SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bəzi restoranlarda qəlyana narkotik qatırlar - Deputat

Bəzi restoranlarda qəlyana narkotik qatırlar - Deputat

Tarix:

27-04-2017, 16:07

/ 111 120 dəfə oxundu.
Bəzi restoranlarda qəlyana narkotik qatırlar - Deputat

Milli Məclisdə “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, İnsan hüquqları komitəsi, Əmək və sosial siyasət komitəsi, Gənclər və idman komitəsi və Səhiyyə komitəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub. O qeyd edib ki, komitələrin müzakirələrində bir çox təkliflər irəli sürülüb və onların nəzərə alınmasının vacibliyi barədə fikir formalaşıb.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, birinci oxunuşda qəbul olunan qanun layihəsi günün ən aktual problemlərindən birinə həsr olunub:
“Sulu qəlyanlarla bağlı məsələ layihədə öz əksini tapıb. Qapalı yerlərdə də siqaret çəkilməsi məsələsi mübahisə mövzusu idi. Qanunun işlək olmasını istəyiriksə, o zaman irəli sürülən tələblərə ciddi riayət etmək lazımdır”.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, insanların əksəriyyəti tütünün ağır zərərləri haqqında məlumata malik deyillər:
“Ümumdünya Səhiyyə Təşkilatının statistikasına istinadən demək olar ki, bu gün dünyada hər 6 saniyədən bir tütün istifadəçilərindən biri dünyasını dəyişir. Bu da il ərzində 15 milyon insanın ölməsi deməkdir. Eyni zamanda, ağciyər xərçəngindən əziyyət çəkənlərin göstəricisinə baxanda görürük ki, onların sayı tütündən istifadə etməyən şəxslərdən 30 dəfə çoxdur”.
O əlavə edib ki, Azərbaycanda siqaret çəkənlərin sayı MDB ölkələrində olan rəqəmə yaxın göstəricidir: “Nə qədər qadağalar qoysaq da, siqaret çəkənlərin, tütündən istifadə edənlərin qarşısını tam ala bilməyəcəyik. Təəssüf ki, siqaret satışını məhdudlaşdırmaq istəyən ölkə olanda siqaret istehsal edən böyük şirkətlər öz məhsullarını inkişaf etməkdə olan digər ölkələrə göndərirlər. Eyni markadan olan siqaretlərin başqa ölkələrdə istehsal olunan məhsulunun keyfiyyəti heç də eyni olmur. Yəni, keyfiyyətsiz siqaretlər bazara axın edir”.
Deputat Araz Əlizadə bu gün Milli Məclisdə keçirilən “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” adlı dəyirmi masada bildirib ki, Azərbaycanda bir sıra kafe və restoranlarda sulu qəlyana gizlicə narkotik vasitə qatırlar.
O, ölkədə hər yerdə sulu qəlyanın qadağan olunmasını təklif edib:
“Bir sıra yerlərdə sulu qəlyan vasitəsi ilə ölkədə narkotikin yayılmasına şərait yaradırlar və bununla da biznesini genişləndirirlər. Ümumiyyətlə, sulu qəlyan tütündən daha təhlükəlidir, daha çox virus daşıyıcısıdır. Deyirlər ki, onu çəkən zaman müştüyü dəyişdirilir. Müştük dəyişsə də, boru dəyişmir və bu da infeksiyanın yayılmasında fəal vasitədir. Turistlərin bundan narazı qalmasından qəti narahat olmaq olmaz. Ona qalsa turistlər üçün Avropada olduğu kimi tiryəkxana da açmalıyıq?”.
Ə.Əmiraslanov qeyd edib ki, bəzi layt siqaretlərinin üzərində nikotinin az olması barədə məlumatın yazılması ona qarşı mübarizəyə problem yaradır: “Nə layt, nə də layt olmayan siqaretlərin insan orqanizminə ziyansız olması barədə verilən məlumatlar absurddur”.

Şərhlər

XƏBƏR LENTİ