlığının qayğısına qalırsa, aldığı və ona təklif olunan hər bir ərzağın, qidanın sertifikatını tələb etməlidir

Amma deyəsən toy sezonundan təkcə subaylar, övlad toyu görmək arzusunda olan valideynlər deyil. Həmçinin, şadlıq sarayları da ələ keçmiş bu fürsətdən yararlanmağa can atırlar. Bizneslə məşğul olmaq, ticarət aparmaq, pul qazanmaq pis iş deyil. Amma haram-halal, təmiz ticarət söhbəti var. Buna riayət edənlərə isə təəssüf ki, az rast gəlinir. Gün ərzində telekanallarda reklam olunmaqdan yorulub-usanmayan şadlıq sarayları "baş qırxıb", "cib kəsməklə" məşğuldular. Şadlıq saraylarındakı köhnə yeməklərdən, antisanitariya vəziyyətindən, yeməklərin zəhərlənmə həddinə gətirib çıxarmasından çox danışılıb. Bunlar bir yana, şadlıq sarayları artıq müştəriyə fırıldaq gəlməklə də "məşhurlaşırlar". Verilən məlumata görə "Xudafərin " şadlıq sarayında müştəri ilə əvvəlcədən əldə edilmiş razılıq pozulub və toydan sonra masada qalan yeməklər toy sahibinə verilməyib. Toy sahibinin dediyinə görə, artıq qalmış ərzaq və hazır yeməklər şadlıq sarayının anbarına daşınıb. Çox güman ki, ertəsi günə təyin edilmiş toyda camaata "toy tutmaq" üçün.

“Bir halda ki, mədəmizə ötürdüyümüz qidanın nədən ibarət olduğunu bilmirik, onu yeməyə dəyməz”

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, ölkənin baş kulinarı Tahir Əmiraslanov şadlıq saraylarında hökm sürən vəziyyətdən xəbərdar olduğunu dedi: - Dəfələrlə bu barədə demişəm ki, bəzən şadlıq saraylarında qeyri-professionallar çalışır. Evində adi xörək bişirə bilməyən şadlıq sarayında toyu yola verir. Gigiyenik qaydalara əməl edilmir, aşpazlar qida hazırlanması zamanı zəruri olan əlcəklərdən də çox vaxt istifadə etmirlər. Salat hazırlayan, həm də isti yemək bişirir. Halbuki bunlar fərqli məsələlərdir və hər birinin ayrıca hazırlayanı olmalıdır. Bunlar məsələnin görünən tərəfləridir. Görünməyən tərəfləri isə daha dəhşətlidir. Bu da məhsulun keyfiyyəti və tərkibidir. Ölkə bazarlarında, satış məntəqələrində satışa çıxarılan ərzağın tərkibini bilmirik. Bunların çoxu genetik modifikasiya olunmuş məhsullardı və onların ölkəyə gətirilməsi və satışı qadağan olunmalıdır. Bir sıra Avropa ölkələrində satışa çıxarılmış məhsulun genetik modifikasiyaya məruz qaldığı bildirilir. Qida neçə faiz gendəyişməyə məruz qalıbsa, həmin faiz qidanın üzərində qeyd edilir. Alıcı istəyirsə, alır, istəmirsə, ehtiyat edirsə, almır. Ancaq bizdə heç nə bəlli deyil. Bu barədə əhaliyə heç bir bilgi verilmir. Əhali faktiki olaraq nə yediyini bilmir. Genetik modifikasiya olunmuş, yəni geni dəyişdirilmiş qidalar bütün genetikaya təsir edir. Bununla bir millətin genetik kodunu dəyişdirmək mümkündü və xaricdə elə institutlar var ki, məhz bunun üzərində işləyir. Təsəvvür edin ki, bir məhsul, istər meyvə olsun, istər tərəvəz, günlərlə marketdə, mağazada qalır, ancaq xarab olmur. Təbii olsa, iki günün içində o çürüməyə başlamalıdı. Ancaq bunlar xarab olmur. Hamısı bir ölçüdə, bir biçimdə. Bəzən məhsulun hüceyrəsinə gümüş, yaxud hansısa başqa metal yeridirlər ki, uzun müddət qorunsun, xarab olmasın. Qidanın tərkibinin nədən ibarət olduğunu bilmək üçün xüsusi biokimyəvi laboratoriyalar fəaliyyət göstərməlidir. Məhsulun tərkibi yoxlanmalıdır. Şadlıq evinə, ya restorana gedən hardan bilsin ki, bu qidanın içində nə var. Heç restoran sahibi də aldığı ərzağın tərkibini bilmir. Bu məsələlərə hökumət müdaxilə etməlidir və qidalanmanı nəzarətə götürməlidir. Hələ biz şadlıq evlərindən danışırıq, siz gedin görün, "5 ulduzlu" hotellərdə yeməyi hansı şəraitdə bişirirlər. Hökumətsə bu işə əncam çəkə bilmir. Çünki ortadakı məmurlar, oliqarxlar buna imkan vermir. İndiyədək hansısa şadlıq evinin, restoranın fəaliyyətinə xitam verildiyi görünməyib. Küncdə-bucaqda qalmış bir-iki kafeni, dönərxananı bu gün bağlayırlar, iki gün sonra açırlar. Guya ki, səhvlər düzəldi. Əslində isə, hər şey qidanın necə bişirilməsindən və bişirilmədə hansı ərzaqlardan istifadə olunmasından asılıdır. Ət köhnədirsə, xarabdırsa, ona qazın zərəri neyləyəcək? Məhsul özlüyündə keyfiyyətsizdi. Digər tərəfdən, əhali öz sağlamlığının qayğısına qalırsa, aldığı və ona təklif olunan hər bir ərzağın, qidanın sertifikatını tələb etməlidir. Bədbəxtliyimiz bundadır ki, bizdə alıcı mədəniyyəti də formalaşmayıb. Şadlıq sarayında, yaxud da adi mağazada, bazarda satıcıdan sertifikat tələb etməyi bizim əhali ayıb sayır. Ancaq ertəsi gün həkimlərə düşüb apteklərdən paketdolusu dərman alanda heç utanmır. Kimə öz sağlamlığı əzizdirsə, sertifikat tələb etsin. Əgər sertifikat təqdim olunmursa, o zaman həmin qidadan və xidmətdən də imtina edilməlidir. Bir halda ki, mədəmizə ötürdüyümüz qidanın nədən ibarət olduğunu bilmirik, onu yeməyə dəyməz. Bəlkə bu yolla şadlıq sarayları əhaliyə keyfiyyətli xidmət göstərməyə məcbur olar, camaatımız da köhnə, istifadə müddəti ötmüş qidaları yeyib xəstəxanalıq olmaz.”

Saxta biznes

Bir müddət əvvəl "Arzu” və "Tərlan” şadlıq evində baş verən nöqsanlar barəsində məlumat vermişik. Həmin şadlıq evlərində əsas nöqsanlar məbtəxlərində sanitar vəziyyətin pis olması idi. Mətbəxdə işləyən işçilərin sanitar qaydalara əməl edilməməsi müşahidə edildi. Bundan başqa restoranlarda təşkil olunmuş məclisdəki ərzaqların realizəsi ilə bağlı fakt, salatlarında bağırsaq çöpləri yarada bilən bakteriyalar aşkar edildi. Daha sonra isə bir çox restoranlarda alkoqolsuz, sərinləşdirici içkilərin xarici marka adı altında təqdim edilməsi faktı aşkarlandı. Faktlarla əlaqədar da aktlaşdırılma, cəza tədbirləri həyata keçirilir. Standarta uyğun olmayan məhsulların satışı qadağan edilir.

Eyni hallar “Xudafərin”də də var.

Bu restoranlarda müştəriyə xidmət çox aşağı səviyyədədir. Eyni hal spirtli içkilərə də aiddi. Bizə verilən məlumata görə şadlıq evinin zirzəmisində bahalı qablara şprislə saxta araq

doldurulur. Müştərilər bunu sezməsin deyə ofisiantlara tapşırılır ki, butulkanı stola ağzı açıq halda aparsınlar. Təbii,ki məclisin əvvəlində masada olan araqlar saxta olmur. Məclis qızışandan sonra, toy əhli kefləndikcə yeni gətirilən araqlar hamısı saxta araq olur.

Vergidən yayınma

Başlıda problemlərdən biri də şadlıq evlərində çalışanlarla əmək müqavilələrinin bağlanmamasıdır. Verilən məlumata görə “Xudafərin” Şadlıq Sarayında yalnız az qism işçi ilə əmək müqaviləsi bağlınıb. Bu məsələ ilə bağlı şadlıq sarayının rəhbərliyinə sorğu ünvanlamışıq. Cavabı aldıqdan sonra araşdırma yazının davamını verəcəyik.

Azerinfo.az

Şərhlər

XƏBƏR LENTİ