SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Polis, vergi və gömrük orqanlarına yeni hüquqlar verildi

Polis, vergi və gömrük orqanlarına yeni hüquqlar verildi

Tarix:

3-05-2017, 14:54

/ 57 689 dəfə oxundu.
Polis, vergi və gömrük orqanlarına yeni hüquqlar verildi

Prezident İlham Əliyev bir neçə qanuna dəyişiklikləri imzalayaraq rəsmiləşdirib. Dəyişikliklər polis, vergi və gömrük orqanlarına yeni hüquqlar verilməsini nəzərdə tutur.

“Yol hərəkəti haqqında” qanunun 23-cü maddəsi (Yol hərəkəti təhlükəsizliyini təmin etmək tədbirlərinin maliyyələşdirilməsi) yenilənib. Dəyişikliyə əsasən, yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən daxil olan vəsaitlər müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsünü və onlardan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Vergi Məcəlləsinə tətbiq olunan maliyyə sanksiyalarından ayırmaları tənzimləyən 22-1-ci maddə əlavə edilib. Həmin maddəyə görə, vergi orqanlarının tətbiq etdiyi və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının səlahiyyətindədir.

Gömrük Məcəlləsinin 334-cü maddəsində (Digər vəsaitlər) yeniliyə əsasən, gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr, gömrük yığımları, haqq müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür və müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, həmçinin gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf olunur. Bu vəsaitlərin bölgüsünü və onlardan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

“Dövlət rüsumu haqqında” qanunun dövlət rüsumunun hesablanması və ödənilməsi qaydaları bölümündə yeniliyə görə, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərti ilə) müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin və müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.

Bütün bu yeniliklər 2017-ci il mayın 1-dən qüvvəyə minir.

Şərhlər

XƏBƏR LENTİ