SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Səhiyyə Nazirliyi xəbərdarlıq edir...

Səhiyyə Nazirliyi xəbərdarlıq edir...

Tarix:

5-04-2017, 12:51

/ 80 077 dəfə oxundu.
Səhiyyə Nazirliyi xəbərdarlıq edir...

Səhiyyə Nazirliyi özəl tibb və əczaçılıq müəssisələrinin rəhbərlərinə xəbərdarlıq ünvanlayıb.

xalqxeber.az xəbər verir ki, xəbərdarlıqda qeyd olunur ki, xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, xüsusilə də əcnəbilərin və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə Səhiyyə Nazirliyindən müvafiq şəhadətnamə əldə etmədən tibb fəaliyyəti ilə məşğul olmaları, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün tibb müəssisələrinə verilmiş lisenziyanın əlavəsində göstərilən ixtisaslardan və işlərdən kənar işlər üzrə qanunsuz tibb və əczaçılıq fəaliyyətinin həyata keçirilməsi, Səhiyyə Nazirliyi Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli Qərarı ilə təsdiqlənmiş “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na zidd olaraq xəstələrə resept yazarkən dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının (təsiredici maddə adı) əvəzinə ticarət adının yazılması, bəzi sahibkarlar və fərdi şəxslər tərəfindən ölkəyə qeyri-qanuni idxal olunmuş və dövlət qeydiyyatından keçməyən, müvafiq keyfiyyət sertifikatı olmayan dərman vasitələrinin satışı və tibdə istifadə hallarının geniş vüsət alması və bununla da əhalinin sağlamlığını ciddi təhlükəyə məruz qoyma faktları barədə Səhiyyə Nazirliyinə son zamanlar çoxsaylı müraciətlər daxil olur.

Nəzərinizə çatdırırıq ki, xarici ölkələrdə hazırlıq alan tibb işçiləri, o cümlədən əcnəbilər və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Nazirlər Kabinetinin 12 yanvar 1999-cu il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydaları”na uyğun olaraq, yalnız Səhiyyə Nazirliyi tərəfindən verilən müvafiq şəhadətnamə əsasında respublika ərazisində tibb fəaliyyəti ilə məşğul olmağa buraxıla bilər.

“Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 46-cı maddəsinin 6-cı hissəsinə əsasən özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün müəssisəyə verilmiş lisenziyanın əlavəsində göstərilən işlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, rəhbərlik etdiyiniz müəssisədə, Səhiyyə Nazirliyinin müvafiq şəhadətnaməsi olmadan xarici ölkələrdə hazırlıq alan tibb işçilərinin, xüsusilə də əcnəbilərin və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin fəaliyyətinin, həmçinin özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziyanın əlavəsində göstərilən ixtisaslardan və işlərdən kənar işlər üzrə qanunsuz tibb və əczaçılıq fəaliyyətinin, Səhiyyə Nazirliyinin “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na zidd olaraq reseptlərdə dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının (təsiredici maddə adı) əvəzinə ticarət adının yazılmasının, ölkəyə qanunsuz idxal olunmuş dərman vasitələrinin tibdə istifadəsinin və satışının dərhal dayandırılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb edilir.

Əks təqdirdə, belə hallar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli qanunun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə” Prezidentin 31.10.2014-cü il tarixli 322 nömrəli Fərmanının 1-ci bəndinə uyğun olaraq insan həyatı və ya sağlamlığına birbaşa və mühüm təhlükə və ya mühüm zərər hesab edilərək, mövcud qanunlara uyğun barənizdə müvafiq inzibati tədbirlərin həyata keçirilməsi məsələsinə baxılacaq.

Şərhlər

XƏBƏR LENTİ