SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xırdalanda su böhranı yaranıb – Sakinlər etiraz edir

Xırdalanda su böhranı yaranıb – Sakinlər etiraz edir

Tarix:

18-07-2019, 21:34

/ 971 dəfə oxundu.
Xırdalanda su böhranı yaranıb – Sakinlər etiraz edir

Bir neçə gündür ki, Xırdalan rayonunda içməli su problemi yaranıb. Bununla bağlı rayon sakinləri sosial şəbəkələrdə narazılıqlarını ifadə ediblər.
“Yeni Sabah” xəbər verir ki, Xırdalan rayon sakini olan iqtisadçı ekspert Rövşən Ağayev də bu problemə öz münasibətini bildirib. Ekspert qeyd edir ki, Xırdalanda 2 gündür suyun olmaması “Azərsu”nun vecinə deyil:

“Onsuz da heç vaxt bu şirkətdən keyfiyyətli xidmət gözləmirəm. Çünki korporativ idarəçiliyin olmadığı, xidmətlər bazarında monopol olan, pis xidmət göstərəcəyi halda tenderin nəticələri ləğv olunaraq başqa şirkətə keçəcəyindən qorxusu olmayan, şəffaflıq, hesabatlılıq və ictimai iştirakçılıqla bağlı ciddi sorunları olan, dövlətdən istədiyi vaxt istədiyi qədər maliyyə alan (ya da onun zəmanətilə böyük kreditlər götürən) bir şirkət heç vaxt keyfiyyətli xidmət göstərə biıməz”.

R. Ağayev bildirir ki, su paylaşdırma şəbəkəsi bir çox Qərb ölkələrində olduğu kimi ya tender əsasında peşəkar, keyfiyyətli xidmətlə bağlı dövlət və cəmiyyət qarşısında sərt öhdəliklər götürən özəl operatora verilməli idi. Ya da Türkiyə modelində olduğu kimi yüksək ictimai nəzarət və kollektiv idarəçiliyin təmin edildiyi bələdiyyə şirkətlərinin sərəncamında qalmalı idi.

Ekspert qurumun sakinlərlə ünsiyyətində də böyük çatışmazlıqlar olduğunu vurğulayıb: “Ən maraqlısı nədir? Hətta müştəri ilə normal kommunikasiya qurmağı belə bacarmırlar. 955 Çağrı Mərkəzinə zəng etmişəm, 25-ci adam kimi qeydə alıblar, telefonun dəstəyini 15 dəqiqəyə yaxın qulağımda saxlayandan sonra növbə mənə çatıb.

Və daha maraqlısı. Hər dəfə mənə növbəmin neçənci olduğunu xatırladan "avtocavab"da bir müddət xəbərdarlığın əvvəli öz dilimizdə, sonu isə ingilis dilində gəlirdi. Məsələn, belə: "Sizin növbəniz thirteen".

Növbə 10-dan aşağı düşəndən sonra bütün cavablar azərbaycan dilinə keçdi və narahatlığın aradan qalxdığını düşünmək istəyirdim ki..

Xanım əməkdaş dedi ki, bu gün də su olmayacaq”.

Şərhlər

XƏBƏR LENTİ