SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vilayət Eyvazovun polislərdən tələbi

Vilayət Eyvazovun polislərdən tələbi

Tarix:

20-07-2019, 18:08

/ 897 dəfə oxundu.
Vilayət Eyvazovun polislərdən tələbi

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Əlahiddə Çevik Polis Alayında və Nazirliyin digər struktur orqanlarında vakant sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Nazirlikdən verilən məlumata görə, aidiyyatı baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri, adıçəkilən alayda baş tutmuş tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 400 iddiaçının arasından daha hazırlıqlı olan 261 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Sonra Vilayət Eyvazov Alay əməkdaşlarının xidməti şəraitinin daha da yaxşılaşdırılması istiqamətində son vaxtlar həyata keçirilən tədbirlər, əsaslı yenidənqurma və təmirdən sonra istifadəyə verilmiş yataqxanalar və inzibati bina ilə yaxından tanış olub, ümumən görülmüş işləri müsbət qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.

Daha sonra nazir brifinq zalında ƏÇPA-nın komandir heyəti ilə görüşüb. O, cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində son illər Əlahiddə Çevik Polis Alayının peşəkarlıq, mənəvi-psixoloji və fiziki hazırlıq səviyyəsinin xeyli artdığını, qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirməyə qadir olan mobil quruma çevrildiyini xüsusilə qeyd edib.

General-polkovnik V.Eyvazov Alay rəhbərliyindən əməkdaşların, xüsusən sonuncu sıra baxışından keçərək yaxın gələcəkdə xidmətə qəbul olunacaq gənc kadrların xidməti, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi işini ən vacib vəzifələrdən biri olaraq həyata keçirilməsini, ictimai təhlükəsizlik əleyhinə olan cinayətlərin və digər hüquq pozuntularının qarşısının alınması üzrə tədbirlərin daha da gücləndirilməsini, əməkdaşların qanunla müəyyənləşdirilmiş vəzifə, funksiya və hüquqlarını dərindən bilmələrinin, eyni zamanda, vətəndaşlarla ünsiyyətdə etik normalara, qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi riayət edilməsini tələb edib.

Daxili İşlər naziri əmin olduğunu bildirib ki, Əlahiddə Çevik Polis Alayının əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması üzrə vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqlar.

Şərhlər

XƏBƏR LENTİ