SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azərsu”da müdhiş sayğaclaşma TALANI-ARAŞDIRMA

“Azərsu”da müdhiş sayğaclaşma TALANI-ARAŞDIRMA

Tarix:

18-01-2017, 16:31

/ 2 162 dəfə oxundu.
“Azərsu”da müdhiş sayğaclaşma TALANI-ARAŞDIRMA

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti şübhəli tender əməliyyatlarını davam etdirir. Bu günlərdə yayılan məlumat göstərir ki, Qorxmaz Hüseynov hətta ölkə iqtisadiyyatının ağır durumda olması faktını da nəzərə almadan, birbaşa dövlət başçısının sərəncamı ilə ayrılan pulları qohumlarına peşkəş etməkdən çəkinmir.

Belə ki, ASC-dən uzun sürən məhkəmə çəkişməsindən sonra verilən məlumatlar Q.Hüseynovun dövlət vəsaitlərini mənimsəmək üçün hansı yollara əl atdığını açıq şəkildə ortaya qoyur.
Agentliyin yaydığı məlumata görə, “Azərsu” ASC ötən il 50 min smart-sayğacın alınması və quraşdırılması barədə tender elan edib. Uzun müddət tenderə dair məlumat gizlədilsə də, agentlik onunla bağlı məlumatları əldə edə bilib. Aydın olub ki, seçim açıq tender metodu ilə Bakının Suraxanı, Xəzər və Pirallahı rayonlarında (9 min ədəd, Lot №1); Nizami və Xətai rayonlarında (9 min ədəd, Lot №2); Sabunçu rayonunda və “Bağlar” bağ massivində (9 min ədəd, Lot №3); Azərbaycanın Abşeron rayonunda, Sumqayıt şəhərində və Bakının Qaradağ rayonunda (9 min ədəd, Lot №4); Nəsimi, Nərimanov, Binəqədi, Yasamal və Səbail rayonlarında (14 min ədəd, Lot №5) yaşayış evlərində quraşdırılacaq sayğacların tədarükünü ehtiva edən 5 lot üzrə keçirilib. Sayğacların tədarükü 31 dekabr 2016-cı ilə qədər həyata keçirilməli idi.
ASC-nin məhkəmə qərarından sonra verdiyi məlumata görə, beş lot üzrə qaliblər elan olunub: İNŞAAT MMC. Əsil İnşaatçı-R MMC, Anv-İnşaatçı MMC, İnşaatçı Neftçi MMC, Hidro İnşaat servis MMC.

Həm tikinti, həm sayğaclaşma, yoxsa qayına böyük güzəşt?

İnternetdə axtarış Anv-İnşaatçı MMC haqqında nəticə verməyib. İNŞAAT MMC adlı 9 şirkət var. İkisi Şirvanda qeydiyyatdan keçib. Hidro İnşaat Servis MMC isə Q.Hüseynovun qaynına məxsusdur. İndiyədək bu şirkət “Azərsu”nun tikinti sahəsindəki çoxsaylı tenderlərinin qalibi olub. Onun sayğac təminatında iştirakına dair məlumat bu baxımdan yenilik sayılmalıdır. Görünür, Q.Hüseynov qaynının şirkətini dövlət vəsaitinin talanması mümkün olan bütün sahələrdə işlətmək niyyətindədir.
Qeyd edək ki, qalib elan edilən şirkətlər vasitəsilə sifariş Gəncə cihazqayırma zavodunda yerləşdirilib: “ “Azərsu” qeyd edir ki, mexaniki sayğacların bir ədədi ƏDV daxil olmaqla 30 manata, smart tipli sayğacların bir ədədi ƏDV-siz 110 manata alınacaq. Amma tender məlumatında mexaniki sayğaclar haqqında heç nə deyilmirdi. Bir ədədi 110 manatdan 50 min smart-sayğac tədarükü barədə tender sifarişi olduğunu nəzərə alsaq, belə çıxır ki, tenderin ümumi mənimsənilmiş məbləği 5,5 mln. manat olub. Bəs qalan 6,5 milyon manat hara gedib?”

Sayğacların qiyməti dəfələrlə şişirdilib

Maraqlıdır ki, tenderə dünya sayğac istehsalçıları dəvət olunmayıb. Turan agentliyinin Rusiya, Çin və qərb istehsalçılarının təkliflərini araşdırması “Azərsu”nun aldığı sayğacların qiymətlərinin açıq-aşkar şişirdildiyini ortaya çıxarıb. Məsələn, Rusiya istehsalı olan mexaniki sayğacların bir ədədi 7 dollar, qərb analoqları iki dəfə baha, Çin istehsalı olan sayğaclar isə cəmi bir neçə dollardır, amma sonuncular latun və bürüncdən istifadə ilə hazırlanıb və müvafiq keyfiyyət sertifikatları var.
Çin smart-sayğacları 8 dollardan başlayan qiymətlərlə keyfiyyət zəmanəti ilə təklif olunur. Bu, bir ədəd sayğacın qiymətidir. Böyük topdan sifarişlərdə qiymət xeyli aşağı düşür. Qərb analoqları iki dəfə bahadır, amma yenə “Azərsu”nun aldığı qiymətə - 65 dollara (110 manata) çatmır. “Azərsu” prezidentin mart sərəncamına qədər sayğacların hansı qiymətə alındığı haqqında suala cavab verməkdən yayınıb. “Turan”ın məlumatına görə, onların bir ədədi 200 manatdan (256 dollar), yəni qızıl qiymətinə alınırdı.

Yarım milyon əvəzinə 1 milyon sayğac

2016-cı il mayın 17-də tender qalibləri elan edilərkən dolların məzənnəsi 1 USD = 1,6 manat idi. Yəni prezidentin ayırdığı 12 mln. manat dollarla ifadə edildikdə 7,5 mln. təşkil edirdi. Bu məbləğə 1 milyon Çin smart-sayğacı almaq olardı. Bütün abunəçiləri əhatə etmək üçünsə təxminən 0,5 mln. sayğac tələb olunur. “Azərsu”nun sürəti ilə bütün abunəçilərin sayğaca keçirilməsinə və milyonlarla büdcə vəsaitinin “mənimsənilməsinə” hələ illər lazımdır. Bu gün abunəçilərin 35 faizi normativlərə görə ödəniş edir, bu isə həm istehlakçılar, həm də su tədarükçüsü tərəfindən ciddi sui-istifadələrə yol açır.
Onu da qeyd edək ki, “Azərsu”nun rayon idarələrinə sayğac üçün müraciət edən bina evlərində yaşayan əhali abonentləri aylarla sayğacla təmin olunmurlar. Müraciətlərə bir qayda olaraq, “hazırda sayğac yoxdur, olanda qoyulacaq” cavabı verilir. Çünki bina evlərində su sərfiyyatı normativlərlə hesablanandan ikiqat aşağı olur. Belə evlərə normativlə sərfiyyat hesablayıb pulunu almaq “Azərsu”ya sərf edir. Fərdi evlərdə isə sayğac olmasında ASC özü maraqlıdır – sərfiyyat bir qayda olaraq normativlərdən çox olur.

Bu talan ona gətirib çıxarır ki...

Qeyd edək ki, 2006-cı ildə prezident İlham Əliyev iki il ərzində bütün sayğacların quraşdırılması barədə sərəncam verib. Amma göründüyü kimi, sayğacların quraşdırılması üzrə dövlət proqramı olmasına baxmayaraq, “Azərsu” ASC bu tələbi yerinə yetirməyib. Aydın məsələdir ki, sayğacı qızıl qiymətinə sırıyanda ayrılan milyonlara rəğmən əhali yenə sayğacsız qalacaq.

“Azərsu”ya ayrılan pulların talanmasının nəticəsidir ki, əhali istehlakçı qrupu üzrə sayğaclaşma 61 faizdən yuxarı deyil. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə verilən məlumatdan aydın olur ki, kommersiya və sənaye istehlakçı qrupları arasında sayğaclaşma səviyyəsi 80 faiz təşkil edir.

Ölkə üzrə 2 milyon 20 min ev təsərrüfatından 1 milyon 364 mini qeydiyyatlı su istifadəçisidir ki, bunun da cəmi 836 mini sayğacla təmin olunub. Əhali qrupu üzrə sayğacı olanların sayı: 2013-cü ildə 636 min(əhali üzrə 55 faiz), 2014-cü ildə 749 min(əhali üzrə 56 faiz), 2015-ci ildə 836 min(61 faiz) olub.

Yol xəritəsində qeyd olunur ki, ““Azərsu” ASC monitorinqlər təşkil edərək, su istehlakçıları arasında sayğaclardan istifadə səviyyəsini yüksəldəcək (xüsusilə qeyri-əhali qrupu üzrə sayğacın sifarişçi hesabına quraşdırıldığını nəzərə alaraq, bu qrup istehlakçılar üzrə sayğaclaşma tam başa çatdırılacaq). “Azərsu” ASC təchizatçının seçilməsinə və tikinti işlərinin gedişatının izlənilməsinə imkan verən meyarları əhatə edən tenderlər elan edəcək, infrastruktura investisiyaların qoyulması üçün maliyyələşmə mənbələrini müəyyənləşdirdikdən sonra infrastrukturun təkmilləşdirilməsinə başlayacaq və işlərin gedişatını baş plana uyğun olaraq davamlı izləyəcək.”

Əgər “Azərsu” tender əməliyyatlarını indiyədək apardığı qaydada davam etdirəcəksə, Yol Xəritəsində nəzərdə tutulan hədəflərə çatmaq mümkün olmayacaq. ..

Davamı var.

Şərhlər

XƏBƏR LENTİ