SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Turistləri Azərbaycandan qaçıran səbəblər - Yolsuzluqdan bahalığadək...

Turistləri Azərbaycandan qaçıran səbəblər - Yolsuzluqdan bahalığadək...

Tarix:

12-06-2019, 09:31

/ 803 dəfə oxundu.
Turistləri Azərbaycandan qaçıran səbəblər - Yolsuzluqdan bahalığadək...

2019-cu ilin yanvar-may aylarında əcnəbilər Gürcüstanı, təxminən 3 milyon dəfə ziyarət ediblər, onlardan 1.7 milyonu turist səfərləri olub.

Məlumatı ölkənin Milli Statistika Komitəsi yayıb. Qarşıdan gələn turizm mövsümündə isə Gürcüstana səfər edəcək əcnəbilərin sayının daha da artacağı gözlənilir. Artıq həftə ərzində bu ölkəyə təyyarə reyslərinin sayı 590-a çatıb.

Gürcüstanda turistləri ən çox cəlb edən qiymətlərdir. Bu ölkəyə edilən səfərlərin sayına görə Rusiya liderlik edir. İlin ilk 5 ayında Rusiya vətəndaşı 540 min dəfə Gürcüstana səfər edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 31,4 faiz çoxdur.

Vətəndaşları ən çox Gürcüstana səfər edən ilk beş ölkə sırasında Azərbaycan ikinci yerdədir. Bundan başqa, Ermənistan, Türkiyə və Ukrayna vətəndaşları da Gürcüstanda istirahətə üstünlük verirlər.

Turistlərin əksəriyyəti pullarını qida və içkilərə, həmçinin kirayə və əyləncələrə sərf edirlər. Çox az hallarda isə qiymətli əşyalara pul xərcləyirlər. Son dövrlər əcnəbilər Gürcüstana gəzinti üçün orta hesabla 890 lari (təxminən 324 dollar) xərcləyirlər. Bu ötən ilin birinci rübündə xərclənən məbləğdən 16,1 faiz çoxdur.

2025-ci ilədək ölkə xaricindən Gürcüstana 11 milyon qonağın gəlməsi gözlənilir. Eyni zamanda turizm gəlirlərinin ən azı 6,7 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.

Göründüyü kimi, Gürcüstana turist axını pik həddə çatıb. Azərbaycanda isə turizm məhv edilir. Bunun başlıca səbəbləri isə şişirdilmiş qiymətlər və xidmət səviyyəsinin aşağı olmasıdır. Turistə xammal kimi baxmaq onları Azərbaycandan uzaqlaşdıran əsas amildir. Turizm mövsümü olmasına baxmayaraq, ötən gün Quba rayonunda aparılan müşahidələr zamanı tək-tük ərəb turist gözə dəyib. İstirahət mərkəzlərində üzləşilən xidmət səviyyəsi isə turistdə, nəinki növbəti dəfə həmin məkana səfər etməyi, hətta bir daha ora dönməmək fikrini formalaşdırır. Kafe və restoranlarda antisanitar şərait, açıq havada olan masaların üstünün çirkli olması, menyunun olmaması, bəzən menyu olsa belə orada olan yeməklərin olmaması iaşə obyektlərinin turistlərlə bərabər gəlirlərinin də itirilməsinə səbəb olur. Əslində Azərbaycanda turizm sektorunda vəziyyətin ürəkaçan olmadığı hər kəsə bəllidir. Ümumiyyətlə obyektlərdə xidmətin yüksəldilməsi, təmizlik əlavə xərc tələb etmir. Sadəcə, ölkəmizdə özünü “iş adamı” deyə tanıdan işbazların birinci məqsədi çox pul-para qazanmaq olduğu üçün bu sahədə uduzuruq...

İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan daxilindəki potensial turistlər turizm obyektlərində qiymətlərin kifayət qədər yüksək olması səbəbindən itirilir:

“Yüksək qiymətlərin ənənəvi səbəbi var, o da bu sahənin monopoliya altında olmasıdır. Məsələn, Azərbaycanda turistlər üçün gecələmə yerlərinin sayı, təxminən ölkə daxilindəki turizm potensialını sayına adekvatdır. Əgər gecələmə yerləri bir-biri ilə rəqabət aparan şirkətlərə məxsus olsaydı, normal da qiymətlər olardı. Bu qiymətlərə istirahət etmək də daha səmərəli olardı. Təbii ki, bu zaman Azərbaycan vətəndaşları xaricə üz tutmaz. Bu gün Gürcüstanda 1 həftəlik istirahət Qubada 1 həftəlik istirahətdən ucuz başa gəlir. Azərbaycanda istirahət etmək istəyən yerli əhalinin bir qismi qiymət fərqini nəzərə alır, buna görə də Gürcüstanı seçir. Xarici turistlərin də Azərbaycana gəliş səbəbi eynidir. Onlar bir neçə dəfə gələndən sonra qiymətlərin yüksək, lakin xidmət keyfiyyətinin aşağı olduğunu görürlər”.

Ekspertin qənaətincə, Azərbaycan viza rejiminin asanlaşdırılması siyasətini aparmalıdır:

“Əksər xarici ölkə vətəndaşları Azərbaycana gələrkən viza almaqda ciddi problemlərlə qarşılaşır. Vizanın verilməsində yaradılan çətinlik xarici turizmin qarşısını kəsən əsas məsələlərdən biridir. Birinci daxildə rəqabət mühiti yaradılmalıdır, ikinci, viza rejimi asanlaşdırılmalıdır. Viza rejimi tətbiq olunarkən daha çox inkişaf etmiş ölkələrin nümunəsindən faydalanmaq lazımdır. Əgər Rusiyadan gələn turist 1000 dollar xərcləyirsə, Avropa ölkələrindən gələn vətəndaş bundan 2-3 dəfə daha çox pul xərcləyir. Çünki inkişaf etmiş ölkələrin maddi vəziyyəti daha yaxşıdır, nəinki MDB ölkələrinin vətəndaşlarının. Azərbaycana imkanlı turistlər cəlb edilməlidir”.

Biz hələ müəyyənləşdirməmişik ki, Azərbaycana daha çox hansı turist seqmentini cəlb etməliyik. Azərbaycan turizmlə qarışıq formada məşğuldur”.

Akif Nəsirlinin sözlərinə görə, Azərbaycana gəlmək üçün birbaşa nəqliyyat vasitələrinin ciddi problemlər yaradan amildir:

“Məlumdur ki, bu il mayın 29-da UEFA Avropa Liqasının final mərhələsi Azərbaycanda keçirildi. Ölkəmizə gəlmək istəyən vətəndaşların çox hissəsi birbaşa təyyarə reyslərinin olmaması səbəbindən səfərdən imtina etdilər, biletlərini qaytaranlar belə oldu. Bu gün ölkəmizə təyyarə reysləri “AZAL”ın monopoliyasındadır. Hesab edirəm ki, Azərbaycanda sərnişindaşıma ilə məşğul olan çoxsaylı avia şirkətlər dəvət edilməlidir. Sərnişinlərin bu şirkətlərin ucuz reyslərindən istifadə etmək imkanları yaranmalıdır.

Gürcüstana turist axınını təmin edən bir səbəb də ölkədən təyyarə reyslərinin Avropaya çox ucuz olmasıdır. Bu gün Bakıdan Nyu-Yorka uçmaq üçün ən azı 500-600 dollar vəsait tələb olunursa, eyni səfər Gürcüstanda 4-5 dəfə ucuz, yəni 75-100 dollara həyata keçirilir. Buna görə də Azərbaycandan Avropaya uçmaq istəyən vətəndaşlar Gürcüstan hava limanının qiymətlərindən yararlanır. Bu səbəbdən Gürcüstana səfər edən xarici turistlərin sayı Azərbaycan və Rusiya vətəndaşlarının hesabına artır. Əgər Azərbaycanda da Gürcüstandakı kimi rəqabət mühiti yaradılsa, MDB ölkələrindən xarici ölkələrə getmək istəyən vətəndaşlar ölkəmizə üz tutar. Bu zaman həmin turistlər Azərbaycanın görməli yerlərini görərlər, bu da turistə imkan yaradır ki, növbəti turistik səfərlərini ölkəmizdə keçirsin”. Analitik hesab edir ki, turizm ixtisaslaşdırılmalıdır:

“Tarixi yerlər, təbiət, tarixi abidələr, bulaqlar, şəfa mənbələri turizmin ayrı-ayrı sahələridir. Turizm inkişaf etməlidir ki, biz onları ixtisaslaşdıraq. Biz hələ müəyyənləşdirməmişik ki, Azərbaycana daha çox hansı turist seqmentini cəlb etməliyik. Azərbaycan turizmlə qarışıq formada məşğuldur”.

Şərhlər

XƏBƏR LENTİ